Sözün gücü

İkisini də tanıyırdım, bir-birləri üçün yaranmışlardan idilər. Dünyagörüşü, ailələrinin statusu, savadları, hətta boyları da, zövqləri də uyğun gəlirdi. Gözlərinin qabağında olsalar da bir-birlərini tapa bilmədilər. «Taylı tayını tapmasa, günü ah-vayla keçər» deyib atalar. Qız bircə sözü gözləyirdi, oğlanın həmin sözü deməyə cürəti çatmadı…
Çox vaxt biz bilmirik ki, bizim həyatımızı bircə söz dəyişə bilər. Sanırıq ki, həyatımızın dəyişilməsi hansısa şəraitdən, bəzən də bəxtdən asılıdır. Özü də bu şərait, bu bəxt yetişməsə, gətirməsə, biz öz həyatımızı dəyişdirmək qabiliyyətində deyilik. Əlbəttə, hansısa fövqəladə vəziyyət, yanğın, sel… istisna olmaqla. Amma düşünə bilmirik, düşünə bilmirik ki, həyatımızın axarını bəlkə də bircə, yeganə söz dəyişə bilər. Çox vaxt sözümüzü açıq deyə bilmirik, informasiyanı düzgün çatdıra bilmirik, sevdiyimizi, nifrətimizi söyləməyə utanırıq, öz arzumuzu dilimizə gətirə bilmirik. Və bu fikrini sonuna qədər çatdırmamaq ucbatından şüurlu, yoxsa təhtəlşüurdan asılı olmadan ürəyimizdəki istəyi qarşı tərəfə ötürə bilmirik. Nəticədə isə həyatımızın axarını dəyişəcək, istəmədiyimiz istiqamətə yönlənməmək əleyhinə heç bir iş görmürük...
Yuxarıda çəkdiyim misalda belə bir situasiyanı təsəvvür edin: qız özü oğlanı sevdiyini birinci olaraq söyləsəydi, vəziyyət necə dəyişilərdi. Amma yox, yazılmamış qanun var ki, oğlan öz sevgisini ilk olaraq söyləməlidir. Çünki qızın eşq elan etməsi cəmiyyət tərəfindən yaxşı qarşılanmır, ümumi qəbul olunmuş qaydalardan kənara çıxır… Bəs bəlkə oğlan susur, sözünü deyə bilmir? Haradan biləcəksən onun hisslərini, ürəyindəkini? Təkcə hərəkətləri ilə? Məncə, yox. Qadın öz həyatını sevdiyi adamla (yuxarıda məhz bu situasiyanı vurğulamışdım) qurmaq istəyirsə, niyə də öz sevgisini söyləməməli, ürəyində, beynində dolaşan fikri deyib qarşı tərəfin cavabını bilməməlidir ki?
Əsərlərdə, kinolarda, deməli, elə həyatda da kişi evdən gedəndə adətən qadının sözü bu olur: «Mən sənin uşaqlarının anasıyam!» Kişi isə çıxıb gedir. Bəlkə qadın ürəyindəkini dilinə gətirsin, hisslərini çatdırsın, desin ki, mən sənsiz yaşaya bilmirəm, sənsiz həyatımın mənası yoxdur, mən səni sevirəm!.. Bəlkə də kişi qalardı...
Başqa misal gətirim: biz kimdənsə xahiş etməyə qorxuruq. Adam təkcə sizin problemləriniz haqda təkcə sizin söylədiklərinizi eşidir. Siz dərdinizi danışmaqla adamdan kömək etməsini xahiş etmiş olmursunuz. Ola bilər ki, adam sizin danışdıqlarınıza sadəcə olaraq qulaq asır, başını yellədir və dönüb gedir də. Adam çıxıb gedir, biz isə hirsimizdən boğuluruq ki, inandığın adam çətin vəziyyətdə, sənin gününü bilərək sənə kömək etmək istəmədi. Nəyə hirlənirik ki. Axı sadəcə olaraq adamdan kömək etməsini xahiş etmək olardı. Əlbəttə qürurunu saxlamaqla, adi sözlərlə, əmr və ya yazıqlıq formasında olmamaq şərti ilə kömək istədiyini çatdırırsan.
