Uğur qazan!

İkinci dünya müharibəsindən sonra iki yüz mindən artıq fransız hafizələrini itirmiş şəkildə Parisə geri qayıtmışdı. Əsir düşərgələrində elə pis işgəncələrə məruz qalmışdılar ki, adlarını belə xatırlaya bilmirdilər. Tibbi qeydlərdən sadəcə otuz iki nəfərin kim olduğu anlaşılmışdı. Buna görə digərlərinin şəkilləri ölkədəki bütün qəzetlərin ilk səhifələrində yayımlanmış və qohum-əqrəbalarının müəyyən bir gündə Parisdə toplanmaları istənmişdi.
Təyin edilmiş gündə meydan insanlarla dolmuşdu. Hər kəs yaxınını görmək intizarında idi. Anidən meydanda sakitlik hakim oldu. Və əsirlərdən biri səhnədə göründü. O, ağır addımlarla önə doğru gəldi və yüksək səslə soruşdu: "Aranızda mənim kim olduğumu bilən varmı?"

İndi mən bu sualı sizə soruşuram. Kim olduğunuzu bilirsinizmi? Nələrə qadir olduğunuzu düşünmüsünüzmü? Böyük potensiala malik olduğunuzdan, sizi müvəffəqiyyətə götürəcək cövhərlərlə zəngin olduğunuzdan və böyük işlər bacara biləcəyinizdən xəbərdarsınızmı?

Təəssüf ki, "hə" deyəcək insanların sayının az olacağından əminəm, çünki böyük əksəriyyətimiz nələrə qadir olduğumuzdan bixəbərik. Əsilsiz qəbullanmalarımıza ram olmuş, özümüzü heç bir şey ola bilməyəcəyimizə və məhrumiyyətlərimizə inandırmışıq. Eyni fillər kimi...
Bir fil bir tonluq yükü xortumu ilə rahatca qaldıra bilər. Ancaq sirklərdə onların başqa yerə getməmələri məqsədilə kiçik bir taxta dirəyə bağlandıqlarını bilirdinizmi?
Filləri hələ kiçik və gücsüz olarkən ağır bir zəncirlə hərəkətsiz bir dəmirə bağlayırlar. Nə qədər güc sərf etsələr də, zəncirlərini qırmağa müvəffəq olmayan fillər, nəhayət dəmir dirəyi yerindən hərəkət etdirə bilməyəcəklərini qəbul edirlər. Sonralar fillər nə qədər böyük və güclü hala gəlirlərsə, gəlsinlər, yanlarında duran dirəyi gördükləri müddət ərzində hərəkət edə bilməyəcəklərinə inanırlar.
uğurun açarını tapİnsanların çoxu da fillər kimi davranırlar. Mənasız düşüncələr və aksioma halına gətirdikləri nəticələrə həbs olub, öz qoyduqları məhrumiyyətlərin çərçivəsindən kənara çıxa bilmirlər.

Ya siz, müəyyən etdiyiniz məhrumiyyətlər çərçivəsindən çıxmağa hazırsınızmı? Zənn etmirəm. Fikrimlə razılaşmırsınızsa aşağıdakı araşdırmaya nəzər yetirin.
"Taym" jurnalı apardığı sorğu nəticəsində "Liderlər və inqilabçılar", "İncəsənət xadimləri", "Qurucular", "Alimlər və mütəfəkkirlər" və "Qəhrəmanlar" kateqoriyaları üzrə əsrin ən məşhur yüz nəfərini müəyyənləşdirdi. 100 ilə damğasını vuran 100 nəfər.
Bunlardan sadəcə "Qurucular" kateqoriyası üzrə ən məşhurlar nəzərinizə çatdırmaq fikrindəyəm.

