Uşaq tərbiyəsində dayələrin rolu

Hər doğulan körpə valideynlər üçün bir sevinc və sevgi qaynağı olmanın yanında bəzi məsuliyyətləri də özü ilə bərabər gətirir. Valideynlər doğulan körpələrinin sağlam və qüsursuz olduğunu görüncə rahatlanır, lakin uşağı necə böyütmək və tərbiyə etmək mövzusunda zərrə qədər narahatçılıq keçirmirlər. Əslində, körpənin ən təhlükəsiz və etibarlı yeri ana bətnidir. Körpə dünyaya göz açdığı gündən etibarən isə artıq onun maddi, mənəvi və ruhi inkişafı üçün diqqətli baxıma və doğru tərbiyə edilməyə ehtiyaci var.

Uşaq tərbiyəsində ən mühüm iş, tətbiq ediləcək metod və prinsipi düzgün seçməkdir. Uşaq ata-anasına əmanətdir. Onun təmiz qəlbi hər cür əyrilik və şərdən uzaq, saf və bərraqdır. Uşaq xeyrə alışdırılar, yaxşılıq təlqin edilərsə, xeyirli bir nəslin nümayəndəsi olaraq yetişər. Əksinə, ətraf mühitdən gördüyü mənfi xislətlər və davranışlar onun gələcək inkişafı üçün təhlükə yarada bilər. Bunda əsas faktorun ata-ana və dayələrin üzərinə düşdüyünü vurğulamaq lazımdır. 

Niyə dayələr? Cünki zəmanəmizin tələblərindən biri də işləyən ata-anaların körpələrinin dünyaya gəlişi ilə bir müddət sonra ya ehtiyac üzündən ya da karyera qurma kimi səbəblərlə övladlarını dayələrə əmanət etmələridir.

Təbii ki, dayələr də analar kimi uşaqların maddi baxımını üzərinə alır, yəni yedizdirir, içizdirir və yatızdırırlar. Əsas diqqət yetirilən xüsus onların mənəvi tərbiyəsinə nə dərəcə xidmət edə bilirlər? Çünki körpələrə maddi qayğının yanında mənəviyyatın aşılanması, düzgün xarakterin formalaşması və şəxsiyyətin oturması kimi prinsiplər təlqin edilməli, onun insan kimi yetişdirilməsinə diqqət yetirilməlidir.

Təəssüflər olsun ki, bu kimi kriteriyalar hər valideynin fikir vermədiyi, nəzərdən qaçırdığı, xüsuslardır. Dayələr tutulduğu zaman əsas fikir verdikləri nöqtələr uşağı vaxtında yedizdirib yatızdırmaq və gəzdirməkdir. Onların düzgün xarakterlərinin formalaşmasına səbəb olan oyunlar, nağıllar və dastanları hər dayə bilməz. Halbuki uşaqlara maddi qayğının yanında mənəvi ruhun aşılanması və inkişaf etməsi üçün dini motivləri içinə alan nağıl və dastanları oxutmaq, yaxşı xislətlərə və davranışlara sahib olması üçün faydalı, ibrətamiz məsəllər və hekayələr (peyğəmbərlərin həyat hekayələri də ola bilər) danışmaq uşaqların yaxşı xüsusiyyətlərlə tərbiyə edilməsinə səy göstərmək, onun gələcəkdə ailəsinə və vətəninə yararlı və sağlam bir nəsil kimi yetişməsinə səbəb ola bilər.

Dayələr aranarkən diqqət yetiriləcək əsas faktorlardan biri də dayələrin əsəbi, səbirsiz və sinir pozğunluğu yaşayan və ya problemli insanlar olmamalarıdır. Əsəbi bir insan etdiyi bir yanlış hərəkət qarşısında çığırıb-bağırmamalı, etdiyi yanlışı düzəltməyin yollarını səbir və təmkinlə başa salmalıdır. İmam Qəzzali bu xüsusda tərbiyəçilərin məsuliyyətinin nə qədər böyük olduğunu belə vurğulayır:

“Təlim və tərbiyə ilə məşğul olan bir insan, bəşərin qəlbləri və ruhları üzərində tasarrufda olan insandır. Yer üzünün ən şərəfli varlığı insan cinsidir; İnsanın ən dəyərli varlığı da onun qəlbidir. Tərbiyəçi isə belə dəyərli olan insan qəlbini mükəmməlləşdirmək, təmizləmək və Allaha yaxınlaşmağa sövq etməklə məşğul olan insandır”.

Bu səbəbdən valideynlər övladlarını dayələrə verərkən əxlaqlı insanlar olmalarını əsas faktor olaraq görməli, uşaqlarının yaxşını pisdən ayıracaq xüsusiyyətlərlə yetişməsini əsas səbəb kimi görməlidirlər. Dayələr də onlara əmanət edılən körpələrin həm ruhən və mənən, təmiz xislətli yetişmələrinin şüuru içində olmalarına diqqət yetirməlidirlər. Təlim və tərbiyədə uğur qazanmanın əsas şərti, tərbiyəçilərin sözləri və tövsiyələri ilə yaşayışlarının bir-birinə paralellik ərz etməsidir. Elm adamları Hz. Məhəmməd (s.ə.s.)in təbliğ və irşadlarındakı misilsiz uğurunun onun öz əmir və tövsiyələrini sırf özünun dəqiqliklə tətbiq etməsində görürlər. Buna görə öncə valideynlər bu mövzuda Rəsulullahı örnək almalı, əməl və davranışlarına fikir verməli, eyni zamanda əmanət etdikləri dayələri seçərkən onlara verilən məvaciblərinin az olmasına deyil, əxlaqi keyfiyyətlərinin üstün olmasına fikir verməlidirlər. Çünki xeyirli övlad xeyirli bir tərbiyənin məhsuludur.

Samirə Mahmudova
«Bizim ailə» jurnalı

0 şərh