Sizin də belə bir xəritəniz varmı?

Bir xəritə təsəvvür edin və o xəritə sizin xarakterinizi, hətta arzularınızı, xəyallarınızı ifadə etsin. Əlbəttə ki, bu xəritəyə baxanda bəzən kədərlənəcək, bəzən də sevinəcəksiniz.

Sizi kədərləndirən cəhətləri düzəltdikcə arzu etdiyiniz xarakterinizə yaxınlaşmış olacaqsınız. Beləliklə, bəlkə fərqinə də varmadan bir çox problemlərinizi həll edəcək, üstəlik, özünüzə daha çox inanmağa başlayacaqsınız.

Yəqin soruşacaqsınız ki, bunun evliliklə nə əlaqəsi var? Əlbəttə ki, var. Çünki ancaq özünü tanıya bilən və özü ilə bağlı problemlərini həll edə bilən adamlar başqaları ilə xoşbəxt ola bilərlər. Elə evlilikdə baş verən bir çox problemlərin kökündə də tərəflərin özlərini yaxşı tanımamaları və bütün günahları qarşı tərəfdə görmək siyasəti yürütmələri durur. Yalnız özlərini tanıyanlar və özlərini tənqid etməyi bacaranlar problemlərə (ümumi mənada evliliyə) obyektiv baxa bilirlər. Elə isə xəritəmizi necə tərtib edək? Əvvəlcə bir kağız-qələm götürün. Sonra xəritənizi hansı formada (sxem, cədvəl, maddələr və s.) tərtib edəcəyinizi müəyyən edin. Xəritənizdə ilk növbədə...

 Xarakterik xüsusiyyətləriniz,

 Arzularınız,

 Xəyallarınız,

 Məqsədləriniz,

 Həyat tərziniz...  və s. olmalıdır. Bir sözlə keçmişdən bu günə qədər bu xəritədə siz olmalısınız. Yuxarıdakı maddələri kağıza yazdıqdan sonra sizi qane edən məqamları rəngli bir qələmlə dairəyə alın. Eyni şəkildə sizi qane etməyən məqamları da başqa bir rənglə işarələyin. Artıq xəritəniz hazırdır. İndi o xəritəni həyata keçirmək qalır.

P.S: Unutmayın ki, bu işdə nə qədər obyektiv olsanız, sizin üçün bir o qədər asan olar.

0 şərh