Vərəm ocaqlarında işin təşkili

Vərəm infeksiyası ocaqlarında müntəzəm sürətdə sağlamlıq işlərini vərəm dispanserləri və ya poliklinikaların yanındakı kabinetlər (kənd yerində) aparır. Vərəmli xəstənin yaşadığı bina, çox vaxt ayrıca mənzil, şərti olaraq vərəm infeksiyası ocağı adlanır. Vərəm dispanserinin sahə həkimi xəstəyə baş çəkir, xüsusilə xəstəlik başlayanda, lakin vərəm ocağında əsas işi - profilaktika, sanitar-epidemioloji işi dispanserin sahəyə təhkim edilmiş patronaj tibb bacısı aparır. Hər ocağın özünün epidemioloji xüsusiyyətləri olur; nisbətən sakit və salamat ocaqlarla yanaşı elə ocaqlar da olur ki, orada infeksiya təhlükəsi çox böyükdür. Daimi basilgəzdirənlər daha davamlı kütləvi infeksiya ocaqlarıdır.
Vərəm mikobakteriyalarının çox davamlı ştammlarını gəzdirən basilgəzdirənlər daha qorxuludurlar, çünki bu ştammlar yoluxduqda vərəmin çətin sağalan formaları əmələ gələ bilər. Vərəm ocağının qiymətləndirilməsində xəstənin ailə üzvləri, xüsusilə uşaqlar, onların sayı və yaşı, xəstə ilə yaxından təmasda olması, peyvəndlərin və təkrar peyvəndlərin vaxtlı-vaxtında keçirilməsi mühüm şərtdir. Bütün bunlar vərəm dispanserində işləyən sahə tibb bacısının vəzifəsinə daxildir.
Vərəm dispanserinin sahə (patronaj) tibb bacısı vərəm ocağına birinci dəfə sahə ftiziatrı (vərəm həkimi) ilə birlikdə gedir. Onlar ocağın xüsusiyyətləri ilə tanış olur və aparılacaq sağlamlıq işini planlaşdırırlar. Vərəm ocağına getməyin sayı ocağın epidemioloji xüsusiyyətlərindən asılıdır, lakin tibb bacısı hər vərəm ocağında ayda azı bir dəfə olmalıdır.
Tibb bacısı ailənin yaşayış şəraitini, xəstənin iş şəraitini, otağın sanitariya-gigiyena vəziyyətini, otağın sanitariya mədəniyyətini və ailədə özünü necə aparmasını əvvəlcə gündəliyə, sonra isə vərəm dispanserinə sahə tibb bacısının vərəqinə yazır. Tibb bacısı xəstənin ailəsində həmişə sanitariya-maarifi işi aparmalıdır. O, xəstənin özü və onun ailə üzvləri ilə vərəm xəstəliyinin mahiyyəti, onun müalicə metodları barədə söhbət aparır, onlara əsas gigiyena və rejim qaydalarına əməl etməyi öyrədir. Tibb bacısı söhbəti çox təmkinli aparıb xəstənin və onun ailə üzvlərinin etimadını qazanmağa çalışmalıdır. Basilgəzdirən xəstələrin əksəriyyətini xəstəxanaya qoymaq olar, evdə isə onların otağı ayrı olmalıdır. Evdə buna imkan yoxsa tibb bacısı ailə üzvlərini elə yerləşdirir ki, xəstənin otağında ancaq böyüklər olur. Xəstənin çarpayısı, qab-qacağı ayrı olmalıdır; xəstə yedikdən sonra qab-qacağı zərərsizləşdirib yuyurlar. Xəstəyə ayrıca dəsmal, alt paltarı verir və bunları ayrı saxlayırlar, bunları ancaq zərərsizləşdirdikdən sonra yuyurlar. Ümumi otaqda xəstənin çarpayısının yanında metal karkasa asan yuyulan parça çəkilmiş şirma qoymaq tövsiyə edilir.
Kanalizasiyası olan mənzillərdə bəlğəmi 5 %-li xloraminlə dezinfeksiya edib kanalizasiyaya axıdırlar. Tibb bacısı vərəm ocağında həmişə xloramin olmasına cavabdehdir. Kənd yerində bəlğəmi kağıza töküb peçdə yandırmalı. Bəlğəmi xəstə özü toplayıb zərərsizləşdirməlidir. Lakin onun vəziyyəti ağırdırsa, bunu tibb bacısının nəzarəti altında onun yaşlı qohumları edir.
Xəstənin otağında toz olmamalıdır; bunun üçün otağı gündə iki dəfə yaş süpürgə ilə süpürür, döşəməni yuyur və ya silir, otağın havasını dəyişirlər. Yumşaq mebelə örtük çəkilsə yaxşı olar, çünki onu çıxarıb yumaq asandır.
