Bir insanın ana vətəni uşaqlığıdır

Bir gün seminara başlamazdan öncə orta yaşlı bir kişi gəldi.
— Müəllim, əlinizi öpmək istəyirəm, dedi. Əl öpdürməkdən xoşum gəlmədiyi üçün qoymadım, amma soruşdum:
— Xeyir ola? Niyə öpmək istəyirsən əlimi?
— Müəllim, 3 il öncə seminarınıza gəldim və bütün həyatım dəyişdi. İndi daha xoşbəxt bir ailəm var və bunu sizə borcluyam.
— Nə oldu ki? Necə oldu?

— 3 il öncə şirkətimizin təşkil etdiyi 2 günlük seminarda bizimlə bərabər idiniz. O seminarda dediniz ki, «Bir insanın ana vətəni uşaqlığıdır. Uşaqlığını doya-doya yaşamamış bir insanın xoşbəxt olması çox çətindir. Bir ananın, atanın əsas vəzifəsi övladlarının uşaqlığını düzgün yaşamasına şərait yaratmaqdır.»

Mən bir anlıq öz-özümə düşündüm: Görəsən mən uşaqlarıma bu şəraiti yaradırammı? Bu sualı heç düşünmədiyimi hiss etdim. Mən bütün atalar kimi idim. 9 yaşındakı oğlum mən evə gələndə məni görməməyə, qaçmağa çalışırdı.

Bilirsinizmi niyə? Çünki onu görən kimi soruşurdum: " Dərslərini oxuyub qurtarmısan?" O, isə qorxa-qorxa baxır, gözünü qaçırır, bir az da sıxışdıranda «yox» mənasını verən "çık" səsi çıxarırdı.

Əsəbləşirdim, deyinirdim. Onun üçün etdiklərimi, çəkdiyim əziyyətləri xatırladırdım, qarşılığında oxumadığı üçün ondan utandığımı deyirdim. Nəticədə bütün evdə kədərli sükut yaranırdı. Bu yerdə bir az susub davam etdi: — Sizin seminardan çıxdıqdan sonra düşünməyə başladım: «Mən necə atayam?» Yol boyu düşündüm və öz-özümə dedim ki, oğlumla münasibətlərimiz haqqında yoldaşımla danışım və ortaq qərara gələk.

Evə gələn kimi yoldaşımı qarşıma aldım, seminarda danışılanlardan danışdım və dedim: «Bizim oğlumuz qoy 5 il sinifdə qalsın, amma uşaqlığını yaşasın.»Yoldaşım tərs-tərs baxdı və dedi ki, — Bu necə seminardır? Kimdir bu adam? Elə şey olar? Bizim uşağımız uşaqlığını yaşayacaq, o birilər sinifini keçəcək irəliləyəcək! Elə şey olmaz. Ruhdan düşmədim, mübarizə apardım, axır ki, yoldaşım «Nə istəyirsən et» dedi.

Bir an sanki gərginliyim, üzüntüm yox oldu, rahatlıq yaşadım. O biri gün işdən gələndə oğlumun gözünün içinə baxdım və «Bu gün doyunca oynamısan?» soruşdum. Heyrətlə baxdı və «yox» mənasına gələn "çık" etdi yenə. «Onda gəl geyinək gedək oynayaq» dedim. Bərabər çölə çıxdıq. Pəncərədən bizi görən yoldaşları gəldi, bərabər oynadıq. Evə ələndə toz — torpaq içindəydik. Duş aldıq. Onu dəsmalla quruladım, başını sığalladım. Beləcə hər gün bərabər oynayırdıq. Çox xoşbəxt idik. Təxmini 7-8 gün sonra, hamamdan çıxanda dəsmalla onu qurulayırdım, balaca ovucları ilə yanağımı tutdu və «Ata, səni çox sevirəm» dedi.

Müəllim, nəfəsim daraldı, gözüm doldu. İndiyə qədər heç vaxt deməmişdi bunu; bəlkə də deməyəcəkdi. «Nə böyük təhlükə!» düşündüm. Bəlkə də bu cümlənin əskikliyini həyatımda heç hiss etməyəcəkdim.

Beləcə bir müddət keçdi. Bir gün valideyn iclası idi. Əvvəlki görüşlərimizdə həmişə müəllimi " Savadlı uşaqdır amma dərslərinə məsuliyyətsizdir, yoldaşlarına da qulaq asmağa imkan vermir. Evdə çox məşğul olun, öyüd nəsihət edin" deyirdi. Güman ki, bu dəfə daha çox danlaq eşidəcəkdim, amma olsun! Xoşbəxt idim! Müəllimə gülümsəyərək, «Bu uşağa nə etmisiz?» soruşdu.
"Çox pisdi?" soruşdum.
— Yox, dedi, artıq yoldaşlarını heç narahat etmir, tapşırıqları daha səliqəli, düzgün yazır. Artıq istədiyim kimi bir şagird olub.

Müəllimənin qarşısında gözlərim doldu. İnanmırdım qulaqlarıma, vay oğlum, vay, bu günə qədər biz səninlə necə davranmışıq? Evə gəldim, hər şeyi yoldaşıma danışdım. Təşəkkür üçün sizin yanınıza gəlməyimi istədi. Ona görə əlinizdən öpməyə gəldim. Mənim və oğlumun həyatını qurtardınız.Ailəmin xoşbəxtliyi xilas oldu.



Həqiqətən bir insanın ana vətəni uşaqlığıdır. Uşaqlığı xoşbəxt keçmiş uşaq daha müvəffəqiyyətli olurmuş! Uşaqlar gülsün deyə yaşayaq. Uşaqlar gülərək böyüsə, sonunda böyüklər gülər. Böyüklər gülsə, bütün ölkə, insanlıq gülər…

0 şərh