Uşaqları Youtube-dan necə qoruyaq?

Uşaqlarımızı sanki “canlı bombalar”a əmanət etmişik. Əllərində telefon, internetə çıxış və yaşlarına uyğun olmayan, tərbiyələrini pozacaq videolar, fotolar seli… Təbii ki, bir çox valideynlər övladları bu tələyə düşməsin deyə zərərli saytlara girişi məhdudlaşdırıblar. Amma bəzən çox güvəndiyimiz YouTube-da belə əxlaqsız qadınların səs yazıları daxil olan videolar, senzuradan kənar söhbətlər, görüntülər yer alır.

Uşaq bəzən YouTube-un trend videolar siyahısına daxil olanda ona uyğun olmayan görüntülərlə qarşılaşır. Birinə baxanda oxşar məzmunlu videoların siyahısı ilə tanış olur. Saytın strukturuna uyğun olaraq, adətən seçib baxılan videodan sonra məzmun etibarilə ona yaxın olanların siyahısı ilə tanış olursuz. Bəs övladlarımızı YouTube-da belə zərərli videolardan necə qoruyaq? Hər kəsə çatımlı olan, qadağan olunmamış bir saytda uşaqların tərbiyəsini zədələyəcək məzmunlu göndərişləri necə onların həyatından çıxara bilərik?

Uşaqlarımızı tələyə salan videolar – hansıları izləmək olmaz?
Mövzunun valideynlər üçün çox həssas olduğunu nəzərə alıb, sözügedən saytın iş siyasəti, yayım yanaşması ilə bağlı bəzi detallar barədə arayış hazırlamışıq.

Yuxarıda da qeyd etdiyimiz kimi, YouTube-da çılpaqlıq və cinsi təhrik xarakterli videoların qəbul edilmə ehtimalı olduqca aşağıdır. Ümumən bu saytda pornoqrafik görüntülərlə qarşılaşa bilməzsiz. Fetiş məzmunlu videolar sözügedən aksiyanın şiddətinə görə saytdan çıxarıla bilər və bu videolara yaş məhdudiyyəti qoyula bilər. Bir çox hallarda şiddət məzmunlu, vizual baxımdan narahatçılıq yaradan, eləcə də insanları alçaldan fetiş məzmunlu videoların YouTube-da göstərilməsinə icazə verilməz.

Çılpaqlıq və ya başqa bir cinsi məzmun tərkibli bir videonun yayımına ancaq elmi, sənədli film və ya sənət məqsədilə çəkilibsə, icazə verilə bilər. Və ya çox açıq deyilsə, narahat etmirsə, bu halda da mümkündür. Məsələn, döş xərçəngi ilə bağlı bir sənədli filmin yayımında heç bir problem yoxdur. Videonun başlığında və məzmun yerində onun təqdimatının məqsədini açıq şəkildə qeyd etsəniz, heç bir problem yaranmayacaq.


Yaş məhdudiyyəti olan videolar
Videolar cizgini aşmadığı, amma yenə də cinsi məzmun əhatə etdiyi zaman yaş məhdudiyyəti qoyula bilir. Çılpaqlıq və ya dramatikləşdirilmiş cinsi münasibət məzmunlu videolar sənədli, elmi məzmunda olsa belə, ona yaş məhdudiyyəti qoyulmalıdır. Üzərində çox az və ya bədəni nümayiş etdirən geyim olan fərdlərin olduğu videolar da təhrikedici xarakterlidirsə, ona yaş məhdudiyyəti gətirilməlidir.

Əgər baxdığınız hansısa video bu əlamətləri özündə əks etdirirsə və yaş məhdudiyyəti yoxdursa, bu halda saytın “videonu işarələ” bölməsindən işarələyib, bu barədə sayt rəhbərliyinə xəbərdarlıq edə bilərsiz. Yaş məhdudiyyəti olan videoları ümumən görmək istəmirsizsə, saytın “məhdud mod” (türkcə buna “kısıtlı Mod” deyilir) xüsusiyyətini aktivləşdirməyə cəhd edə bilərsiniz.

Nifrət yayan videolar
YouTube saytı rəhbərliyi eyni zamanda elan edir ki, insanların sərbəst danışma azadlığını təşviq edir və populyar olmayan baxış bucaqlarını ifadə etmə haqqını müdafiəyə çalışsa da, nifrət dolu nitqə əsla icazə vermirlər. Nifrət aşağıdakı kimi müəyyən xarakterlərə istinad edərək, fərdlərə və qruplara qarşı nifrət oyandırmağı özünə məqsəd seçən və ya şiddəti təşviq edən məzmundur.

İrq və ya etnik kök, din, fiziki qüsur, cinsiyyət, yaş, əsgərlik durumu, cinsi kimlik, oriyentasiya.

