Ailədə hörmət qaşılıqlı olmalıdır

munasibətlərHəyat yoldaşımıza necə hörmət etməliyik? Həyat yoldaşına hörmət etmək nə deməkdir? 
Əgər istəyirsinizsə, məsələyə bu sualın cavabından başlayaq. Bir çox ailələrdə hörmət məfhumunu düzgün başa düşmürlər. Məsələn, bəziləri hörməti həyat yoldaşı üçün «hər şeyə hazır olmaq» kimi qəbul edirlər. Halbuki, hörmət təkcə qadınlara yox, hər iki tərəfə aiddir. Və təbii ki, bunun üçün tərəflər bir-birilərini tam mənası ilə qəbul etməlidirlər. Hörmət müəyyən vaxtlarda yox, həyatın bütün mərhələlərində olmalıdır. Danışarkən hörmət, dinləyərkən hörmət, münasibətdə hörmət, ünsiyyətdə hörmət və s.

Bir az əvvəl də qeyd etdiyimiz kimi hörmət tərəflərin bir-birilərini qəbul etməsindən çox asılıdır. Tərəflər bir-birilərini xəbərdarlıq etmək və ya müsbət mənada tənqid etmək hüququna malikdirlər. Bu da çox təbiidir. Ancaq bir tərəfin qarşı tərəfi qəbul edə bilməməsindən irəli gələn mənfi tənqidlər hörmətsizlik səviyyəsinə çata bilər ki, bu da hər iki tərəf üçün təhlükəlidir.
Elə isə həyat yoldaşımıza necə hörmət etməliyik? Hər şeydən əvvəl hər hansı bir hadisə qarşısında özümüzü həyat yoldaşımızın yerinə qoyub o şəkildə reaksiya verməliyik. Yəni həyat yoldaşımızla empatiya qurmalıyıq. Danışarkən səs tonumuzu, vurğularımızı seçməli, hər sözümüzə həssaslıqla yanaşmalıyıq. Danışmağı öyrəndiyimiz kimi, dinləməyi də öyrənməliyik.
Həyat yoldaşımıza özünü ifadə etmək üçün imkan verməliyik. Vaxtından əvvəl hökm verməyə çalışmamalıyıq. Xüsusilə, cəmiyyət içində mübahisə etməməyə və həyat yoldaşımızı ittiham etməməyə diqqət yetirməliyik. Problemlərimizi təkbətək və qarşılıqlı hörmət çərçivəsində həll etməliyik. Təhqirə yol verməməliyik. Həyat yoldaşımızın zövqləri, düşüncələri ilə razılaşmasaq da, sərt reaksiya göstərməməliyik. Lazım gəlsə, ortaq məxrəcə gəlməyə çalışmalıyıq. Həyat yoldaşımıza hörmət etdiyimiz kimi, onun dəyər verdiyi şeylərə də (məsələn, ailəsi) hörmət etməliyik. Təbii ki, bu maddələri artırmaq da olar. Ancaq düşünmək üçün hələlik bu da kifayətdir.

P.S. Problemlərinizi həll etmək üçün gözləməyin.

Mənbə: «Ailəm» jurnalı 

0 şərh