Uşağı necə tərbiyə etməli: xoxanla, ya ağılla?

Uşağı necə tərbiyə edək ki, o həm savadlı, həm mərd, qorxmaz, sağlam olsun, həm də ağlamasın, şərlik etməsin, vaxtı-vaxtında yeməyini yesin, yatsın?

Bəli, biz Allahın çox kiçik bəndələrindən eyni zamanda çox şey tələb edirik. Uşağı döymək olmaz, sillə ilə onu tərbiyyələndirmək mümkün deyil və s. kimi bəlli deyimlərlə çoxdan tanışıq. Amma silləsiz, qulaqburmasız da keçinmək çətindir.

Hər gün qonşu evdən uşaq qışqırtısı, ağlaşması səsi gələndə amerikalılarda olduğu kimi valideyni polisə vermək həvəsinə düşürəm. Birdən uşaq vaxtı anamın mənə vurduğu sillələri, bədənimdən götürdüyü çimdikləri xatırlayıb fikrimdən vaz keçirəm.

usaq terbiyesiKənddə uşaqları az qala hər gün döyərdilər. Yadımdan heç vaxt çıxmaz. Günorta çaya getməmək üçün ayağımı çarpayıya bağlamışdı anam. Anam yuxuya gedəndən sonra kəndiri açıb çaya qaçardım. Anam da tənbəllik etməyib ardımca gələrdi. Əlində də heyva çubuğu. Paltarlarımı götürüb mən lüt-üryan edib qovardı. Kəndin qızları da mənə baxıb gülərdilər.  O vaxt anamdan çox inciyərdim. Ağlım söz kəsəndən sonra anladım ki, anam düz edib. Həmin çayda neçə-neçə uşaq boğulub-batıb, müxtəlif xəstəliklər tapıb. Məhəlləmizin oğlan uşaqlarının hamısı mənim kimi «tərbiyəsiz» idi. Onları da anaları döyürdü. Hətta qonşumuzdakı uşağın atası bir dəfə onu ayağından asmışdı ki, anasını, bacılarını söyməsin. (Baxmayaraq ki, özü arvadını döyəndə qonşular yığışıb güclə əlindən alırdılar). Kəndimizdə valideynlərin uşaqlara qarşı belə maraqlı cəzaları çox olub. Saymaqla bitməz.

Kənddəki şərait, mühüt balacalara belə cəzaların verilməsini tələb edirdi. Məgər anam məni  nifrətlə vururdu? Xeyr. O, sağ qalmağım, ağıllı, tərbiyəli olmağım üçün məni döyürdü.

Böyüyəndə öyrəndim ki, Amerika və Avropa ölkələrində bir silləyə görə uşağı valideynin əlindən alıb, ananı, yaxud atanı cəzalandırırlar. Belə sillələrə görə, görəsən, bizim valideynlərə neçə il iş düşər?

Bir gün Bakıdakı qonşumdan uşağını nə üçün döydüyünü soruşdum. Aldığım cavab maraqlı  oldu. «Uşaqlarım heç kimdən, heç nədən qorxmur. Ağıllarından ancaq şərlik etmək  keçir.  Hərdən oturub öz vəziyyətimə ağlayıram. Balaca olanda nənəsi, babası onları o qədər əzizləyib ki, indi tərbiyələndirmək çətindir. Döyməyin də xeyri yoxdur. Daha da sırtıqlaşırlar» deyə «qəddar» və «yazıq» ana bildirir.

Bəzi ailələrdə isə uşağı Allahla, uydurma mifik qəhrəmanlarla qorxudurlar.

«Yatmasan, Allah baba səni çox istəməyəcək, yuxuna girəcək», «Xoxan gəlib səni yeyəcək» kimi uydurmalarla uşağı qorxutmağa, deməli bu yolla tərbiyəli, sözəbaxan olmasına çalışırlar.

Həqiqətən də uşaq tərbiyələndirmək çox çətin məsələdir. Nədənsə, uşağın tərbiyələndirilməsi dedikdə ana yada düşür. Analar bu vəzifəni ataların, atalar isə anaların üstünə atır. Bəs uşaqları kim tərbiyə etməlidir? İslam dinində uşaqların tərbiyəsinin mənəvi  məsuliyyəti ilk növbədə atanın üzərinə düşür. Atanın bundan boyun qaçırmağa və «uşağı ana tərbiyə etməlidir» deməyə haqqı yoxdur. Atanı məşğul edəcək işi varsa, ananın da xeyli ev işləri var. Deməli, tərbiyə məsələsi müştərək işdir.  Bunu həm ana, həm də ata həyata keçirməlidir. Ata tərbiyəsilə ana tərbiyəsi arasında da xeyli fərq var. Məsələn, ata uşaqların həyatın çətinliklərini dərk etməsini istəyir. Onların şəxsi həyatlarında müəyyən gərginliyin olmasını istəyir. Ana isə qadın ürəyinin həssaslığına tabe olur, övladlarının çətinliklərlə üz-üzə gəlməsini, həyat yollarının nahamar olmasını istəmir. Bu, sadəcə, iki fərqli yanaşma tərzidir. Fərqli baxışlar da ola bilər.

Sovet dövründə uşaqların tərbiyəsilə bağlı belə yanaşma var idi ki, 6 yaşa qədər uşağı əzizləmək, 6-18 yaş arası mehriban düşmən olmaq, 18-dən yuxarı isə onunla dost olmaq lazımdır. Amma Sovet dövründə uşağa şəxsiyyət kimi deyil, valideyndən asılı insan kimi baxılırdı.

Şübhəsiz ki, uşaqların tərbiyə olunmasında xoş rəftarlıq ən mühüm amildir. Bu hissiyyat, uşaqda düzgün şəkildə istifadə olunarsa, səadət və xöşbəxtliyə yol açar. Uşaqların şəxsiyyətlərinin formalaşması və tərbiyyələrinin möhkəm olma yollarından biri də uşağa şəxsiyyət kimi diqqət edib, mərhəmətlə yanaşmaqdır. Mehribançılıq olmayan ailədə böyümüş uşaq, özündə bir növ həqarət və xarlıq hiss edəcək. Belə uşaqların hər cür təhlükəli yola düşmək ehtimalı var. Məhəmməd Peyğəmbər (s)  öz hədislərində uşağın xətalarını görməməzliyə vurub, onun şəxsiyyətinin hər şeydən ötrü alçaldılmasına yol verilməməsinə işarə edir. O, öz əxlaq məktəbində xırda uşaqlar barəsində belə buyurur: "Övladlarınıza ehtiram göstərin və onların yanında öz rəftar və ədəblərinizi islah edin"!
 
 
Müəllif: Ramin
Mənbə: Milli.az

0 şərh