XX ƏSRİN ƏN BÖYÜK QURUCULARI VƏ TƏŞƏBBÜSÇÜLƏRİ

1. Stefen Beçtel. İnşaat sektorunun ən məşhur şirkəti "Betçel Korporasiyası"nın qurucusu.
2. Leo Burnett. Dünyanın ən tanınmış reklamçısı və "Leo Burnet Uorldvayd" şirkətinin qurucusu.
3. Uillis Carrier. Hava kondisionerləri, isitmə və dondurma sistemləri istehsalı üzrə dünyanın ən böyük şirkətlərindən biri olan "Karrier Korporasiyası"nın qurucusu və hava kondisionerlərinin ilk ixtiraçısı.
4. Uolt Disney. "Uolt Disney Korporasiyası"nın qurucusu animasiya multimediasının ilk imperatoru.
5. Henri Ford. "Ford Motor" şirkətinin qurucusu və avtomobil dünyasının bir nömrəli adamı. İlk dəfə kütləvi maşın istehsalı prosesini tətbiq edən və işçilərə yüksək məvacib verərək ABŞ-da orta təbəqə əhalinin formalaşmasında önəmli rol oynayan insan.
6. Bill Qeyts. 46.5 milyard ABŞ dolları mal varlığı ilə dünyanın ən zəngin adamı və mikrokompüter sahəsinin pionerlərindən olan "Microsoft” şirkətinin qurucusu.
7. Amadeo Qiannini. "Bank of America"nın qurucusu və bir çox müasir bank əməliyyatlarının təşəbbüsçüsü.
8. Rey Krok. Makdonald qardaşlarının 1940-cı ildə açdıqları restoranı alıb və 1955-ci ildə "Makdonalds Korporasiyası"nı quraraq, "fast-food" sənayesində inqilab yaradan adam.
9. Este Lauder. Parfümeriya və kosmetika sahəsində dünyanın ən nəhəng şirkətlərindən biri olan "Este Lauder" şirkətinin qurucusu.
10. Uilliam Levitt. Müasir amerikan suburbanizasiyasının atası hesab edilən adam.
11. Luis B. Mayer. Dünyanın ilk kino rejissorlarından biri.
12. Laki Lusiano. Müasir cinayət sindikatının atası hesab olunan insan.
13. Çarles Merril. "Merril Linç" şirkətinin qurucusu və amerika xalqının səhmdar xalq olmasında önəmli rol oynamış insan.
14. Akio Morita. "Soni" şirkətinin güvənli marka olmasında böyük rolu olan iş adamı və volkmenin ixtiraçısı.
15. Ualter Reuter. İşçi haqqlarının müdafiəsi naminə çalışan və bu kontekstli hərəkatlara öndərlik etmiş adam.
16. Pete Rozelle. Milli futbol liqasının dünyanın ən məşhur idman oyunları liqası olmasında mühüm rolu olan insan.
17. David Sarnoff. "Radio Corporation of America" şirkətinin idarəçilərindən biri.
18. Juan Trippe. Hava limanı sahibi və bu sahənin pionerlərindən biri.
19. Sem Uolton. ABŞ-ın pərakəndə satışla məşğul olan nəhəng şirkəti "Wal-Mart"ın qurucusu.
20. Tomas Uotson. "İBM"in qurucusu və vəfat etdiyi zamanlarda dünyanın ən böyük satıcısı hesab olunan adam.
21. ___________.
Boşluğa adınızı yazın. Bu sizsiniz. Böyük bir sərvətin və nəhəng bir şirkətin sahibisiniz. Sahənizdə tayı-bərabəri olmayan yek mütəxəssissiniz. Və budur, son model "Rolls Roys"unuzdan aşağı endiniz. Bir anda ətrafınızda media nümayəndələri, yoldan keçən insanlar toplandı. Siz heç kəsə fikir vermədən əmin addımlarla kitab evinə daxil oldunuz. Böyük oxucu kütləsinin marağını cəlb edən  "Müvəffəqiyyətə Gedən Yol" adlı kitabı almaq idi məqsədiniz. Kitabı əlinizə götürüb səhifələdiniz. "Əsrin ən böyük qurucuları və təşəbbüsçüləri" başlıqlı yazıda öz adınızı gördünüz. Sizə nə həyəcanlandırıcı, nə də təəccüblü gəldi... Çünki reallıq belə idi.
Əminəm ki, gülümsəyəcəksiniz. "Mənim bununla yaxından-uzaqdan əlaqəm yoxdur", "Mən hara, məşhurluq hara? - deyəcəksiniz.
Əvvəlcədən də qeyd etmişdim. Hələ də müəyyən etdiyiniz məhdudiyyətlər çərçivəsindən çıxmağa hazır deyilsiniz.