Bu arada unutmayın ki, kobud və ya aşağılayıcı bütün ifadələr nifrət xarakterli qəbul edilməyə də bilər. Amma hansısa bir insanın paylaşımından narahatlıq keçirirsinizsə, sözügedən istifadəçini əngəlləyə bilərsiniz. Bu videonun ümumən saytdan kənarlaşdırılmasını istəsəniz, onu işarələyərək, məqsədinizə çata bilərsiniz.

Təhlükəli, uşaqların tərbiyəsini, insanların psixikasını, əsəbini pozan, eləcə də terrora çağırış xarakterli bütün paylaşımlar üçün yuxarıda dediyimiz tədbirlər görülə bilər. Xüsusən son illər şiddət xarakterli videoların sayı artdığı üçün saytın rəhbərliyi dərhal bunu yayanların bloklanmasına, ya da bir müddət bloklanmasına qərar verir.

Videolarını yayımladığı hər gün üçün 116 min dollar tələb etdi və… aldı…
İnternetdə filtrasiya sistemi internet servis təminediciləri vasitəsilə Amerika, Kanada, Avropa ölkələri, Orta Şərq ölkələri və bəzi Uzaq Şərq ölkələrində həyata keçirilməkdədir. Demək olar ki, hər ölkənin həssaslıqla üzərində dayandığı bu məqam xüsusən filtrasiya prosedurunun uşaq pornosu üçün həyata keçirilməsidir. Xüsusən Avropa ölkələrində bənzər prosedur polis və ya telekommunikasiya sahəsində tənzimləyici qurumların yönləndirilməsi ilə, amma qeyri-hökumət təşkilatları, ya da könüllülər vasitəsilə həyata keçirilir.

İnternetdə “uşaq pornoqrafiyası” filtrasiyası inkişaf etdirildi. İsveçin ən böyük iki internet təminedicisi “uşaq pornoqrafiyası filtrasiyası” yaradıb. “Teliasoner”a və “Telenor” şirkətləri filtrasiyanın polisin qeyri-qanuni adlandırdığı saytlara girişi əngəllədiyini açıqlayıb. Bu cür saytlara girmək istəyənlər polisin xəbərdarlığının yer aldığı bir sayta yönləndiriləcək. Polis isə qeyri-qanuni saytların siyahısının daim yeniləndiyini və bunları günlük olaraq internet təminedici şirkətlərə göndərdiyini açıqladı.

Daha bir nümunə. Braziliya məhkəməsi internetin ən böyük video portalı YouTube Ronaldonun keçmiş arvadına aid cinsi məzmunlu görüntüləri portaldan çıxarana qədər qapatmaq qərarı alıb… “Real” Madridin sabiq futbolçusu Ronaldonun eks həyat yoldaşı, məşhur maneken Daniela Cicarelli sevgilisi Tato Malzoniylə sahildə səmimi görüntülərinin yer aldığı videonun yayımlanması üzərinə keçdiyimiz aylarda Braziliya məhkəməsinə müraciət edərək, YouTube-u məhkəməyə verib. Videogörüntülərini yayınladığı hər gün üçün video portalından 116 min dollar tələb edən və görüntülər yayımdan çıxarılana qədər YouTube-un qapanmasını tələb edən Cicarelli üçüncü məhkəmədən sonra bu görüntülərin yayımdan çıxarılana qədər YouTube-a qapatma cəzası verilib.

YouTube-un “mətbəx”i və “mətbəx”ində bişənlər
Bəs kimdir, yüz milyonları öz ətrafında birləşdirən bu şirkətin qurucusu? Maliyyəsi, strategiyaları nələrdir, yayım siyasətində nə kimi məqamlar yer alıb?* YouTube-un üç təsisçisi də (Steve Chen, Chad Hurley, Jawed Karim) öz layihələrinə başlayarkən Paypal-da işləyirdilər. YouTube domeni 15 fevral 2005-ci ildə işlənib hazırlanıb. YouTube-da qeydiyyatdan keçmiş istifadəçilərin 70%-i ABŞ-dandır. Yaşı 20-dən aşağı olan istifadəçilər bütün istifadəçilərin 50%-i təşkil edir. Əgər YouTube Hollivud kino şirkəti olsa idi, onda onun hər həftə 60000 yeni film buraxmaq üçün kifayət qədər materialı olardı. Təkcə son 2 ay ərzində YouTube-a yüklənmiş videoları hazırlamaq üçün NBC, ABC, CBS teleşirkətləri 1948-ci ildən etibarən istirahət günləri olmadan gecə-gündüz işləməli idi. YouTube-dakı bütün videolara baxmaq üçün 1000 ildən çox vaxt lazımdır (lakin o vaxta qədər YouTube-a yüklənmiş videoların sayı milyard qədər artacaq). Video yüklənilməsi üçün ən məşhur kateqoriya “Musiqi” bölməsidir, bu kateqoriyada YouTube-dakı bütün videoların 20%-i yerləşir. YouTube-a ən çox video ABŞ-dan yüklənir, onun arxasınca Böyük Britaniya gəlir. Eləcə də ABŞ istifadəçiləri ən çox video izləyənlərdir, baxışların sayına görə ikinci yerdə isə Yaponiya gəlir.

