Məktəb həyatı...Həyat məktəbi

Samuel Butler;  «Yaşamaq, çoxluq qarşısında tək başına skripka çalmaq kimidir, skripka çalmağı da skripka çalarkən öyrənməkdir»- deyər. Bir çoxumuzun, «necə yaşamalı?» sualının cavabını yaşayarkən öyrənməmizin  gözəl bir izahıdır.
Həyatımız iki etaplı bir oyuna  bənzəyir. Birinci etap  məktəb həyatı, ikinci etap isə  həyat məktəbi dövrüdür. Ortalama insan ömrünün 70 il sayıldığını nəzərə alsaq,  ömrümüzün dörddə biri məktəb həyatında,  dörddə üçü həyat məktəbində keçir.
Məktəb həyatı  bitincə həyat məktəbi başlar. Hər nə qədər məktəb həyatının məqsədi  insanı  həyat məktəbinə hazırlamaq olsa da, bir çox alimin haqlı olaraq bildirdiyi kimi; «həyat məktəbində ən çox lazım olan məlumatlar, məktəb həyatında öyrədilməyənlərdir.»
Məktəb həyatında, «Həyat bilgisi» dərsi  olduğu  halda, həyat məktəbində bildiklərimiz niyə köməyə gəlmir?  Çünki məktəblər bizi həyata deyil, imtahanlara hazırlayır. Gündəlik həyat bacarıqları qazandırmaq üçün deyil, akademik məlumat toplamaq üçün çalışır. Buna görə məktəb həyatı ilə həyat məktəbi arasındakı fərqlərdən  çaşqın biri oluruq.

Məktəb həyatı ilə həyat məktəbi arasındakı 7 əsas fərq bunlardır:
1.  Məktəb həyatında imtahanlar, əvvəlcədən xəbər verilərək edilir və qiymətimiz  üzümüzə deyilir. Halbuki həyat məktəbində insanlar bizi xəbərsizcə «imtahana çəkir» və mühakimələrini, ümumiyyətlə gizli saxlayırlar.
2.   Məktəb həyatında izah edilməyən mövzudan sual  soruşulmur, həyat məktəbində sual  oluna biləcək hər mövzuya  hazır olmalısınız.
3.  Məktəb həyatında  qiymətiniz «obyektiv» rəqəmlərlə qiymət kitabçanıza  yazılardı. Halbuki həyat məktəbində, subyektiv  mühakimələrlə «qiymətləndirilirik».
4.  Məktəb həyatında sualların tək doğru cavabı var idi. Həyat məktəbində adama görə dəyişən doğru cavabları  bilməlisiniz.
5.  Məktəb həyatında olduğumuz sinifdən daha aşağı  sinfə qayıtmaq olmur. Həyat məktəbində müvəffəqiyyətsiz olduqda  " aşağı siniflərə qayıtmaq" mümkündür!
6.  Məktəb həyatında əvvəl dərslərimizi öyrənər,  sonra imtahana girərdik. Həyat məktəbində əvvəl imtahana çəkilib sonra «dərsimizi alırıq».
7.  Məktəb həyatında bir  dərsdən sinifdə qalanlara  "əlavə imtahan haqqı" verilərdi. Həyat məktəbində bir fürsəti qaçırıb son vaqona  minməyənlər üçün  "əlavə fürsət haqqı”  yoxdur.
İstifadə qaydalarını bilmədən gəlirik həyata. Necə yaşayacağımızı yaşayarkən öyrənirik.
Yaşamaq istədiyimiz həyat,  yaşadığımız həyat  və  yaşamalı olduğumuz həyatın daxili bucaqlarının cəmindən  qarışıq bir həyat çıxır qarşımıza.
Fransız filosof Jan Jak Russo deyir ki;  «Bir çox insan riyaziyyatın qanunlarını bilər və gözəl sənətlərin bir çoxunda bacarıq sahibidir. Lakin çox  insan həyatı idarə edən qanunlarla,  “yaşamaq sənəti”  deyilən  vacib sənət haqqında az şey bilir.»
Bir insan təyyarə  düzəldə  bilər və onunla bütün dünyanı  səyyahət edər. Lakin necə xoşbəxt, uğurlu və məmnun olunacağını öyrədən o sadə sənəti bilmir. Sənətləri öyrənərkən siyahının ən başına  “yaşamaq sənəti”ni  qoymağı unutma! 
Məktəb həyatında müvəffəqiyyətli ola bilən biri, niyə həyat məktəbində eyni nisbətdə müvəffəqiyyətli ola bilmir?
Mənə ən çox  verilən  suallardan biri, «məktəb həyatında müvəffəqiyyətli olanlar niyə həyat məktəbində də  müvəffəqiyyət əldə edə bilmirlər?» Bəli, zirvədə gördüyümüz insanların əksəriyyəti imtahan birincisi deyil. Ən çox uğur qazanan iş adamları,  qalib  idmançılar, ən çox səs toplayan siyasətçilər, ən çox oxunan yazıçılar, ən çox bəyənilən  televiziya  ulduzlarının çoxu imtahan birincisi deyil.  Bəs bu necə olur?
Bu  sualın  cavabı çox sadədir. Məktəb həyatında müvəffəqiyyət əldə etmək  üçün bir-birindən fərqli sahələrdə,  yəni  tarixdən  riyaziyyata,  idman dərsindən  fizika dərsinə qədər hər sahədə  çox yaxşı olmanız lazımdır. Halbuki, həyat məktəbində, yalnız bir sahədə çox yaxşı olmağınız kifayətdir. Çox yaxşı bir futbolçu, riyaziyyatı bərbad olsa da, ölkəsinin yaxın tarixini bilməsə də yenə yaxşı bir futbolçudur.