Halbuki, hər şey öz əlinizdədir - sevgi, müvəffəqiyyət, öz güvən, səmimiyyət, hüzur,... Bunlara nail olmaq yolunda lazım olan şey isə məhkum etdiyimiz, utandığımız, gizlətdiyimiz yanlarımıza sarılmaq və aydınladıldıqda necə böyük enerji və güc qaynağı olduqlarını müşahidə etməkdir. Ətrafımızda heç kimsə yoxdur. Özümüzdə yox dediyimiz, gizlətməyə çalışdığımız xüsusiyyətləri başqalarına yanşadılmış görürük. Yetər ki, qabiliyyətlərimizə işıq tutmağa istəkli olaq. Biz dəyişdiyimizdə ətrafımızın dəyişdiyini görmək daha keyfli olacaq.
Əgər dəyişməyə hazırıqsa, necə dəyişəcəyik? Bizi hansı yollar müvəffəqiyyətə götürəcək? Müvəffəqiyyət şans işidirmi, yoxsa onun da prinsipləri var?
"Atillanın qələbə sirləri" kitabının yazan Uess Roberts "Bir işdə müvəffəq olmanın şansla əlaqəsi yoxdur. Müvəffəqiyyət diqqət, düşüncə və çalışmağı lazım qılır, şans isə ancaq lotereya, rulet ya da qumar oynayarkən işə yaraya bilər", - deyir. Demək, qəbul etmək lazımdır ki, müvəffəqiyyət şans işi deyil, onun da yolu və prinsipləri var.

Amerikada müxtəlif sahələrdə müvəffəq olmuş yüzdən çox insanın həyatı tədqiq edilmiş, iyirmi il sürən araşdırma və analizlər nəticəsində müvəffəqiyyətin qızıl prinsipləri müəyyən olunmuşdur. Henri Ford, Tomas Edison, Con Rokfeller, Teodor Ruzvelt, Aleksandr Qreham Bell və Andryu Karnegie kimi qərbin məşhur adamların da həyatlarının təhlil edildiyi bu araşdırmaya görə müvəffəqiyyətin prinsipləri belədir:
1 Özünü kəşf etmək
2. Xəyal qurmaq
3. Hədəf müəyyənləşdirmək
4. İnanmaq və əzmlə çalışmaq
5. Əngəllərlə mübarizə
6. Gözəl görmək
7. Fürsətləri qiymətləndirmək
8. Zamanı qiymətləndirmək
9. İnsanlarla uğurlu münasibətlər qurmaq
10. İşi bitirmək