YouTube-a yerləşdirilmiş ilk video onun təsisçilərindən biri olan Caved Kərim tərəfindən 23 aprel 2005-ci ildə yüklənilmiş “Mən zooparkdayam” videosudur. YouTube-da videolara gündəlik baxış sayı 2 milyarddan çoxdur. Google YouTube-u 2006-cı ildə 1,65 milyard dollara satın alıb. 13 mart 2007-ci ildə “Viacom” şirkəti YouTube servisini müəllif hüquqlarının kütləvi şəkildə pozulmasında ittiham edərək Google-u məhkəməyə verib. O, Google-dan servis istifadəçilərinin şəxsi məlumatlarını verməyi tələb edirdi. Nyu-York ştatının Cənub mahalının federal məhkəməsi iddiaçının tələbini təmin etdi, bu da ABŞ federal qanununa zidd idi. Videoları YouTube-da məşhur olan bir çox istifadəçilər nəticədə internetdən kənarda da ulduz ola biliblər. Məsələn, anası tərəfindən YouTube-a yerləşdirilən videolar sayəsində Kanadadan olan superulduz Castin Biber məşhur səsyazma studiyası ilə uzunmüddətli müqavilə bağlaya bilib.



YouTube-da “Pasxa yumurtası”: əgər video yükləyərkən klavişi yuxarı, aşağı, sola və sağa bassanız onda “İlan” oyunu işə düşəcək. 2010-cu il noyabr ayının statistikasına görə, bir dəqiqə ərzində YouTube-a 35, gün ərzində isə 50400 saatlıq video yüklənir. Silinən videolara Deleted YouTube Video Viewer kimi bir sıra proqramların köməyi ilə baxmaq mümkündür. 2009-cu ilin martında Tibet rahiblərinin və Tibetin digər əhalisinin Çin əsgərləri tərəfindən döyülməsini göstərən videonun YouTube-da yerləşdirilməsindən sonra Çin hakimiyyəti tərəfindən sayta giriş qadağan edildi.

YouTube.com ünvanı 2005-ci ilin 14 fevralında yaradılıb. Amma internet ünvanı eyni şəkildə səslənən bir boru firması olan Utubeun onun başına bəla olması uzun çəkmədi. Çünki YouTube-a girmək istəyən insanlar utube.com-u və dolayısı ilə şirkəti məşğul etdi. Şirkət YouTube-dan məhkəməyə şikayət etsə də, bu işdə uduzdu. Məhkəmədən sonra şirkət öz ünvanını başqa yerə daşıdığı halda, utube.com ünvanını da əlindən çıxardı. Hazırda utube bir video saytı olaraq fəaliyyətdədir.

İçində qurucu ortaqlarından olan Caved Kərimin də yer aldığı mənasız və məqsədsiz bir video kanala yüklənən ilk video olub və bu günə qədər 30 milyona yaxın insan tərəfindən izlənib. Mobil internet inqilabı və uyğun vasitələrlə birlikdə artıq YouTube öz hərəkət qrafikinin yarısını mobil telefondan təmin edir. Maraqlı cəhət isə odur ki, bu hərəkətin böyük bir qismi YouTube-u video izləmək üçün yox, musiqi dinləmək üçün istifadə edir. YouTube-un 2015 sonu rəqəmlərinə görə, dəqiqədə tam 400 saat video YouTube-a yüklənir. Bu, YouTube-un çox böyük bir saxlama bazası olduğu mənasına gəlir.

YouTube-a hər dəqiqə ümumilikdə 100 saat uzunluğunda video yüklənir. Dünyadakı ən qədim pişik videosu 1894-cü ilə aiddir və youtube-a yüklənib. YouTube-da ən çox baxılan video “Gangham Style”dır. YouTube ulduzu “Grumpy Cat”, 2014-cü ildə Oscar mükafatı qazanan Qvinet Patroudan daha çox pul qazanıb. Youtube-da ən az bəyənilən video (ən çox dislike alan) Castin Biberin “Baby” mahnısıdır – 4,400,000 dislike alıb. YouTube-un Los Ancelesdə “Production Space” bölümü var. Kanalınızın 10 mindən artıq üzvü olduğu zaman onu istifadə edə bilərsiniz. Bundan başqa, YouTube-dakı ən populyar videonun 60 faizi Almaniyada blok edilib.

Sevinc TELMANQIZI

0 şərh