Qısacası,  məktəb həyatında dörd səhv bir doğrunu aparır. Həyat məktəbində isə bir doğru dörd səhvi!
Bir işdə ölkə səviyyəsində ən yaxşı olduğunuzda, bu  müvəffəqiyyətiniz, baxan gözləri  qamaşdırıb  təəccüb doğuraraq, digər qüsurlarınızı örtər. Qüsurlarınız çox gözə batırsa, «gözqamaşdırıcı» bir iş bacarmanın vaxtı gəlmişdir!



Müəllif: M.Sekman
Tərcümə etdi: Axundova Təhminə 

10 şərh

Qını
çox maraqlıdır, oxumağa dəyər. gözəl də tərcümə edilib, halaldı
Medikamentoz
Qısacası,  məktəb həyatında dörd səhv bir doğrunu aparır. Həyat məktəbində isə bir doğru dörd səhvi! 
Qını
maraqlı fikirdir, 
Medikamentoz
M.Sekman-belə deyib.
Kenan_Elxanoglu
Bir şey çətindir ki, məktəb həyatında müəllimlər və dərsliklər var, həyat məktəbində «müəllimlər» olsada dərslik məsələsi bir az qəlizdir.Bir atalar sözü var: «Uşaq yıxıla-yıxıla böyüyər» Məncə təkcə uşaqlar  yox, elə böyüklər də yıxıla-yıxıla böyüyür.
 
fatmajafarova
amma y;x;landa həmişə izi qalır.necə yıxılmağından asılı olaraq.
azadmamedov90
omur otur kecir aram aram...11il+4il+xidmet+praktika=hec ne...?bes sizce nece olmalidir?
SaGo
 Məktəb həyatında izah edilməyən mövzudan sual  soruşulmur, həyat məktəbində sual  oluna biləcək hər mövzuya  hazır olmalısınız.
azadmamedov90
mesele de ele budur, bu qeder tehsil aldiqdan sonra ish olmayandan sonra o tehsil neye?
24199601

Ən çox xoşuma gələnlər:

«həyat məktəbində ən çox lazım olan məlumatlar, məktəb həyatında öyrədilməyənlərdir.»

«Yaşamaq istədiyimiz həyat, yaşadığımız həyat və yaşamalı olduğumuz həyatın daxili bucaqlarının cəmindən qarışıq bir həyat çıxır qarşımıza.»