Kibritsatan qız | Hans Xristian Andersen

Bir yeni il gecəsi idi. Dondurucu, qovurucu bir soyuq vardı. Yoldan keçənlər paltolarının yaxasını qaldırmışlar, şallarına bürünmüşlər, sürətli sürətli gedirdilər. Kimi evinə gecikmiş, tələsik gedir, kimi bir əyləncə yerinə gedirdi. Uşaqlar qaçırlar, bir-birlərinə qartopu atırdılar. Gecənin zövqünü ən çox onlar çıxarırdılar. Qəhqəhələrlə gülürlər, sevinclə qışqırırdılar. Tək bir uşaq vardı ki, gəlib keçənlər onun fərqində deyildilər. Kiçik bir qız uşağı. Başı açıq, paltarı yamaq içində, yoxsul bir qızcığaz. Bir qapının önünə büzülmüş, çılpaq ayaqlarını altına almışdı. Soyuqdan göyərmiş, tir-tir titrəyirdi. Üzərində oturduğu daş pillə də buz kimi idi.

Qızcığaz da sanki donmuş, bir buz parçası kəsilmişdi. Geniş qutunun içində sıralanmış kibrit qutularına baxarkən gözləri yaşarırdı. Bəli, bu bir kibritçi qız idi. O gün bir tək qutu kibrit belə sata bilməmişdi. Satsa, bir neçə qəpik pul qazansa, qalxıb evinə gedər, anasıyla birlikdə heç olmazsa bir kasa isti şorba içərdi. Gedə bilmirdi, çünki o gün heç kibrit sata bilmədiyini anasına söyləməkdən çəkinirdi. Soyuqdan, kədərindən titrəyən batıq, incəcik səsiylə «Kibrit var, kibrit» — deyə qışqırırdı. Küçədən keçənlərin heç biri başını çevirib baxmırdı…

Ah heç olmazsa ayaqlarında başmaqları olsaydı! Bir az əvvəl, küçə-küçə gəzərkən, sürətlə keçən bir avtomobilin qarşısından qaçmış, qaçarkən başmaqları ayağından atılmışdı. Qarşı səkiyə keçdikdən sonra, dönüb baxmış dələduz bir uşağın başmaqları qapıb qaçdığını görmüşdü. Arxasından səslənmişdi amma, uşaq gülərək qaça-qaça uzaqlaşmışdı. Kibritçi qız bunun üzərinə bir qapının girintisinə sığınmış, ordaca qıvrılıb oturmuşdu. Barmaqları donmuş, sızlamağa başlamışdı. Qızcığaz bu ağrıya dözə bilmədi, qutulardan birini açıb bir kibrit çıxardı. Barmaqları soyuqdan keyimişdi, kibrit çöpünü əlində çətinliklə tuturdu. Əli titrəyə-titrəyə çöpü divara sürtdü. 

Kibrit birdən alov aldı; şirin, yumşaq, narıncı bir alov. Yazıq qız, kibriti bir əlindən o biri əlinə keçirərək, barmaqlarını qızdırdı. İçi də qızışmağa başlamışdı. Sanki gur yanan bir ocağın qarşısında idi. Gözləri alova tikilmiş, xülyalara dalmışdı: Gözəl bir otaqda, böyük bir ocağın qarşısında otururdu. Arxasında qalın bir yunlu jilet, ayaqlarında kürklü başmaqlar vardı. İsinmiş, tərləməyə belə başlamışdı…
Birdən kibrit söndü. Kibritin sönməsiylə, o şirin xəyallar də sona çatmışdı. Qızcığazın barmaqları yenidən donmağa, sızlamağa başlamışdı.

Bir kibrit daha yandırdı. Bu zaman soyuq bir külək əsdi. Qız kibrit sönməsin deyə, divara tərəf döndü. O biri əlini alova sipər etdi. Alova baxarkən, qarşısındakı divar sanki əridi, birdən açıldı, içərisi göründü. İçəridə geniş bir otaq vardı. Qar kimi dümağ örtük sərilmiş bir masanın üzərinə cürbəcür yeməklər düzülmüşdü. Süfrədə gümüş şamdanlar yanır, otağı gündüz kimi işıqlandırırdı. Qızcığazın gözləri süfrənin ortasında, böyük bir qaba qoyulmuş, nar kimi qıpqırmızı qızardılmış qaz qızartmasına tikilmişdi. Ağızı sulandı. Əlini oraya doğru uzatdı. Kibrit yana-yana bitirdi, barmağını yandırırdı. Qızcığaz çöpü yerə atdı. Atmasıyla birlikdə, yeni il süfrəsi silindi, gözlərinin önünə daş divar yenidən tikildi.

Üçüncü kibrit daha çox xəyallar yaratdı: Bir yaz gecəsi. Kibritçi qız çöldə bir ağacın altına oturmuş, ulduzlara baxır. Gecə olduğu halda hava isti. Altındakı torpaq, gündüz günəşdən istilənmiş, soba kimi yanır… 

Kiçik qız gözlərini ulduzlardan ayıra bilmirdi. Uzaqlarda gecə quşları ötür, qurbağalar bağrışırdı. Anidən bir ulduz düşdü, səmaya geniş bir yay çəkərək uzaqlaşdı, söndü. Qızcığaz: biri daha öldü' deyə zümzümə etdi. Bir gün, nənəsi söyləmişdi: Hər ulduz düşdükcə yer üzündən biri ölərmiş…

Nənəsini bir daha görə bilmək üçün bir kibrit daha çaxdı. Soyuqdan sərtləşmiş, beyni dayanmışdı. O indi küçə ortasında olduğunu unutmuş, xəyallar dünyasına getmişdi. Kibritin alovunda yenə nənəsini görür, onun səsini eşidən kimi olurdu. Budur, nənəsi gəlirdi. Lopa-lopa yağan qarların arasından bir mələk kimi enirdi… Gəldi, gəldi… qollarını açdı, nəvəsini qucaqladı və göylərə doğru apardı…

Ertəsi səhər, yoldan keçənlər, bir evin pilləkənində donub qalmış qızcığazın ölüsünü tapdılar. Yanında isə çox sayda boş kibrit qutusu vardı.
-«Yazıq qız qızınmaq üçün bütün kibritlərini yandırıbmış» — dedilər…
Bu kibritlərin alovunda onun nə xəyallar gördüyünü heç kim bilmədi.

0 şərh