Britaniya, Estoniya, Polşa universitetlərinə qəbul olsam da, keyfiyyətli təhsil üçün sonda Macarıstanı seçdim

Macarıstanın Corvinus universitetində, biznesin idarə edilməsi (Business Administration) fakultəsində təhsil alan həmyerlimiz Bahadur Cabbarov bizim bugünkü müsahibimizdir. O, bir çox aparıcı universitetlərə qəbul olsa da, təhsil alması üçün məhz Macarıstanı seçmişdir. Biz də onun seçiminin səbəbi, Budapeştdə yaşadığı tələbə həyatı, oxuduğu universitet və ixtisas, oranın təhsil sistemi barədə ona suallar ünvanladıq. Buyurub, həmin müsahibəni oxuya bilərsiniz.

-Oxuduğunuz ixtisas və Corvinus universiteti barədə məlumat verə bilərsinizmi?

Mən Corvinus universitetində biznesin idarə edilməsi (Business Administration) fakultəsində, bakalavr pilləsində təhsil alıram. Corvinus Universiteti Macarıstanın və Avropanın sayılıb seçilən universitetlərindən biri hesab olunur. Bu universitet iqtisadiyyat və maliyyə  ixtisasları üzrə verdiyi təhsilin keyfiyyətinə görə tanınır və bütün dünyada qəbul olunur. Qeyd etmək istərdim ki, bu universitet “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na daxildir və mən də Corvinus universitetində bu dövlət proqramı əsasında təqaüdə layiq görülmüşəm və verilən təqaüdlə aylıq xərclərim tamamilə ödənilir.

— Necə oldu ki, məhz Macarıstanda təhsil almağa başladınız? Bu ölkəyə sizi nə cəlb etdi?

Macarıstandan əlavə mən bir çox universitetlərə daxil olmuşdum və xarici universitetlərdə oxumaq üçün dəvətlər almışdım. Estoniya, Polşa, Britaniya kimi nüfuzlu ölkələrin universitetlərdən mənə qəbul məktubu gəlmişdi.  Lakin, həyat tərzi və rahatlığı, həm də Corvinus Universitetinin nüfuzuna görə Macarıstanda təhsil almağı üstün tutdum. Beləliklə də, Britaniya,  Estoniya, Polşa universitetlərinə qəbul  olsam da,  keyfiyyətli təhsil üçün sonda Macarıstanı  seçdim.

— Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Macarıstan universitetlərində dərslər daha çox təcrübəyə və real praktikaya əsaslanır. Bu praktikalar nəticəsində tələbələr dərsləri daha yaxşı öyrənirlər və gələcək iş həyatı üçün özlərini daha hazırlıqlı hesab edirlər.

-İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatmışdı?

Macarıstana gələndə həyatımda ilk dəfə idi ki, uzun müddətlilik xarici ölkəyə gəlmişdim. Qarşımda fərqli yer, fərqli cəmiyyət vardı. Budapeştdə yaşadıqca şəhərin tarixi gözəlliyi, macarların istiqanlılığı göstərdi ki,  mən təhsilim üçün Macarıstanı seçərkən düzgün qərar vermişəm.

-Budapeştə gələn əcnəbi tələbələr öz asüdə vaxtlarını necə keçirirlər? Macarıstanda əcnəbi tələbələr üçün tələbə həyatı necə keçir?

Budapeşt tələbə şəhəri desəm yanılmaram. Çünki,  burada hər bir ölkədən tələbə tapa bilərsiniz. Tələbələrin sosial həyatı çox maraqlı olur. Həftə sonları beynəlxalq tədbirlər olur və bütün tələbələr həftənin yorğunluqlarını, stresslərini dostları ilə birgə əylənərək atırlar. Kafelər, restoranlar, geniş və yaşıl parklar, kitabxanalar da tələbələrin boş vaxtını keçirməsi üçün əla məkanlardır.  Dunay çayı isə Budapeştə xüsusi gözəllik verir.

-Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

Məsləhət edərdim ki, tələbələr ilk növbədə seçdikləri universitetin dünyadakı nüfuzuna önəm verməlidirlər. Daha sonra tələbələr getmək istədiyi şəhərin sosial yaşına baxmalıdır. Gənclərin, daha dəqiq desək xarici tələbələrin çox olduqları yerləri seçsələr daha yaxşı olar. Digər məsləhətim odur ki, Macarıstan universitetlərinin birində təhsil almaq istəsələr www.study-hungary.com  saytına baş çəkə bilərlər. Çünki, burada ən nüfuzlu Macarıstan universitetləri barədə ətraflı məlumatlar yerləşdirilib. Bu isə valideynlərə və tələbələrə geniş məlumat almağa və düzgün seçim etməyə şərait yaradır.

-Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Sizə də təşəkkürlər

Mənbə: Telebe.az

1 şərh

name
Yəqin Britaniyadakı universitet dövlət proqramı siyahısında deyilmiş, ona görə Macarıstana gedib. Çünki adətən elə olur. Xarici tələbələrdən o qədər pul istəyirlər ki, məcbur olub o da burs ala biləcəyi yerə gedir. Amma o pul boşu-boşuna verilmir, ordakı sistemi görəndən sonra məcburi (pulun qarşılığında) Azərbaycana gəlib işləməli olanda əsəbləri aldığı pulu geri qaytaracaq.