Qarı və pişik

Bir gün bir qarı inəyini apardı suvarmağa. İnək buzun üstündən sürüşüb yıxıldı və qıçı sındı. Qarı buza dedi:
— A buz, sən nə güclüsən?
Buz cavabında dedi:
— Əgər mən güclü olsaydım, günəş məni əritməzdi.
Qarı dedi:
— A günəş, sən nə güclüsən?
Günəş cavabında dedi:
— Əgər mən güclü olsaydım, bulud qabağımı kəsməzdi.
Qarı dedi:
— A bulud, sən nə güclüsən?
Bulud dedi:
— Mən güclü olsaydım, yağış məndən yağmazdı!
Qarı dedi:
— A yağış, sən nə güclüsən?
Yağış dedi:
— Mən güclü olsaydım, ot məndən bitməzdi.

Qarı dedi:
— A ot, sən nə güclüsən?
Ot dedi:
— Mən güclü olsaydım, qoyun məni yeməzdi!
Qarı dedi:
— A qoyun, sən nə güclüsən?
Qoyun dedi:
— Əgər mən güclü olsaydım, qurd məni yeməzdi!
Qarı dedi:
— A qurd, sən nə güclüsən?
Qurd dedi:
— Mən güclü olsaydım, it məni boğmazdı.
Qarı dedi:
— A it, sən nə güclüsən?
İt dedi:
— Əgər mən güclü olsaydım, çoban məni döyməzdi.

Qarı dedi:
— A çoban, sən nə güclüsən?
Çoban dedi:
— Mən güclü olsaydım, xanım məni söyməzdi.
Qarı dedi:
— A xanım, sən nə güclüsən?
— Xanım dedi:
— Əgər mən güclü olsaydım, siçan torbalarımı kəsməzdi.
Qarı dedi:
— A siçan, sən nə güclüsən?
Siçan dedi:
— Əgər mən güclü olsaydım, pişik məni yeməzdi!

Qarı dedi:
— A pişik, sən nə güclüsən?
Pişik iki əlini qabağa, iki ayağını dala qoyub, gərdənini çəkib, quyruğunu qalxızıb, gözlərini bərəldib, dilini çıxarıb, qarıya dedi:
Güclüyəm ha, güclüyəm,
Dəmir daraq dişliyəm.
Yük üstü yaylağımdır,
Yük altı qışlağımdır.
Kürsü üstə duraram,
Bığlarımı buraram…

Firudin bəy Köçərlinin “Balalara hədiyyə” kitabından

0 şərh