İtirilənlər

Bir gün insan vergülü itirdi; o zaman çətin cümlələrdən qorxdu və sadə ifadələrdən istifadə etməyə başladı. Cümlələri sadələşən kimi düşüncələri də bəsitləşdi.
Başqa bir gün isə nida işarəsini itirdi. Alçaq səslə, səs tonunu dəyişdirmədən danışmağa başladı. O, artıq heç nəyə əsəbiləşmir, heç nəyə də sevinmirdi. Həm də heç nə onda ən kiçik bir həyəcan da yaratmırdı.
Bir müddət sonra isə sual işarəsini itirdi və daha sual vermədi. Artıq heç nə onun üçün maraqlı deyildi... Nə kainatla, nə dünya ilə, nə də özü ilə maraqlanmırdı.
Bir neçə il keçdikdən sonra iki nöqtə işarəsini də itirdi və davranışının səbəblərini başqalarına izah etməkdən imtina etdi.
Ömrünün sonuna doğru isə onun əlində yalnız dırnaq işarəsi qalmışdı. Özünə məxsus olan heç bir düşüncə və fikri yox idi, yalnız başqalarının düşüncələrini təkrar edirdi. Ən axırdakı nöqtəyə gələndə isə düşünməyi və oxumağı tamamilə unutmuş bir vəziyyətdə idi.

Ey insan! sən özünü niyə kiçik zərrə sanırsan? Halbuki səndə aləmlər vardır və içində hər şey yazılıdır. Lakin qaranlıqlar və pərdələr qoymur ki, öz içindəkiləri oxuyasan! Burax bu bədbinliyi ki, sıxıntılarından qurtula biləsən.
Dünyanın gözəlliklərini görə-görə sevinməmək mümkünmü? Unutma ki, hər kədərin bir sevinci vardır. Bil ki, sənin kədərinin ən yaxşı dərmanı səbrdir. Səbr sənə zəhər kimi görünə bilər, fəqət səbri olmayanlar nə qədər də yoxsuldurlar.

Ey Adəm oğlu! özünü hər şey barədə sağlam düşünməyə öyrəşdir, ruhunla danış. Bu ki, sənin başlıca qabiliyyətindir, həm də ən böyük ibadətindir. Düşün ki, daxilindəki həqiqətləri də aşkar edə biləsən.
Bil ki, həyatın çox qısa, vaxtınsa məhduddur. Odur ki, dəyərli kitabları oxu ki oxuduğundan da bəhrələnə biləsən. Oxuduğun dəyərli kitablar səni kamilləşdirəcəkdir. Axtardığın hər şeyi özündə tapacaqsan. Sən ki, danışa bilirsən, bu da sənin ən böyük üstünlüyündür.
Unutma ki, insan dünyadan böyükdür, ancaq Yaradan ondan da böyükdür.
 

3 şərh

kentavr
Onsuzda itirə-itirə gedirik,qazandığımız isə itirdiyimiz qədər dəyərli deyil(məncə).Hər şey itirildikcə unudulur,əslində faciə budur!
Nailə_Qasarayeva
Bəzi insanlar özlərini bacarıqsız sayırlar. Əslində bacarıqsız insan yoxdur. Sadəcə araşdırmaq lazımdır ki, onun bacarığı hansı sahədədir. Əgər o bilsə onun beyni nəyə qadirdi, çox şey edə bilər. Ey insan! sən özünü niyə kiçik zərrə sanırsan? Halbuki səndə aləmlər vardır və içində hər şey yazılıdır. Bu sözlər yerinə düşür.

Mətndə kifayət qədər gözəl sözlər var. Çox sağ olun!
umud600
Təşəkkürlər! Allah qatında insandan üstün heç bir varlıq yoxdur. " İnsanla insan arasında fərq vardır: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər "- demişdir dahi Nizami Gəncəvi