Ailədə yaradılmış mühit

Yaxşı münasibətlər üzərində qurulmuş ailə-həm gənclər, həm də yaşlı nəsil üçün ən gözəl məktəbdir.

      Cəmiyyət ayrı-ayrı ailələrdən təşkil edilmişdir və ailə quran tərəflərin onu necə saxlamasından asılıdır. Ailə-millətin ürəyidir. Ölkənin gələcək rifahı, yaxud tənəzzülü yeni nəslin xarakteri və mənəvi siması ilə şərtlənir. Əgər gənclər əxlaq, özünüidarə və təmkinlilik kimi xüsusiyyətlərə uşaq yaşlarından vərdiş edirlərsə, gələcəkdə cəmiyyətə, müsbət təsir göstərirlər. Əgər gənclər tərbiyyə və intizamdan kənarda qalsalar, onda onlar özbaşına və ədəbsiz böyüyəcəklər, nəticədə isə acınacaqlı hal yaranacaq.  Bu gün gənclərdə formalaşan vərdiş və prinsiplər gələcək cəmiyyətin xarakterini əks etdirir. Düzgün təşkil olunmamış ailənin təsiri hər tərəfə yayılır və bütünlüklə cəmiyyətə məhvedici yara vurur. O, ailəni, cəmiyyəti və dövləti öz şər selinin qoynuna alaraq məhvə doğru aparır.
 

       Qaydaların vacibliyi. Bu dünyanın şərindən və səhv yollarından qorunmaq üçün hər bir insanın hələ uşaq yaşlarından etibarlı istehkama ehtiyacı var. Hər bir ailənin öz qayda-qanunları olmalıdır və valideyinlər bir-birlərinə münasibətdə övladları üçün canlı nümunə olmalıdırlar. Bununla onlar övladlarını necə görmək istədiklərini büruzə verməlidirlər. Daim nitqin təmizliyinə fikir vermək və nəzakətlə davranmaq vacibdir. Uşaq və gəncləri özünəhörmətə, ALLAHA münasibətdə səmimi olmağa öyrədin. Onlara həyatlarını idarə edəcək və ətrafdakılarla münasibətdə özünü büruzə verəcək prinsiplərə sadiq qalmağı öyrədin. 

       Bu cür tərbiyə almış uşaqlar öz hərəkətləri üçün cavabdehlik daşımağa hazır olacaqlar. Öz xeyirxah nümunələri və məsləhətləri ilə daim başqalarına da ədalətli olmaqda kömək edə biləcəklər. Onlar təbiətin bəxş etdiyi istedadları düzgün qiymətləndirəcək, fiziki, əqli və mənəvi qüvvələrindən istifadə etməyin ən yaxşı yolunu tapa biləcəklər.

       Ailədə mövcud olan abı-hava valideyinlərin qarşılıqlı münasibətindən əhəmiyyətli dərəcədə asılıdır. Əgər ata ilə ana arasında fikir ayrılığı mövcuddursa, bu ruh uşaqlara da keçir. Buna görə də evinizdə qarşılıqlı nəvaziş atmosferi yaratmağa çalışın. Sizin eviniz çox sadə ola bilər, lakin bu ev daim ruhlandırıcı kəlmələrin səsləndiyi, xeyirxah işlərin görüldüyü, məhəbbət və nəvazişin yuva saldığı bir yer olmalıdır.

        Ən başlıcası-məhəbbətdir. Evdəki problemləri dəmir çubuqla deyil, müdriklik və məhəbbətlə yoluna qoyun. Uşaqlar məhəbbət qanunlarına tabe olmağa həmişə hazırdırlar. Fürsət yaranan kimi, onların işlərini tərifləyin. Bacardığınız qədər onların xoşbəxtliyi üçün çalışın. Məhəbbət və bağlılıq nümayiş etdirin, ürəklərinizi həqiqət toxumları üçün hazırlayaraq, mülayimliyinizi qoruyun. Yadınızda saxlayın ki, ALLAH təkcə yerə bulud və yağış göndərmir. O, həm də gözəl günəş şüalarını bəxş edir. Unutmayın ki, uşaqların təkcə məzəmmət və düzəlişlərə deyil, təsəlliyə və tərifə, mehriban, xeyirxah kəlmələrə də ehtiyacları var.

        Biz əlimizdən gələni etməliyik ki, bizim evimiz sözün əsl mənasında ailə ocağına çevrilsin. Ailə, səmanın yerdəki bir hissəsi, elə bir yer olmalıdır ki, burada biz kobudluğa məruz qalmadan, ehtiyat etmədən öz hisslərimizi aydın şəkildə ifadə edə bilək. Bizim xoşbəxtliyimiz bir-birimizə bəslədiyimiz məhəbbət və rəğbətdən asılıdır.

        Ailə bağları-yer üzündə ən sıx, ən incə və ən müqəddəs bağlardır. Onlar bəşəriyyətə xeyir-dua kimi verilmişdir: müdrikliklə, ALLAHIN iradəsinə uyğun şəkildə və hər iki tərəfin qarşılıqlı məsuliyyəti ilə qurulan ailə ittifaqı cəmiyyət üçün həqiqi xeyir-duadır.

