Avstraliya Milli Universiteti

Avstraliya Milli Universiteti (Australian National University ) Avstraliyanın ən nüfuzlu və tanınmış dövlət ali məktəbidir. Universitet Avstraliyanın paytaxtı Kanberra şəhərində yerləşir. Avstraliya Milli Universiteti Avstraliyanın ən nüfuzlu səkkiz ali təhsil müəssisəsini cəmləşdirən "Səkkizlik qrupu"na, "Sakit Okean Regionu Universitetləri", "Astronomiya Tədqiqat Universitetləri" assosiasiyalarına və "Beynəlxalq Tədqiqat Universitetləri İttifaqı"na daxildir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Avstraliya Milli Universiteti 100 ən yaxşı ali məktəb arasında 17-ci yerdə sıralanıb. Həmin jurnalın Avstraliya universitetləri üzrə apardığı reytinqə görə, Avstraliya Milli Universitetinin hər il birinci yerdə dayandığı məlum olub.

Yerləşir: Avstraliya, Kanberra şəhəri
Yaranma tarixi: 1946
Tipi: Dövlət
İllik büdcəsi: 760873000 Avstraliya dolları
İşçi heyəti: 3874 nəfər
Tələbələrin sayı: 16715 nəfər
Rəsmi saytı: www.anu.edu.au

Tarixi

II Dünya müharibəsindən sonra Avstraliya dövlətinin rəhbərliyi ölkənin həyatında əhəmiyyətli dəyişiklik etmək, dövlətin imicini formalaşdırmaq, qonşu dövlətlərlə əlaqələri və iqtisadi inkişafı gücləndirmək  məqsədilə universitet yaratmaq qərarına gəlir. ölkənin baş naziri Bin çifli və müharibədən sonra bərpa işləri üzrə nazir vəzifəsində çalışmış J.J. Dedman universitet yaradılması haqqında qanunu parlamentin müzakirəsinə verirlər. Beləliklə, 1 avqust 1946-cı ildə Avstraliya Federal Parlamenti Avstraliya Milli Universitetinin yaradılması haqqında akt qəbul edir və universitet Avstraliyada Federal Parlament tərəfindən yaradılan yeganə ali məktəb olur.

Yarandığı gündən universitetdə Avstraliyanin dünyada tanınmış alimləri - radiolokasiya və nüvə fizikası üzrə layihələrilə lider olan Mark Olifant, penisillinin yaradıcısı ser Hovard Flori, tanınmış tarixçi Keyt Xenkoka, iqtisadçı Herbert Kumbs və s. çalışmağa başlayır.

1949-cu ildə universitetin əsas binası, Con Kertin Tibb Məktəbi və Fizika Elmləri  Tədqiqatlar Məktəbi  tikilir. Avstraliya Konstitusiyasının yaradıcılarından olmuş Robert Garran 1951-ci ildə Avstraliya Milli Universitetinin ilk fəxri doktorluq dərəcəsinə layiq görülür. 1952-ci ildə Lord Bryus ali təhsil müəssisəsinin ilk kansleri təyin olunur.

Avstraliya Milli Universitetinin inkişafında və möhkəmlənməsində də bir sıra şəxslərin xüsusi xidmətləri olub. Bunlardan 1960-1971-ci illərdə tarix fakültəsinə rəhbərlik etmiş, tarixçi professor Menninq Klarkı, su çiçəyi xəstəliyinin müalicəsində, peyvəndin yaradılmasında aparıcı rol oynamış professor Frenk Fenneri, universitetin ilk qadın professoru Hanna Neymanı qeyd etmək olar.

