Təmənnasız dost | Valideyn

Valideyn qocalanda övladına nə qədər əziyyət versə də, ona bircə dəfə də “of” deyə bilmərik. Bu əmri bizə Allah-Təala Quran vasitəsilə verir. Valideyn, övlad, Vətən — bunlar insanın özü tərəfindən seçilmir, bunları bizə Allah seçir. Demək, valideyni sevmək həm də Allah-Təalanın seçimini sevməkdir. Valideynin xətrinə dəyməyi, onunla danışanda səsini qaldırmağı, qəlbini qırmağı Allah bizə yasaq edir. Allahdan və Peyğəmbərimizdən sonra bizim ən çox ehtiram etməli olduğumuz insanlar valideynlərimizdir.

Əgər ata dinsiz, kafir olsa belə, övladın dininə, imanına qarışmırsa, övlad ona qarşı haqsızlıq, hörmətsizlik edə bilməz. Yox, əgər dinsiz ata övladın imanına toxunursa, onu Haqq yolundan azdırmağa çalışırsa, onda övlad ataya itaət etməyə bilər.
  

Rəsulullah (s.ə.s.) buyurur ki, Allahın məmnunluğu atanın məmnunluğundan keçər, Allahın məmnuniyyətsizliyi də atanın məmnuniyyətsizliyindən keçər.
Başqa bir hədisdə isə Rəsulullah buyurur ki, cənnət anaların ayaqları altındadır.
Hansı şair, hansı yazıçı atanı və ya ananı nə qədər mədh edirsə etsin, heç biri ona Allahın verdiyi uca dəyəri verə bilməz.
Çox insanlar məhz öz valideynləri ilə, onların qarşısındakı övladlıq borcu ilə imtahan olunublar.

Valideyn bizim dünyaya gəlişimiz üçün Allah-Təalanın seçdiyi səbəblərdir. O səbəbləri sevmək, uca tutmaq Allahın təqdirini qəbul etmək, Ona boyun əyməkdir.
Valideyn təmənnasız dostdur. Başqaları sizinlə münasibətdə, bəlkə, nəsə təmənna edə, nəsə mənfəət gözləyə bilər. Valideynin mənfəəti isə elə sizsiniz, sizin xoşbəxtliyinizdir.

İşin əvvəlində Allah-Təala bu münasibətin içinə sevgi adlı elə bir bərəkət qoyur ki, siz ömür boyu onun cazibəsindən çıxa bilmirsiniz. Əslində yeni doğulmuş, aciz, zəif körpənin o qədər sevilməsi onun qorunmasıdır, asayiş altına alınmasıdır. Övlad üçün valideynin özünü təhlükəyə atması adi haldır. Heç bu haqda düşünmüsünüzmü? Əslində valideynin qəlbinə o sevgini qoyan Allahdır. Həmin sevgi ilə valideyni övladın himayədarı, mühafizi halına gətirir. Sonra da övlada əmr edir ki, sənə nə qədər əziyyət versə belə, o valideynə “of” deməyə haqqın yoxdur.
Nə qədər də hikmətli, duyğulu məsələdir, elə deyilmi?

4 şərh

BaRLeLiTa
Elədir ki,var! Çox bəyəndim bu topiki,qeyd olunmalı bir çox şeyi qeyd etmisiz.

Valideyinlərinə hörmət qoymayan insan həyatda heç kimsəyə hörmət qoya bilməz..
10/10-heyifki ən yüksək səs dörddü burada…
nurr
Allah hamimizn valideynlerini qorusun xeyir duasn almagi nesib etsn aminn
kagizgemiler
amin.mövzuda cox gozel idi.coxsagolun