         Məhəbbət, rəğbət və nəvazişin hökm sürdüyü ailə mələklərin sevimli məkanı və ALLAHIN izzətləndiyi yerdir.

         Ailə ALLAH qarşısında səmimi olmalıdır. Valideyinlər və uşaqlar Onunla əməkdaşlıq etməyi öyrənməlidirlər. Onlar öz vərdişlərini və xasiyyətlərini ALLAHIN planına uyğun şəkildə tərbiyə etməli, insani məhəbbətin təmizliyini və nəcibliyini qoruya bilən yeganə Şəxsə məhəbbətlə qulluq etmək üçün birləşməlidirlər.

       Ailənin təsiri. Tərbiyəli və nəzakətli üzvləri olan ailə ətrafdakılara müsbət təsir göstərir, yaxşı nümunəyə əsasən hərəkət etməkdə və mənfi təsirlərdən qorunmaqda onlara kömək edirlər. ALLAHIN iradəsinə uyğun yaşayan ailə həmişə mələklərin müşayiətində olacaqdır.

        Yer üzündə bizə çox az vaxt verilmişdir. Bizim hər birimizin bu dünyada yalnız bir həyat yolumuz var, ona görə də əlimizdən gələni etməyə çalışmalıyıq. Dəvət olunduğumuz iş var dövlət, cəmiyyətdə xüsusi mövqe və ya qeyri adi istedad tələb etmir. Bu iş könüllülük, qurban vermə ruhu və möhkəm iradə tələb edir. 

        Əgər ürəklərimizin və evlərimizin qapısını ilahi prinsiplər üçün açsaq, həyatverici qüvvənin axdığı kanala çevrilərik.

        Bizim heç birimiz bu dünyada yaşaya-yaşaya ona təsir göstərməyə bilmərik. Ailədə heç kim özünə o dərəcədə qapıla bilməz ki, ətrafdakılar onun təsirini və əhval-ruhiyyəsini hiss etməmiş olsunlar. Onun simasındakı ifadənin özü ya müsbət, ya da mənfi təsir bağışlayır. İnsanın sözləri, əməlləri, başqalarına münasibəti onun haqqında danışır.

        Əgər insan eqoist həyat sürürsə, öz ətrafında çox ağır, üzüntülü abı-hava yaradır. Lakin əgər insanın ürəyi məhəbbətlə doludursa, o, çox nəzakətli, xeyirxah, başqalarına qarşı nəvazişli olur, öz işinə qayğı və sevinclə yanaşır, ətrafa xoşbəxtlik ruhu yayır. 

        Qoy gülərüz insanların sayı daha çox olsun. Biz həddindən çox tez-tez özümüzə qapılırıq. Həddindən çox tez-tez övladlarımızı, ətrafımızdakıları xoş, ruhlandırıcı kəlmələrdən, nəvazişli təbəssümdən məhrum edirik.

        Ən əsası odur ki, ailədə mehribançıiıq hökm sürsün. Onda bizim təsirimiz ətrafımızdakılarda da iz buraxacaq və get-gedə daha da uzaqlara yayılacaq. Dünyanın böyük istedadlara deyil, ailələri üçün böyük xeyir dua olan yaxşı insanlara daha çox ehtiyacı var.


loading...

5 şərh

Ramil
Çox hörmətli oxucu, növbəti məqalə "İlk ailənin yaranması" olacaq.  Bütün oxuculara əvvəlcədən təşəkkür edirəm.
Medikamentoz
Yazı üçün təşəkkürlər,ancaq məncə hər mövzunu din ilə bağlamaq biraz ürəkbulandırıcıdır.Dini qəbul etməyənlər var ki,ailə qurur və gözəl şəkildə heç də digərlərindən geri qalmayacaq səviyyədə,bəzən ondan da gözəl ailə qururlar,bu o demək deyil ki,gözəl ailə qurmaq üçün dindar olmalısan.
Ramil
        Şərhə görə təşəkkür edirəm. Ancaq danılmazdır ki, dindar ruhda olan ailədən tərbiyəsiz övladların yetişməsi sıfıra bərabərdir.
_BUMERANQ_
İslamı çox sevsəm də, nədənsə dindar sözünü heç sevmirəm. Sizin deyiminizlə desək «dindar ruhda olan ailələrdə tərbiyəsiz övladların yetişməsi sıfıra bərabərdir»- fikri ilə tam razı deyiləm.  Bu yaşıma qədərki təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, çox mədəni ailədən axmaq uşaq da çıxır, anormal ailədən də normal uşaq çıxır.

Ailədə hər şey gözəl ola bilər, tərbiyə, mədəniyyət… lakin uşağı cəmiyyətə, zamana uyğun yetişdirmək lazımdı. Ona mədəniyyətlə bərabər, həyatda rastlaşa biləcəyi kobudluqları və bu zaman necə davranmalı olduğunu da öyrətmək lazımdı.
Gözəl pəncərə təkcə şüşənin təmizliyindən deyil, həm də mənzərədən asılıdır.
 
Ramil
Şərhə görə minnətdaram. Düz deyirsiniz amma dindar deyəndə ki, əlbəttə fırıldaqçılardan söhbət getmir. Dindar olmaqdansa ailədə ALLAHA qarşı səmimi olmaq lazımdı.