Mahmud Kaşğari

Deyirlər ki, dahilər Yer üzünə səmadan göndərilir, hər birinin böyük Tanrı tərəfindən müəyyənləşdirilmiş fövqəladə vəzifələri olur. Onlar bəşəriyyətin mədəni-tarixi inkişafına istiqamətləndirilmiş ali əməllərin carçılarına çevrilirlər, cismən yox olsalar da, mənən əbədiyyətə qovuşurlar.
Belə müdrikləri yolunda min bir əziyyətə qatlaşdıqları xoş əməlləri yaşadır. Türk elm dünyasının şəxsiyyəti həmişə yüksək tutulan həmişəyaşar alimlərindən biri də Mahmud Qaşqaridir. Onun doqquz yüz il bundan əvvəl yaratdığı «Divan lüğəti ət-türk» («Türk dillərinin lüğəti») türk dilinin və ədəbiyyatının böyük abidəsidir. Görkəmli alim, türk leksikoqrafı, qrammatika mütəxəssisi və dialektoloqu Mahmud Qaşqarinin (Mahmud ibn əl-Həsən ibn əl Məhəmməd əl -Qaşqarinin) lüğəti sözün əsl mənasında bir türk ensiklopediyasıdır. Bu kitabda toplanmış və ümumiləşdirilmiş geniş mədəniyyət tarixi materialı, etnoqrafik və linqvistik material özünün hərtərəfliliyinə, elmi dərinliyinə görə türk xalqlarının tarixinin öyrənilməsinə xidmət edən bənzərsiz vasitədir. Bu lüğət dünya mədəniyyətinin inkişafına böyük töhfədir.

Onun 1 avqust 1226-cı il tarixli yeganə və çox qədim əlyazması İstanbulun milli kitabxanasında qorunub saxlanır. Qaşqari 700 səhifəlik monumental əsəri üzərində təqribən 15 il işləmiş və 1083-cü ildə tamamlamışdır. Dövrünün bir çox digər alimlərindən fərqli olaraq lüğəti ərəb dilində deyil, türk dilində yazmışdır. Bu əsərdə XI əsr türk qəbilələrinin həyatından dəyərli məlumat yetərincədir. Qaşqari əsərinin necə ərsəyə gəlməsi barədə belə yazmışdır: «Mən hələ uşaqlıqdan türk qəbilələrinin dillərinə, folkloruna və etnoqrafiyasına maraq göstərmişəm. Böyüyəndən sonra uzun müddət türklərin məskunlaşdığı əraziləri gəzmiş, sözləri, əfsanələri, adətləri, tapmacaları və atalar sözlərini qələmə almışam. Türklərin, türkmənlərin, oğuzların, qırğızların və digər qəbilələrin dillərini yazıya almış, müxtəlif şəhərlərdə yaşayanların tələffüzlərini oyrənmişəm. Bunu həmin dilləri bilmədiyimə görə etməmişəm, məramım müxtəlif qəbilələrin işlətdiyi sözlərin mənasına və formasına aid incə çalarları müəyyənləşdirmək olub.

Mahmud Qaşqari sonralar toplamış olduğu linqvistik, etnoqrafik və tarixi materialları sistemləşdirmiş və nəticədə „Türk dillərinin lüğəti“ meydana gəlmişdir. Xəlifə əl-Muktadiyə həsr olunmuş həmin lüğətdə türkdilli xalqların folklorunun əsas janrları — mərasim və mahnıları, qəhrəmanlıq dastanları, makedoniyalı İskəndərin türk çiqillərin yaşadıqları əraziyə yürüşü barədə tarixi rəvayət və əfsanə təqdim olunmuşdur. Bütün bunlardan əlavə, lüğətdə anatomiyaya, tibbə, veterinariyaya, astronomiyaya, coğrafiyaya, etnoqrafiyaya dair məlumatlar, 400-dən artıq atalar sözləri, zərbi-məsəllər, şifahi hakimanə sözlər verilmişdir.
Qaşqarinin kitabında verilmiş bəzi məqamlarla tanışlıq onun fəlsəfi görüşləri haqqında təsəvvür yaradır. Məsələn, Qaşqari yazır ki, „Zaman insanı tələsdirir, onun gücünü alır, dünyanı az qala ərənsiz qoyur. Zamanın gücü bundadır, hamını bu qismət gözləyir. Əgər dünya dağları da hədəfə alıb oxunu atsa, dağların zirvələri də ovulub tökülər“.