Vərəmli xəstə özünü uşaqlarla çox ehtiyatla aparmalı, onları öpməməli, ümumi burun yaylığından, əl-üz dəsmalından istifadə etməməlidir; bütün bunlara əməl etməsini xəstədən dispanserin patronaj tibb bacısı tələb etməlidir. Xəstənin uşaqlarının sanatoriya tipli körpələr evinə və uşaq bağçalarına düzəldilməsində xəstəyə kömək etmək də tibb bacısının vəzifəsinə daxildir.
Vərəmli xəstə anaya uşağını əmizdirməyə icazə verilibsə o, uşağı əmizdirəndə üzünə tənzif maska taxmalı, qabaqca əllərini sabunla yumalıdır.
Vərəmin yayılmış forması olan xəstələr evdə qalmamalı, stasionara qoyulmalıdırlar.
Vərəmli xəstənin otağı, xəstə başqa yerə köçdükdən sonra da vərəm infeksiyası mənbəyi ola bilər, çünki vərəm mikobakteriyaları virulentliyini və yaşama qabiliyyətini uzun müddət saxlayır. Basilgəzdirən xəstə otağı boşaldan kimi axırıncı dezinfeksiya aparırlar, bundan məqsəd otağı, avadanlığı və xəstənin istifadə etdiyi şeyləri tamam zərərsizləşdirməkdir. Xəstəni aparan kimi tibb bacısı dezinfeksiya bürosuna və ya sanitariya-epidemioloji stansiyaya dezinfeksiya aparılacaq vərəm ocağının (evin) xarakteri və ölçüsü, habelə dezinfeksiyanın vaxtı barədə məlumat verir. Sahə tibb bacısı nəzərdə tutulan vaxt xəstənin olduğu evə gəlir və dezinfeksiya qurtarana qədər burada olur. O, xəstənin ailə üzləri ilə söhbət aparıb dezinfeksiyanın lüzumunu və əhəmiyyətini izah etməli, həmçinin dezinfeksiyanın səliqə ilə aparılmasına, otaqdakı əşyaların, mebelin və s. korlanmamasına nəzarət etməlidir.
Axırıncı dezinfeksiyada əsas zərərsizləşdirmə üsulları bunlardır:
a) yüksək temperaturdan yerli istifadə etmək (dəyişəyin, sarğı materiallarının, qab-qacağın, əskilərin qaynadılması
b) kamerada aparılan dezinfeksiya (yataq ləvazimatı, üst və alt paltar);
c) kimyəvi maddələrdən istifadə etmək (bəlğəmi, dəyişəyi, qab-qacağı, ev müxəlləfatını və mebeli zərərsizləşdirmək üçün). Birinci növbədə epidemioloji baxımdan daha vacib şeyləri (ifrazatı, dəyişəyi, qab-qacağı) zərərsizləşdirirlər.
Kimyəvi müalicə və kimyəvi profilaktika evdə dispanserin tibb bacısının nəzarəti altında aparılır. Sahə ftiziatrının təyin etdiyi müalicə üç mərhələyə bölünür: xəstəxanaya qədər, xəstəxanadan sonra və profilaktika müalicəsi (yazda, payızda). Sahənin tibb bacısı kimyəvi dərmanları vərəm dispanserindən alır və həkimin təyin etdiyi bütün dərmanları xəstənin qəbul etməsinə nəzarət edir. Kimyəvi dərmanlarla aparılan müalicəyə dair bütün məlumatlar dispanserdə xəstəlik tarixinə yapışdırılmış xüsusi vərəqəyə köçürülür. Sahə həkimi xəstənin kimyəvi dərmanları vaxtlı-vaxtında almasından şübhələnərsə, sidiyin keyfiyyət analizi onun şübhələnməyə əsası olub-olmamasını göstərəcəkdir.
Vərəm dispanserlərinin yanında gecə növbəsində işləyən vərəmli xəstələr üçün gündüz stasionarları vardır, burada onlar müvafiq sanitar-gigiyena və pəhriz rejiminə əməl etməklə vaxtlı-vaxtında pulsuz yeyir, tibb bacısının nəzarəti altında kimyəvi dərmanlar qəbul edirlər, həmçinin ancaq gündüz növbəsində işləyən xəstələr üçün də həmin prinsiplə işləyən gecə sanatoriyaları vardır.

1 şərh

IDEAL
Tomas Morun «Utopiya» ını  xatırladım. Yəni bütün bu diqqət Azərbaycandakı xəstələrə göstərilir?