Bəlkə çoxunuz dərslərdə olduğu kimi bu yolda da prinsiplərin olduğunu görüb, çəkiləcəksiniz. "Yenəmi prinsiplər?", - deyəcəksiniz. Bir az realist olun və unutmayın ki, müvəffəqiyyət, ancaq prinsiplərinə və şərtlərinə əməl olunduğu zəmində reallaşır.
1946-cı ildə müharibənin xarabaxanaya çevirdiyi Tokyoda yanmış bir mağazanın üçüncü mərtəbəsində qurulan və sonralar dünyanın nəhəng şirkətləri arasına qatılan "Soni"nin məşhur idarəçisi Akio Morita "Made in Japan: Akio Morita & Sony" adlı kitabında belə yazır:
"Yaponiyanın idarəetməsi o qədər yaxşıdırsa, niyə hər il on səkkiz min yapon şirkəti iflas edir", - deyə soruşmuşdu amerikalı bir dostum. Cavabı çox bəsitdir. Dünyadakı digər şirkətlər hansı səbəbdən iflas edirsə, yapon şirkətləri də eyni səbəbdən iflas edir. Bir çox şərt yerinə yetirilməzsə, yapon şirkətlərini müvəffəq edəcək gizli bir formul və sehr yoxdur.
Deməli, müvəffəqiyyət şərtlərinə riayət edilmiş fəaliyyətlərin məntiqi nəticəsidir. Ona qovuşmaq üçün nə lələyi yandırılaraq gələn zümrüd quşuna, nə də Ələddinin sehrli çırağından çıxan cinə ehtiyac var. Sadəcə prinsip və şərtlərinə əməl etmək, əmin addımlarla müvəffəqiyyətə doğru irəliləmək lazımdır. Buyur, yol sənindir. Yolçu yolunda gərək.

Müəllif: Əsədulla Əliyev
Mənbə: Müvəffəqiyyətə gedən yol kitabnın girişi

 

 

7 şərh

Leyla
Oxuyan kimi özümdə güc hiss elədim. Nəsə yenilik etmək,qurub-yaratmaq istəyirəm!
Cavid,plyuslar gəlməyə başladı=)
bankir

XX əsrin qurucuları ingilis dilində belədir:
-Stephen Bechtel, construction magnate
-Leo Burnett, advertising genius
-Willis Carrier, maker of air-conditioning systems
-Walt Disney, creator of animation and multimedia empire
-Henry Ford, founder of Ford Motor Co.
-Bill Gates, co-founder of Microsoft
-A.P. Giannini, architect of nationwide banking
-Ray Kroc, hamburger meister
-Estee Lauder, cosmetics tycoon
-William Levitt, creator of suburbia
-Lucky Luciano, criminal mastermind
-Louis B. Mayer, Hollywood mogul
-Charles Merrill, advocate of the small investor
-Akio Morita, co-founder of Sony
-Walter Reuther, labor leader
-Pete Rozelle, football-league commissioner
-David Sarnoff, father of broadcasting
-Juan Trippe, aviation entrepreneur
-Sam Walton, Wal-Mart dynamo
-Thomas Watson Jr., IBM president

hər bir insanın haqqında ətraflı: http://205.188.238.181/time/time100/builder/

2ral
Vaxtilə bu siyahını Ən məhşur iş adamları adlı postda yerləşdirib müzakirə etmişdik.
papatürk
Davamını gözləyirik.Maraqlıdır.
bloqçu

İrəliyə baxmaq, irəlini görmək və irəliyə getmək lazımdır!

Hamımız hansısa bir sahədə uğur qazanmaq istəyirik. Amma, görünür ki, istəməklə, diləməklə iş bitmir. J.Keth deyir ki, «heç kim müvəffəqiyyət nərdivanına əlləri cibində dırmaşmamışdır.» Həqiqətən də heç «halva-halva deməklə də ağız dada gələn deyil». Bunun üçün qarşına məqsəd qoyub, səy göstərmək, ona doğru getmək lazımdır. Yoluna hər nə maneələr çıxır qoy çıxsın -bu təbiidir, bunları aşmaq lazımdır. O məqsədə çatmaq istəyi nə qədər güclü olarsa, bizim səylərimiz də (eləcə də səbrimiz) bir o qədər güclü olar. Həqiqətən də hər şey öz əlimizdədir. Bu barədə sevdiyim daha bir misal çəkim: biz ki ağac deyilik! Niyə yerimizdə sayıb qalmalıyıq ki?!

Aynur
Optimist olmaq lazımdır. Belə yazılardan sonra xeyli həvəslənir insan.
Nailə_Rzayeva
İnsana ruh yüksəkliyi verir…