1960-cı ildə Avstraliya Milli Universitetindən öncə fəaliyyət göstərən Kanberra Universitet Kolleci bu ali məktəblə birləşdirilir və həmin ildən universitetə tələbə qəbulu genişləndirilir. 1960-cı ildə universitetin Sosial Elmlər və Sakit Okean Elmi-Tədqiqat məktəbləri, incəsənət, iqtisadiyyat, hüquq və elmlər fakültəsi açılır. Bir il sonra universitetin kampusunda ilk Bryus Holl tələbə yataqxanası tikilir, şərqşünaslıq fakültəsi (1970-ci ildən Asiya Elmləri Məktəbi adlanır), Yeni Qvineya Tədqiqat Bölməsi yaradılır. 1967-ci ildə Kimya və Biologiya Elmi-Tədqiqat məktəbləri, 1968-ci ildə Kompüter Mərkəzi, 1972-ci ildə Yer Haqqında Elmlər Məktəbi, Resurs və Ekoloji Tədqiqatlar  Mərkəzi, 1973-cü ildə Şimali Avstraliya Tədqiqat Bölməsi, 1974-cü ildə  Bəşəriyyət Tədqiqatı Mərkəzi, 1979-cu ildə isə ümumi Tədqiqatlar Məktəbi açılır.

1984-cü ildə  Saydinq Sprinq rəsədxanasında 2,3 metrlik teleskop hazırlanır. 1987-ci ildə isə Avstraliya Milli Universiteti "Fujitsu FACOM VP50 vektor prosessoru" əldə edir və superkompüter yaradır. 1992-ci ildə Kanberra İncəsənət İnstitutu Avstraliya Milli Universiteti ilə birləşdirilir, 1993-cü ildə mühəndislik və informasiya texnologiyaları, 1998-ci ildə menecment, 1999-cu ildə ərəb və islam elmləri fakültələri açılır. 1996-cı ildə  Avstraliya Milli Universiteti təntənəli surətdə  50 illik yubileyini qeyd edir.

2001-ci ilin iyununda Avstraliya hökuməti universitet rəhbərliyi ilə birgə 12 virtual milli institut - İncəsənət, Asiya və Sakit Okean Regionu, Biologiya, İqtisadiyyat, Biznes, Texnika və İnformatika, Ətraf Mühitin Mühafizəsi, İdarəetmə və Hüquq, Yerli Avstraliyalılar, Sağlamlıq və Bəşəriyyət, Humanitar, Fiziki və Sosial Elmlər institutları  yaradılması haqqında qərar qəbul edir. 2004-cü ildə incəsənət fakültəsi universitetin Milli İncəsənət İnstitutuna birləşdirilir. 2006-cı ildə Avstraliya Milli Universitetində elmi məktəb, fakültə və mərkəzləri birləşdirən 7 kollec yaradılır.

Universitet bu gün

Avstraliya Milli Universitetinin əsas kampusu Kanberranın şəhərətrafı qəsəbəsi olan Ektonda 1,45 hektar ərazidə yerləşir. Universitetin kampusu Dikson, Linneus, Deyli, Kinqsli, Baldessin, Elleri, Liversic, Garran hissələri daxil olmaqla səkkiz inzibati ərazidən ibarətdir. Kampusun ərazisində 200-dən çox bina, tədris müəssisələri, yataqxanalar müxtəlif tələbə mərkəzləri yerləşir. Avstraliya Milli Universitetində  təhsil alan tələbələr  üçün məşhur yataqxanalardan Bryus, Ursula, Fenner, Toad, Barton və Garran rezidensiyalarını  qeyd etmək olar. Hazırda universitetin şəhərciyində 3126 tələbə  yaşayır. Universitet Cəmiyyəti  müəllimləri,  tələbələri və buraya gələn hər bir insanı  yüksək şəraitlə təmin edir. Kampusun ərazisində konsert zalları, teatrlar, mağazalar və bir sıra  əyləncə mərkəzləri fəaliyyət göstərir. Universitetin  İdman Assosiasiyası idmanın bütün növləri üzrə xidmət göstərir. Kampusun daxilində  hərəkət etmək üçün xüsusi  avtobuslar  mövcuddur.  Şəhərcikdə ağaclar çox olduğundan buranı "Yaşıl Kampus" da adlandırırlar, hətta Avstraliya Milli Universiteti 2003-cü ildə məhz bu yaşıllığa görə Ekologiya Cəmiyyəti tərəfindən  mükafatlandırılıb.

