Böyük Səlcuq imperiyası
XI əsrin ortalarında Yaxın və Orta Şərqin tarixində çox mühüm bir hadisə olan Böyük Səlcuq imperatorluğunun əsası qoyuldu. Səlcuqlar oğuz türklərinin üç ox qolunun Qınıqboyuna mənsub idilər. Bu tayfa öz adını Dukak bəyin oğlu Səlcuğun adından götürmüşdü. Oğuz dövlətində subaşı (türk dövlətlərində çox da böyük olmayan hərbi dəstənin başçısı; sülh vaxtı şəhərlərdə və qalalarda asayişə nəzarət edən rəis) Səlcuq bəyin Oğuz yabqusu ilə münasibətləri pisləşdiyi üçün öz tayfasını toplayaraq, Seyhun (Sırdərya) çayının sol sahilində yerləşən Cənt şəhərinə gəlmişdi. Bu narazılığın əsas səbəbi yaşadıqları ərazinin səlcuqlar üçün darlıq etməsi idi. Səlcuq İslam dinini qəbul etdi və Oğuz yabqusuna illik xərac verməyi dayandırdı. Bu hadisə Səlcuğun nüfuzunu daha da artırdı. Səlcuq türkləri burada Qaraxanlılarla toqquşdular. Bu mübarizdə onların müttəfiqi Samanilər idi. Samanilər dövlətinin dağılmasından sonra təklənmiş oğuzlar Qaraxanlıların asılılığını qəbul etməyə məcbur oldular.
Ardı →