Məsələn, daha qılıqlı adam müəyyən bir vəzifə tutur. Kütlədə buna təəccüblənmirlər, amma belə bir fikir dolaşır ki, bu adam kimlərinsə «boşqabını yalayır»… Əslində heç kəsin «boşqabını yalamır». O, sadəcə olaraq ünsiyyət qura bilir, zirəkliyi var, fürsəti fövtə vermir, həmin anda kimə nə və necə deyəcəyini bilir və öz ambisiyalarını həyata keçirə bilir.
Bəzən olur ki, hansısa operatora zəng edib nə isə soruşmağa da çəkinirik. Nəyə görə? Bu zəng bizim özümüzə lazım olsa da, hətta onu da kiminsə çiyninə yükləyirik. Ünsiyyətdən qorxuruq? Bəs onda həyatda vaxtımızı nəyə xərcləyəcəyik ki? Bizim bütün həyatımız sözdən, ünsiyyətdən, informasiya almaqdan, fikir və təcrübə bölüşdürülməsindən ibarətdir. Bütün bunlar tam olanda həyatımızda qarşımıza qoyduğumuz məqsədlərə çata bilərik.
İnanın ki, bu kiməsə öyüd vermək istəyi deyil, adi həyat reallığıdır. Bizim necə, hansı intonasiya ilə danışmağımızdan, bunun üçün əlverişli məqam seçməyimizdən, konkret necə danışmağımız və hansı sözlər seçməyimizdən çox şeylər asılıdır. Bu heç də asan iş deyil. Həqiqətən. Əslində düşündüyünü danışmaq çox çətindir. Amma düzlük həqiqəti doğurur və bununla da biz gələcəyimizə yol açmış oluruq. İnformasiyanın sözlə yanlış yönəldilməsi faktları qarışdırır ki, nəticədə sizi çaşdırır və dalana aparır, ən azından boş-boşuna vaxt itirməyinizə səbəb olur. Belə vəziyyətdə isə məqsədə aparan yol haqda danışmağa dəyməz...
Ola bilər ki, informasiyanın sözləri qısa olsun, amma çox ağrı gətirsin. Söz adamda ümid yeri də qoyar, ümidsizlik də yaradar, adamı alçaldar da, yaşamağa məcbur edər də… Sadəcə olaraq, nə dediyimizi, sözü kimə dediyimizi, nəyə görə dediyimizi bilməliyik. Ancaq niyyəti, istəyi konkret olan adam «sevirəm», «istəyirəm», «kömək et», «kömək edərəm» sözlərini deyə bilir!
Bir də, adam gərək «Yox» deməyi bacarsın. Bir çox adamlar üçün bu söz həyatda ən vacib sözlərdən biridir. Bu, adamın xarakterini göstərən sözdür. Kütlənin ardınca düşmək olmaz. Əgər dünya özünü sənin anlayışınla düz aparmırsa, sənin əxlaqın və vicdanınla, ədalət haqda anlayışınla düz gəlmirsə, onda «Yox!» deməyi bacarmalısan. Bu, insanın daxili özəyi olmalıdır. Çoxluq «Hə!» deyəndə «Yox!» deməyi bacarmaq lazımdır. Ona görə yox ki, onlar belə düşünürlər, ona görə ki, kütlənin, çoxluğun əksinə getməyə cürətləri yoxdur. Onlara öz fikirlərini söyləməkdənsə, başqaları ilə razılaşmaq daha asandır. Təəssüf ki, belə adamlar daha çoxdur. İnsanların kollektiv düşüncələri fərdilər üzərində ağalıq edir. Ancaq qorxmadan, cəsarətlə öz məqsədlərini həyata keçirən adamlar lazımlı anda, lazımlı sözləri, hərəkətləri ayırd edənlərdir. Bəlkə belələrindən ola bilək?! Yoxsa burada da kütləyə qoşulub «yox» demək qərarındasınız?..
Müəllif: Oqtay Salamov
Mənbə: Milli.Az
 

1 şərh

perceptron
Bizim menliyimiz fikirleshdiyimizden de elastikidir, ne qeder eyilse de qirilmir, odur ki, cehd elemeye deyer.