Avstraliya Milli Universitetində 7 kollec fəaliyyət göstərir:

İncəsənət və Sosial Elmlər Kolleci - humanitar elmlər, bədii incəsənət və sosial  elmlər üzrə  ixtisaslaşıb. İncəsənət fakültəsi, Bəşəriyyətin Tədqiqatı Məktəbi, Sosial Elmi-Tədqiqat Məktəbi, Yerli Əhalinin (Aborigen) İqtisadi Siyasət Araşdırma Mərkəzi, Avstraliya Demokrafik və Sosial Tədqiqat İnstitutu, Avstraliya Milli İnternaturalar Proqramı,  Maarifləndirici İnkişaf və Akademik Metodlar Mərkəzi də buraya daxildir.

Asiya və Sakit okean Kolleci -  Avstraliya, Əfqanıstan və Sakit okean əraziləri üzrə    mükəmməl  tədqiqatlar aparıb.  Kollec tərəfindən həmin ərazilərin  iqtisadiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, etnoqrafiyası  geniş öyrənilib. Asiya və Sakit okean Kollecinə  Asiya Elmləri Fakültəsi, Asiya və Sakit okean Elmləri Tədqiqatları, Kroford İqtisadiyyat və Hökumət məktəbləri  daxildir.

Biznes və İqtisadiyyat Kolleci - bir çox ixtisaslar,  sənaye, iqtisadiyyat, biznes, idarəetmə sahələri üzrə  dünya  standartlarına uyğun  tədqiqatlar aparır, müxtəlif  proqramlar  həyata keçirir və elmi dərəcələr verir.

Mühəndislik və Kompüter Elmləri Kolleci - kompüter elmləri və mühəndislik sahələri üzrə  qabaqcıl təcrübələrə malikdir. Kollecə Kompüter Elmləri, İnformasiya Texnologiyaları  və Mühəndislik   departamentləri daxildir. Kollecin bir çox əməkdaşları və tədqiqatçıları beynəlxalq  informasiya  texnologiyaları  institutları ilə  işbirliyi qurur.

Hüquq Kolleci -  ictimaiyyət üçün faydalı tədqiqatlar həyata keçirir,  məhkəmələrdə iştirak edərək  ictimaiyyətlə  sıx əlaqə yaradır,  ödənişsiz   hüquq məsləhətləri verir, qanunvericilikdə  islahatlar   aparır və  cəmiyyətdə ədalətliliyin  təminatçısı kimi çıxış edir.

Tibb, Biologiya və Ətraf Mühitin Mühafizəsi Kolleci - həyat, dəqiq,  psixologiya və ekologiya elmləri, tibbin bütün sahələri, əhalinin  sağlamlığı, kliniki təcrübə üzrə geniş tədqiqatlar aparır və   ən müasir  tələblərə cavab verən  şəraitə malikdir. Kollecə Fenner Ətraf Mühit və Cəmiyyətin Tədqiqatı, Biologiya Tədqiqatları, Səhiyyə və Psixoloji Elmlər, Con Kartin Tibbi Tədqiqatlar məktəbləri daxildir. Biologiya Tədqiqatları məktəbində  kənd təsərrüfatı, ətraf mühit, nevrologiya, vizual elmlər,  neyroetologiya, səhiyyə və texnologiya sahələri üzrə tədqiqatlar aparırlar.

Fizika Elmləri Kolleci - dəqiq elmlər üzrə   mükəmməl  tədqiqatlar həyata keçirir. Kollecə Riyaziyyat Elmləri İnstitutu, Fizika və Mühəndislik Elmləri, Astronomiya və Astrofizika, Kimya, Yer Elmləri Tədqiqatı məktəbləri, İctimaiyyətin Elmi Məlumatlanması Mərkəzi daxildir. Astronomiya və Astrofizika Məktəbində  Stromlo Rəsədxanası yerləşir. 2006-cı ildə  burada  dünyanın ən güclü teleskopu quraşdırılıb.  Bu layihə  dünyanın ən böyük  elmi-tədqiqat mərkəzlərindən olan  Arizona, Harvard universitetləri, Smitson Astrofizika Rəsədxanası ilə  əməkdaşlıq nəticəsində   həyata keçirilib.

