Allahın valideynlərə əmanəti | Uşaqlar

Yaxşı övlad böyütmək valideynin borcu olmaqla yanaşı, həm də sabahının zəmanətidir. Yaşlı valideynindən imtina edən, bəzi hallarda isə onu küçəyə atan övladı Allah heç kəsə qismət eləməsin.
Yaxşı övlad böyütmək hər kəsin arzusu olsa da, hər kəsin qisməti deyil. Ola bilsin valideyn övladının tərbiyə işində doğru-düzgün davranır, hər şeyi olduğu kimi yerinə yetirir, amma nəticə istədiyi kimi olmur. Bəziləri isə övlada çəkilən zəhməti gələcəyə verilmiş borc kimi dəyərləndirir, yəni “bu gün mən sənə baxaram, sabah sən mənə baxarsan”. Bu baxış  kökündən yanlışdır. Çünki sabah kimin nə edəcəyi səni düşündürməməlidir, bu gün sən öz boynuna düşən borcu layiqincə yerinə yetirməlisən. Axı övlad əmlak deyil, əmanətdir. Bu həqiqəti dönə-dönə düşünmək və öz ruhuna, duyğularına hopdurmaq çox vacibdir. Əmanətdir dedik, sizə heç təəccüblü gəlməsin. Evləndiniz, heç xərciniz, borcunuz da çıxmadı, bir də gördünüz ki, gül kimi övladınız dünyaya gəldi.
O övladı sizə verən Allahdır. 

İllərdən bəri o körpə qığıltısına həsrət qalan, həkimlərə ətək-ətək pul tökən, şəhər-şəhər, ölkə-ölkə gəzən ailələr var. Ona görə də Allahın əmanəti ilə layiqincə davranmaq lazımdır. Əgər övlada əmlakınız kimi baxsanız, onunla istədiyiniz kimi davransanız, istədiyiniz heç vaxt alınmayacaq, zərərə uğrayacaqsınız. 

Uşaqlardan hansı münasibəti görmək istəyirsinizsə, onunla elə davranmalısınız. Əgər uşaqların sizin otağınızın qapısını döyməsini istəyirsinizsə, gərək siz də onların otağının qapısını döyəsiniz. Məsələ icazə alıb-almaqdan getmir, onsuz da valideyn gecələr ən azı üç-dörd dəfə onların otağına keçir, açılmış üstlərini örtür, üzlərindən öpür. Bunları bir tərəfə qoyaq sadəcə olaraq siz səhər-səhər onların oyaq olduğunu bildiyiniz halda, qapını döyərək icazə istəyirsiniz ki, uşaq da eyni münasibəti sizə göstərsin. Daha burada sözə ehtiyac qalmır, tərbiyə davranış vasitəsilə alınmış olur. 

Uşaq valideynin yalan danışdığına şahid olursa, o valideynin heç bir sözünün təsiri olmayacaq. Bu mövzuda xüsusilə həssas olmaq lazımdır. Sevdiklərimizlə, yaxınlarımızla daha həssas, daha ciddi davranmalıyıq ki, münasibətlər uzunömürlü olsun, səmimiyyətini, sevgisini itirməsin.

0 şərh