Astrid Lindqrenin uşaqlar haqqında çıxışı

Dünyada nə qədər insan mövcud olacaq, o qədər də mübarizə və çarpışma olacaq. Kövrək dünyamız həmişə təhdid altındadır. Bəs zamanı deyilmi, özümüz-özümüzə sual verək. Sual verək ki, niyə bu münaqişələr var, niyə münasibətlərimiz münaqişələrlə başa çatır? Necə yaxşı insana çevrilək, aqressiyalarımızı necə unudaq?

Düşünürəm ki, bunu üçün lap əvvəldən — uşaqlardan başlamalıyıq. Tezliklə planeti idarə etməyə başlayacaq, artıq özləri sevgi və ya zorakılıqla yaşayacaqlarına qərar verməli olacaqlar.
İndi xatırlayıram ki, bizi idarə edənlərin hər hansı müdriklikdən, Tanrı verən istedaddan məhrum olduğunu anlayanda necə şoka düşmüşdüm. Eynən bizim kimi zəifliklərə və ehtiraslara malikdirlər, lakin bir fərqimiz var: Əllərində hakimiyyət var. Niyə bu insanlar belə pis qərarlar qəbul edirlər? Ola bilməz ki, təbiətən bu qədər zalım olsunlar.

Belə düşünmürəm. Uşaq doğularkən nə pis, nə də yaxşı olur. Bəs saf, mərhəmətli və ya tənha canavar olmasına kim qərar verir? Biz. Biz valideynlər onlara sevginin nə olduğunu göstərməliyik. Ya da əksinə ona arzu olunmayanı təlqin etməliyik (edirik).

Bir keşişin həyat yoldaşı ilə görüşdüm. Söylədi ki, dünyaya ilk körpəsini gətirən zaman bu qədər geniş tətbiq olunmasına baxmayaraq fiziki cəzalar ilə tərbiyə üsuluna inanmayıb. Lakin oğlunun 4 yaşı olanda elə hərəkət edib ki, ana onu cəzalandırmaqdan özünü saxlaya bilməyib. Göstəriş verib ki, həyətə gedib çubuq tapsın ki, onu cəzalandırsın. Balaca oğlan uzun müddət qayıtmayıb, nəhayət, göz yaşları içində geri dönərkən əlində daş olub. Daşı anasına göstərərək: «Ana, çubuq tapa bilmədim, amma al, bu daşı mənə at», — deyə, ağlayıb.

O an anaya məhz bu aydın olub. Uşağın baxış bucağından məsələyə baxmaq imkanı ona nəsib olub. Ana anlayıb ki, əgər övladımızın ağrı duymasını istəyiriksə, nə fərqi var, bunu nə ilə edirik. Ya çubuqla, ya daşla...

Ana uşağına dizinin üstünə alaraq ağlayıb. Elə orada ikisi də ağlayaraq daşı xatırə olaraq mətbəxin bir küncünə qoyublar. Nəticə isə budur: Zorakılıq çıxış yolu deyil.

Elə bu an sual edə bilərsiniz ki, necə yəni uşaqları cəzalandırmaqdan vaz keçərək yeni Homo Sapiens yarada biləcəyik və müharibələr dayanacaq? Əlbəttə, yox. Yalnız uşaq ədibləri belə utopiyaya inanarlar. Bu bədbəxt dünya çoxlu islahatlara və dəyişikliklərə ehtiyac duyur.

Axı, bizim uşaqlar televiziya kanallarından dünyanı izləyirlər. Verilişilərdən yalnız bu nəticəni çıxarırlar: Problemlərin həll yolu yalnız zorakılıqdan keçir. Elə bu gün evimizdə onlara başqa yolun mövcudluğunu da söyləyə bilərik. Bu, dünya üçün də atdığımız gözəl addım ola bilər.

Hamımızın mətbəxdə daşa ehtiyacımız var. O daş bizə zorakılığın çıxış yolu olmadığını daim xatırlada bilər.

Tərcümə: Ülviyyə TAHİR

0 şərh