Avstraliya Milli Universitetinin nəzdində müxtəlif  institutlar və elmi-tədqiqat mərkəzləri (Milli Avropa Mərkəzi, Riyaziyyat Elmləri İnstitutu, Milli Ali Menecment Məktəbi, Milli Epidemiologiya və Əhalinin Sağlamlığı  Mərkəzi, Ekles Nevrologiya İnstitutu, Enerji Sistemlərinin Sabitliyi Mərkəzi və s.) fəaliyyət göstərir. 2008-ci ildə  Avstraliya Milli Universiteti xərclərinin 80%-ni elmi-tədqiqat işlərinə ayırıb.   Hazırda Avstraliya Milli Universitetinin işçi heyəti 3 874 nəfərdən ibarətdir.  Onların  1578-ni  akademik heyət təşkil edir. Universitetin Milli Akademiyasına  320 nəfər qəbul edilib, onlara  tədqiqat qrantları və məsləhət xidmətləri üçün 1 milyon  Avstraliya dolları  vəsait  verilib.  Universitetə kansler Kim Bezli və vitse-kansler Yen çubb rəhbərlik edirlər.

Avstraliya Milli Universiteti kitabxanası qitənin ən böyük və zəngin kitabxanasıdır. Kitabxana sisteminə 2 milyon cilddən çox kitab daxildir və bu say  ildən-ilə artmaqdadır.  Avstraliya  Milli Universitetinin kitabxana  kolleksiyasına  bu universitetin Mətbəə Bazası, Asiya və Sakit okean, humanitar fənlər, hüquq, qəzetlər, rəsmi  sənədlər, nadir kitablar və əlyazmalar, ehtiyat  kolleksiya, elm və texnika, astronomiya,  biologiya, kimya, yer elmləri, mühəndislik və informasiya texnologiyaları, riyaziyyat,  tibb, fizika, psixologiya, sosial elmlər, tezislər və s. daxildir.

Avstraliya Milli Universitetinin kitabxanasında "Compendex" adlı  biblioqrafik  məlumat və resurs mərkəzi fəaliyyət göstərir. "Compendex" kompüterləşmiş mühəndislik  indeksi  sözlərindən yaradılmış abbreviaturadır. "Compendex" 5 000 mühəndislik sahəsinə aid jurnalları, konfranslara dair biblioqrafik məlumat və resursları  özündə birləşdirir. Bu istinad xarakterli sənədlərə Skopus adlanan məlumat və resurs mərkəzində də rast gəlmək olar. Skopus isə tədqiqat ədəbiyyatının geniş və abstrakt bazasını təşkil edir.

Mühəndislik sahəsinə dair 190 fənn və əsas ixtisaslar üzrə  təxminən 5 000 beynəlxalq mənbə və yeni elektron materiallar Skopusa əlavə edilib.  1969-cu ildən etibarən  bu məlumat və resurs mərkəzinin əhatə dairəsi genişlənir və hər həftə  yenilənir. Mühəndislik sahəsinə dair mövzular, əsasən, nüvə texnologiyası,  biomühəndislik, transportasiya, kimyəvi və  emal  mühəndisliyi, yüngül  və optik  texnologiya, kənd təsərrüfatı mühəndisliyi və ərzaq  texnologiyası, komputer və verilənlər bazasının işlənilib hazırlanması, tətbiqi fizika, elektronika və kommunikasiya, nəzarət,  mülki, mexaniki, materiallar, neft,  aviakosmik və  avtomatik  mühəndislik sahəsini əhatə edir.

Avstraliya Milli Universitetinin məşhur məzunları

Avstraliya Milli Universitetinin çoxlu sayda məşhur məzunları var. Universiteti bitirən  şəxslərin əksəriyyəti yüksək  karyera əldə ediblər, onlar tanınmış  elm  və incəsənət  xadimləridir.  Universitetdə "Məzunlar cəmiyyəti"  fəaliyyət  göstərir.  65000 nəfərdən ibarət olan bu cəmiyyətin  üzvlərinin  sayı  hər il 3000 nəfər artır.