»Mənim övladım, sənə mən öyüd-nəsihət irsi qoyub gedirəm, çalış ki, həmişə və hamıya yaxşılıq edəsən".
"İnsanın var-dövləti onun düşmənidir. Sərvət toplayan hər kəs bilməlidir ki, onun sərvəti bir qaya parçasına çevrilib öz sahibini daim aşağılara sürükləyir. Dövlət adamın axır ki, evini yıxır, onu pis günlərə qoyur. Belələri sərvət görən kimi, qrifə( qartal başlı, aslan bədənli qanadlı əjdahaya) dönüb sərvətin üstünə cumur, gizlədib saxlayır, özü də istifadə etmir, başqalarına da heç nə vermir, elə hey qızıl, daş-qaş yığır. Belələri Allahdan qorxmur, övladlarını, qohumlarını bu sərvətə qurban verməyə də hazır olur cahil sərvət sahibləri". «Covmərd olmağa çalış, lovğa olma».
Mahmud Qaşqarinin «Divan»ı erkən dövrün yeganə türk dialektologiyası abidəsidir. Ərəb filologiyasının elmi metodlarının tətbiqi ilə yazılmış bu əsər dilçilər, folklorçular və ədəbiyyatşünaslar üçün son dərəcə qiymətlidir.

Mahmud Qaşqarinin əsəri iki hissədən ibarətdir. O, birinci hissədə kitabının məqsədi barədə söz açır, türk dilində danışan qəbilələr haqqında məlumat verir. Kitabın ikinci hissəsində türk ləhcələri lüğəti yer alır, zərbi- məsəllər, şifahi xalq yaradıcılığı nümunələri verilir.
«Türk dili lüğəti» bizə suriyalı Məhmməd ibn Əbubəkrin sayəsində gəlib çatmışdır. O, Qaşqarinin vəfatından 200 il sonra əsərin üzünü köçürməyə nail olmuşdur. Həmin lüğət 1904-cü ildə Macarıstan Elmlər Akademiyası tərəfindən nəşr olunmuşdur. Qaşqarinin türkologiyaya dair üçcildlik əsərinin 1915-1917-ci illərdə İstanbulda işıq üzü görməsi elm aləmində böyük hadisəyə çevrilmişdi. Qaşqarinin lüğəti 26 dilə tərcümə olunmuşdur.

Mahmud Qaşqarinin həyatı və yaradıcılığı haqqında geniş məlumat yoxdur. 1029 və 1030-cu illər arasında doğulduğu təxmin edilir. Ərəb tarixçisi İbn-əl-Asarinin məlumatına görə, o, XI əsrdə Mərkəzi Asiyada hakimlik etmiş Qaraxanilərin Şərqi Türk xaqanlığı sülaləsinin nəslindəndir. Mahmudun atası Hüseyn ibn Məhəmməd Mavərənnəhri istila etmiş Boqra xanın nəvəsidir. Onun vaxtilə yaşadığı Balasaqun şəhərinin xarabalıqları Qırğızıstanın paytaxtı Bişkek şəhərinin yaxınlığındadır. Gələcəyin böyük aliminin anası Bibi Rəbiyyə xanım öz dövrünün mükəmməl savadlı qadınlarından olub.

Mahmud ibtidai təhsilini ailə şəraitində almışdır. Qaraxanilər nəslinin ali mühitində böyüyb başa çatan Mahmud orta və ali təhsilini Qaşqar şəhərinin ən yaxşı məktəblərində alandan sonra Buxara və Nişapurda oxumaqla elmi biliklərini daha da dərinləşdirmişdir. Tədris prosesində fəlsəfəni, məntiqi, ədəbiyyatı, hüquq elmini, tarixi, ilahiyyatı, riyaziyyatı, astronomiyanı, tibbi və digər elmləri dərindən öyrənmiş, ərəb və fars dillərini mükəmməl mənimsəmişdir. Kübar ailədən olan digər cavanlar kimi, Mahmud Qaşqari də müxtəlif hərbi hazırlıq növləri ilə məşğul olmuşdur. Qaşqari 29 yaşında ikən ölkəsində hakimiyyət uğrunda baş vermiş qanlı hadisələr zamanı təqiblərə məruz qaldığından Qaşqarı tərk etmək məcburiyyətində qalaraq qürbətə getməli olmuşdur. Axırda Bağdadda yaşamalı olan Mahmud universitetdə fəaliyyətə başlamış, elmlə məşğul olmaqla yanaşı, bir çox istedadlı tələbələr də hazırlamışdır. 89 yaşında ikən vətəninə qayıdan Qaşqari 97 yaşında dünyasını dəyişmişdir. Onun dəfn olunduğu mavzoley görkəmli alimlərin ziyarət etdiyi mübarək yerə çevrilmişdir. Gələn alimlər ən yaxşı kitablarını bu mavzoleydə böyük hörmət əlaməti olaraq qoyub getdiklərindən mavzoleyin ətrafı bir növ zəngin kitabxanaya çevrilmişdir. Dahi sənətkarlar ölmür, əbədiyyətə qovuşurlar.

Mənbə: AZƏRBAYCAN qəzeti
Müəllif: Arif HÜSEYNOV

0 şərh