5. Əngəllərlə mübarizə

Paroxodlar yelkənli qayıqları dənizdən qovdular,
çünki onlar külək olsa da, olmasa da hərəkət edirlər.
Herbert N. Kasson

Uşaqlıq dövrləri iztirabla keçmişdi. Yoxluq, dərd, qəm, kədər sanki onu təqib edirdi. İçki düşkünü atanın yanında böyümüşdü. Hələ kiçik yaşlarından döyülür, vurulur, pul qazanmağa məcbur edilirdi. Atılan hər addımı əngəl dənizinin sahilinə varırdı. Lakin o, bütün bunlara sinə gərir, bir qəhrəman ədası ilə mübarizə aparırdı.
Çox keçmədən adı əfsanə olmuşdu. Milyonları sənətinə heyran buraxan Lyudviq van Bethoven. Qət etdiyi məsafələrə, ram etdiyi əngəllərə baxaraq «Bir neçə milçəyin sancması qaçmağa əzm etmiş atı dayandıra bilməz», — deyirdi. Bunları dilə gətirərkən isə baş verəcək böyük fəlakətdən xəbərsiz idi. Lüdviq van Bethoven,alman bəstəkarı,klassik musiqi bəstəkarı
Təbiətdə duyduğu səsləri notlara tökən, əsərləri ilə ruhları sehrləyən böyük bəstəkar bir gecə şimşək işığı ilə yuxudan oyandı. Güclü yağış yağır, ildırım çaxırdı. Ancaq o, gördüklərini eşidə bilmirdi. Bu bəstəkar üçün bəlaların ən böyüyü deyilmiydi? Kar olmuşdu.
Bethoven bir müddət depressiya keçirdi, hətta intihara belə cəhd etdi. Lakin sonra özünü topladı. Əngəllər nə olursa, olsun, o sənətini davam etdirməli idi.
Əzmlə çalışır, heç nəyə məhəl qoymurdu. Səssizlik aləmində dünyanın ən gözəl bəstəsini planlayırdı. Doqquzuncu simfoniya ərsəyə çıxmaq üzərəydi. Mütəxəssislər Şillerin bir şeri üzərinə bəstələnən bu simfoniyanı Bethoven yaradıcılığının ən yüksək zirvəsi hesab edirlər.
Nəhayət, simfoniyanın təqdimat mərasimi idi. Bütün israrlara baxmayaraq, Bethoven dirijorluğu da öz öhdəsinə götürmək istəyirdi. Həyatdakı səsləri duymadan bəstəkar ruhundakı incəlikləri notlarla təcəssüm etdirə bilərdi, dirijorluq etmək üçün isə eşitmək vacib idi. Razı sala bilmədilər. Beləcə, Bethoven ən gözəl əsərinin təqdimat mərasiminin dirijoru idi.
Simfoniya səsləndikcə, hər kəs bu füsunkar sənətin qarşısında fərəhyab olurdu. Onun dahiliyi bir daha anlaşılır, əngəllərlə mübarizənin mütləq zəfəri gözlər önünə sərilirdi. Dirijor çubuğu havada rəqs edir, heyət bütün əzmini ortaya qoyur, inanılmazı bacarırdı.
Artıq simfoniya qurtarmışdı. Bethoven isə eşitmədiyinə görə hələ də göstəriş verirdi. İşarə ilə əsərin bitdiyini bildirdilər. Geriyə dönərkən bütün tamaşaçılar tərəfindən ayaq üstə alqışlandığını gördü. Eşitməsə də, üzlərdəki təbəssümdən anlamışdı bəstəsinin bəyənildiyini. Çətinlikləri dəf edərək müvəffəqiyyət qazanmış, gurultulu alqışları haqq etmişdi. Əslində bunlar, onun illər əvvəl dediyi sözə sədaqətinin mükafatıydı.
«Bir neçə milçəyin sancması qaçmağa əzm etmiş atı dayandıra bilməz.»
Həyat yolçuluğunu qət edərkən əngəllərlə qarşılaşmanız labüddür. Fəsillərin baharı-qışı, yolların enişi-yoxuşu olduğu kimi qazanılmış uğurların da təməlində zəhmət, tər, əngəl və göz yaşı vardır. Heç kəs müvəffəqiyyəti əli cibində qazanmamışdır.
Artıq olmaz, deyəcəksiniz. Bundan belə alınmaz, düşünəcəksiniz. Hər yan çovğun-boran olacaq. Gözyaşınız üzünüzdə donacaq. Yalnızlığı iliklərinizə qədər duyacaqsınız. Axan çaylar duracaq. Bəlkə, günəş belə sizi işığından məhrum qoyacaq. Dərin bir quyada can çəkişəcəksiniz. Cəhdləriniz boşuna çıxacaq. Ucsuz- bucaqsız problem dənizindən qurtulub sahilə çatdım deyərkən zəminə çıxmaq üçün önünüzdə böyük bir zirvənin peyda olduğunu görəcəksiniz. Əzminiz bitəcək, səbriniz tükənəcək, taqətdən düşəcəksiniz. Çarəsizsiniz. Demək ki, əngəlləriniz yavaş-yavaş öz vəzifəsini icra edir. Əngəlləriniz deyirəm, çünki onları çıxılmaz olaraq qəbul edib əngəl kimi görən sizsiniz.
Halbuki öhdəsindən gəlinməyəcək problem yoxdur. Aşılmaz görünən zirvələr dəfələrlə aşılmışdır. Elə isə müvəffəqiyyətinizin qarşısına dikilən əngəllərinizlə mübarizə aparın. Unutmayın, çarəsizliyinizin yeganə çarəsi sizsiniz.

 

4 şərh

Tomris
Səhər oxuyanda sanki ruh verir adama.
Silen_ce
Möcüzələrə inanmaq lazımdır
Yucin
İnsanı ruhlandırır. Bu qədər broblemli bir zəmanədə insan belə şeyləri oxuduqca hər şeyin hələ qabaqda olduğuna inanır. Təşəkkür!