Qrimm qardaşları

Körpə yaşlarından başlayaraq bütün uşaqlar nağıl dinləməyi sevir, bir növ həmin nağıllarla böyüyür, oradakı sevimli qəhrəman obrazlarına oxşamağa çalışırlar. Böyüdükcə uşaqlar kitablarda maraqlı nağıl və rəvayətlər, eləcə də digər folklor nümunələri ilə tanış olurlar. Nağıllar şifahi xalq ədəbiyyatının bir növü kimi zaman-zaman nəsildən-nəsilə ötürülmüş, onun dəqiq müəllifi unudulmuş və bütöv bir xalq nağılın yaradıcısı kimi yaddaşlara həkk olunmuşdur.

Azərbaycan xalq nağıllarındakı Məlikməmməd, Cırtdan, Ağ atlı oğlanın ağıllı və mərd hərəkətlərinə valeh olmusan, böyüyəndə onlar kimi davranmaq istəmisən. Bəs həmin nağılları günümüzə qədər gəlib çatmasında zəhməti olan insanlardan xəbərimiz varmı?

Azərbaycan ədəbiyyatında nağıl və digər folklor nümunələrinin toplanması, onların kitab halında tərtib edilməsində Hənəfi Zeynallı, Məmmədhüseyn Təhmasib, Firudin bəy Köçərli, Yusif Vəzif Çəmənzəminli ilk addımları atmış, şifahi xalq ədəbiyyatımızın inkişafına böyük töhfə vermişlər.

Dünya xalqlarının ədəbiyyatında da bu cür şəxsiyyətlər vardır. Sözsüz ki, „Bremen musiqiçiləri“, „Qırmızı papaq“, „Çəkməli pişik“, „Hansel və Qrethel“, „Canavar və yeddi çəpiş“, „Yatmış gözəl“, „Ağbəniz və yeddi cırtdan“, nağılları, onların əsasında çəkilmiş cizgi və bədii filmləri, teatr tamaşaları çoxlarına məlumdur. 

İki qardaş — Vilhelm və Yakob Qrimm kənd-kənd, şəhər-şəhər gəzib sadə xalqın dilindən həmin nağılları dinləyib yazıya almasaydı, bəlkə də bu gözəl nağılların çoxu günümüzə qədər gəlib çatmayacaqdı.

Təhsili başa vurduqdan sonra qardaşlar kargüzar, kitabxanaçı, auditor və s. sahələrdə işləyir, bununla yanaşı ciddi şəkildə öz elmi araşdırmalarını aparır, qədim və orta əsr alman ədəbiyyatına dair məqalələr və kitablar çap etdirirlər.

Qrimm qardaşları 1806-cı ildə nağıl və rəvayət toplusu üzərində işə başlayırlar. Vilhelm və Yakob heç zaman nağıl yazmasalar da, müxtəlif şəxslərin nəql etdiyi nağılları toplayaraq yazıya köçürmüş, onları müqayisəli təhlil etmiş, fikir və ifadələri müasir dilə uyğunlaşdırmış, nağıllar üzərində redaktə işi aparmışlar. Onların topladığı nağıllar ilk dəfə 1812-ci ildə „Uşaq və ailə nağılları“-nın birinci cildində işıq üzü görür. Almandilli məkanda qardaşları məşhurlaşdıran „Uşaq və ailə nağılları“nın yeddi nəşri və ixtisarlı variantın on nəşri hələ onların sağlığında çap olunaraq yayılır. Vilhelm Qrimmin apardığı sistematik araşdırmalar sayəsində nağılların tədqiqi və təsnifatlaşdırılması ayrıca bir elm sahəsi kimi təşəkkül tapır.

1830-cu ildə Yakob, 1835-ci ildə Vilhelm Qöttinqen Universiteti tərəfindən professor elmi dərəcəsinə layiq görülürlər. Yenidən Kassel şəhərinə qayıdan qardaşlar 1838-ci ildə „Alman dilinin izahlı lüğəti“ üzərində işləməyə başlayırlar. Qardaşların sağlığında lüğətin „A“dan „F“dək olan hissəsi ərsəyə gətirilir, 16 cildlik lüğəti tam yekunlaşdırmaq isə yalnız 1960-cı ildə mümkün olur. Bu lüğət Avropa dilçilik elminin ən böyük nailiyyətlərindən biri kimi dəyərləndirilir.

1859-cu ildə Vilhelm, 1863-cü ildə isə Yakob dünyasını dəyişir. Bütün həyatlarını bir yerdə keçirən qardaşlar hətta Vilhelm ailə qurduqdan sonra ayrılmamış, bir evdə yaşamış və elmi yaradıcılıqla məşğul olmuşlar. Vəfat etdikdən sonra da ayrılmaz qardaşların Berlın qəbiristanlarından birində yerləşən məzarları yanaşıdır.

Qrimm qardaşlarının ən məşhur nağılları:
Bremen musiqiçiləri
Ağbəniz və yeddi cırtdan
Boran xanım
Ağgül və Qızılgül
Hansel və Qrethel
Canavar və yeddi çəpiş
Dirilik suyu
Cırtdanlar
Rapunsel
Saman çöpü, kömür və paxla
Cəsur dərzi
On iki qardaş
Dəmir
Hans
Ağ ilan
 

0 şərh