Uşağın hədiyyəyə münasibətini necə formalaşdırmalı?

Uşaqda hədiyyə bağışlamaq və hədiyyə qəbul etmək mədəniyyətini necə formalaşdırmalıyıq?
Bu barədə Uşaq Bağçasının Meneceri Mədinə İmanovanın fikirlərini təqdim edirik:
Uşaqda hədiyyə bağışlamaq və hədiyyə qəbul etmək mədəniyyətini formalaşdırmaq asan səslənsə də, dərinə varanda çətin məsələdir. Buna planlı şəkildə yanaşmaq lazımdır. Həm hədiyyə qəbul etmək, həm də hədiyyə bağışlamaq mədəniyyətini uşağa ayrı-ayrılıqda aşılamaq lazımdır. Uşağın hədiyyəyə münasibəti
Hədiyyə bağışlamaq. Burada ilk çətinlik hədiyyə seçimindədir. Hədiyyəni seçərkən uşaqlar öz istəklərini başqa uşağa hədiyyə verəcək əşyaya proeksiya edir. Yəni, özü robot arzusundadırsa, həmin dostu üçün robot seçəcək. Belə olduqda isə ikinci çətinliklə rastlaşırıq. Uşaq arzuladığı robotu dostu üçün alsa da, onu hədiyyə etmək istəmir. Razlaşaq ki, bunu hətta biz, böyüklər də bəzən çətinliklə edirik. Bu halda bizim uşağa köməyimiz nə ola bilər? Hədiyyə seçimində övladımızı öz istəklərinə deyil, hədiyyə bağışlanacaq uşağın həvəs və maraq dairəsindən seçim etməyə yönləndirməliyik. Bunlar hamısı uşaqla müzakirə olunmalıdır.
Hədiyyə təqdim etmək. Bu zaman belə uşaq hədiyyəni vermək istəməyə bilər. Bu, normaldır. Belə halda onu tənqid edib “Sən necə də paxılsan”, “Sən ki hədiyyəni özün almısan” kimi fikirləri söyləmək doğru deyil. Uşağı sakit bir məkana çəkərək, təzyiqsiz formada onu başa düşdüyünüzü deməlisiniz. Bu işdə sizə başınıza gələn analoji vəziyyəti nəql etmək, sizin də özünüzü pis hiss etdiyinizi demək kömək edə bilər, lakin həmin hədiyyənin dostumuzu necə sevindirəcəyini də əlavə edin. Uşağa bildirin ki, bu gün onun hədiyyəsi dostunu çox sevindirəcək, eyni zamanda onun özünə də ad günündə və ya bayramda istədiyi hədiyyələr bağışlanacaq və o da dostu kimi sevinəcək.
Hədiyyə qəbul etmək. Hədiyyə qəbul edəndə isə biz uşağa əvvəlcədən hədiyyə edənə təşəkkür bildirməyi və təmkinlə hədiyyəni açmağı öyrətməliyik. Hətta, uşaqla həmin vəziyyəti müzakirə edib, oyun formasında oynamaq olar. Bununla yanaşı, hədiyyə uşağın xoşuna gəlməsə də, nəzakətli olmağı və bunu qarşıdakı insana hiss etdirməməyi öyrətməliyik.
Ümumiyyətlə, uşağa hədiyyə verən insan hədiyyənin bəzədilməsi, səliqəli daşınması, təmtəraqlı təqdim edilməsinə diqqət yetirirsə, uşaq anlayır ki, həmin insan üçün dəyərlidir və onda da qarşılıqlı hisslər formalaşır.
 
Mənbə: bagcam.az

0 şərh