Qəbul qaydaları

Avstraliya Milli Universitetinə qəbul olmaq üçün ingilis dilini bilmək haqqında arayış, orta məktəbi və ya ali məktəbi bitirmək barədə sənədin  notarial qaydada  təsdiq edilmiş  surəti, tövsiyə məktubu,  universitet tərəfindən  verilmiş xüsusi  formanın doldurulması, İELTS, TOEFL üzrə yüksək nəticə tələb olunur. Onlayn  ərizələrinin dəyəri  75 Avstraliya dolları, kağız şəklində  təqdim olunan  ərizələrin qiyməti isə 100  Avstraliya dolları təşkil edir.

Avstraliya Milli Universitetində tədris ilinin I semestri  fevral ayında, II semestri isə iyul ayında başlayır. Universitetə sənəd qəbulu  yay aylarında aparılır  və noyabrın  ortalarına qədər  davam edir.

Büdcə xərcləri və təhsil haqqı

ötən il Avstraliya Milli Universitetinin gəlirlərinin ümumi məbləği  760873000 Avstraliya dolları (1 Avstraliya dolları, təxminən, 0,91 ABŞ dollarına bərabərdir) təşkil edib. Bu gəlirin 485924000 dollarını Avstraliya hökumətinin, 2284000 dollarını yerli Ştat  hökumətinin qrant, ödəniş və yardımları təşkil edir. Tələbə ödənişlərindən gələn gəlir isə 10115 000 dollar olub.

Universitetdə 1 illik təhsil haqqı 18000-51000 Avstraliya dolları arasında dəyişir.  Ən bahalı fakültə  tibb və cərrahlıq  ixtisaslarıdır ki, onların 1 illik təhsil haqqı 51456 Avstraliya dollarıdır. Əksər ixtisaslar üzrə 1 illik orta təhsil haqqı 24768 Avstraliya dolları təşkil edir. Universitetdə təhsil xərcləri ildən-ilə dəyişir.  Bütün ödənişlər  yalnız Avstraliya dolları ilə  qəbul olunur.

Avstraliya Milli Universitetində hazırda 16715 tələbə  təhsil alır. Onların 9603-nü bakalavrlar, qalanlarını isə magistratura, doktorantura və ixtisasartırma üzrə təhsil alanlar təşkil edir. 246 tələbə isə hələ də diplom ala bilməyənlər sırasındadır. Avstraliya Milli Universitetinin tələbələrinin 37%-i  diplomdansonrakı təhsil pilləsi siyahısına daxil edilir. Universitetdə təhsil alan tələbələrin 31%-ni Avstraliyanın müxtəlif bölgələrindən gəlmiş tələbələr təşkil edir.

Avstraliya Milli Universitetinin məşhur məzunları:

Kevin Radd Avstraliyanın baş naziri
Merti Nataleqava İndoneziyanın  xarici işlər naziri
Barbara Spenser Kanada İqtisadiyyat  Assosiasiyasının prezidenti
Riçard Batler BMT-nin  silahlandırma üzrə müfəttişi
Ceraldin çin Avstraliya Fond Birjasının baş direktoru
Şeril Lunı Avstraliya İnformasiya Sənayesi Assosiasiyasının  icraçı direktoru
Katerina Holms Avstraliya  Ali  Məhkəməsinin hakimi
Cenifer Donohyu Dünya Bankının  yoxsulluqla  mübarizə proqramının  koordinatoru
Martin Ayndik ABŞ-ın İsraildəki  sabiq  səfiri
Krispin Konroy Avstraliyanın çilidəki səfiri
Alan Gilbert Mançester Universitetinin  vitse-kansleri
Qlin Devis Melburn  Universitetinin vitse-kansleri
Rolf Zinkernagel Tibb üzrə  Nobel mükafatı laureatı
Con Sokkroft Nüvə  fizikası  üzrə Nobel mükafatı laureatı
Piter Doherti İmmunologiya üzrə  Nobel mükafatı laureatı
Con  Ekles Neyrobiologiya üzrə Nobel mükafatı laureatı

Hazırladı:
Lamiyə ƏLİYEVA

 

1 şərh

ruslan2336
Olarmı ki, saytda güzəştli və ya pulsuz təhsil verən xarici universitetlər haqqında ayrıca məqalə olsun?