Təlimli pişik

Bir tacir var imiş. Bir gün fikrinə düşür ki, ticarət üçün özgə vilayətə getsin. Odur ki, xeyli mal alıb, tədarük görüb, əhli-əyali ilə vidalaşıb yola düşür. Mənzilbəmənzil gəlib axırda bir şəhərə yetişir. Burada bir karvansarada mənzil edir. Bu vilayətin qaydası elə imiş ki, hansı tacir bu şəhərə gəlsəymiş, gərək padşaha layiq bir şey apararmış və padşah o taciri gecə qonaq edib, onunla nərd oynarmış.

Tacir də bir xonçahazırlayıb padşahın hüzuruna aparır. Söhbət əsnasında padşah tacirə deyir:
– Gəl mənimlə nərd oynayaq və mənim bir pişiyim var, o axşamdan sabaha kimi quyruğunun üstündə yeddi çıraq saxlar. Mən o pişiyi çağıraram. Hərgah axşamdan sabaha kimi quyruğunun üstündə yeddi çıraq saxladı, onda sizin dövlətlərinizin cümləsi mənim olsun. Yox, saxlamasa, onda mənim xəzinəmin təmamisi sizin olsun.

Tacir əlacsız şərti qəbul edir. Padşah səslənən kimi bir pişik hazır olur, quyruğunu düyümlüyüb padşahın hüzurunda əyləşir. Padşahın əmri ilə götürüb bunun quyruğunun üstünə yeddi çıraq qoyurlar. Padşah tacirlə nərd oynamağa başlayır. Üç gün, üç gecə nərd oynayırlar. Pişik əvvəl hərəkət etmir, axırda tacir qalxıb məğlub olduğuna qərar verir. Padşah əmr edir ki, tacirin qollarını bağlayıb zindana salsınlar. Padşah tacirin cəmi mal-dövlətini zəbt edir.

Tacirin bir nökəri əhvalatı belə görəndə qaçıb gəlib olanları tacirin arvadına xəbər verir. Tacirin arvadı isə bir xeyli siçan tutdurub bir sandığa doldurur və bir xeyli qızıl və gümüş götürüb libasını da dəyişib kişi paltarı geyinib bir karvan ilə yola çıxır. Mənzilbəmənzil gəlib həmin əri dustaq olan şəhərə çıxır. Bu da əri kimi bir xonça bəzəyib, padşahın hüzuruna aparır və özüylə gətirdiyi siçanları nökərlərinə verib tapşırır:
– Mən padşahla nərd oynamağa məşğul olanda siçanları qapının arasından bir-bir içəri buraxın.

Padşah bunu da çox hörmətlə qəbul edir. Söhbət əsnasında buna nərd oynamağı təklif edir. Arvad qəbul edir. Padşah səslənən kimi bir pişik içəri daxil olub padşahın hüzurunda quyruğunu düyünləyib əyləşir. Götürüb bunun quyruğunun üstünə yeddi çıraq qoyurlar.

Bunlar nərd oynamağa başlayırlar. Bu halda nökərlər siçanın bir-ikisini içəri buraxırlar, pişik siçanları gördükdə hərəkət etmək istəyir. Padşah buna gözünü ağardanda pişik sakit olub yerində qalır. Bir az keçir, nökərlər siçanın bir neçəsini də içəri buraxırlar. Siçanlar evdə oynamağa başlayırlar. Bunları görüb pişik artıq səbr edə bilməyib, çıraqları töküb siçanların birini burdan, birini ordan basmarlayır. Arvadın işarəsi ilə nökərlər içəri daxil olub padşahın qollarını bərk bağlayıb zindana salırlar və taciri də xilas edirlər. Camaat padşahın zülmündən təngə gəlmişdi. İşi belə görəndə yığılıb taciri özlərinə padşah seçirlər. Tacir də onlarla ədalətlə rəftar etməyə başlayır.

Azərbaycan xalq nağılı

0 şərh