Sən gülsən, gülüm...

Onun saçlarına sığal çəkəndə, alnını, əllərini öpəndə  baxışlarına necə təbəssüm dolduğuna, “gəl, gəzməyə gedək” deyəndə qollarını boynuna dolayıb səni itirəcəyindən qorxurmuş kimi qoynuna sığınmasına heç fikir vermisənmi?
Bəli, bax, beləcə, o həmişə diqqət, nəvaziş gözləyir, səndən. Nə olur-olsun, səni heç kimsə əvəz edə bilməz onun üçün.
Hər yenicə doğulmuş körpəyə atalı-analı böyüməsini arzu edirlər. O bu atalı-analı dünyadan məhrum olanda, hansı səbəbdənsə boşanmalara gətirib çıxaran qərarın zərbəsi körpə ürəyinə dəyəndə çilik-çilik olub torpağa səpələnmiş ayna kimi qırılır, parça-parça olur. Axı saf, təmiz, ləkəsiz aynaya bənzəyir körpə qəlbi. Bu aynanı qırmağa tələsmə, necə deyərlər, yenə yüz ölç, bir biç, düşünülmüş qərar ver. Ciddi-ciddi düşünsən, yaxşı-yaxşı götür-qoy etsən, hər şey yaxşılığa doğru dəyişər.

Hər səhər, hər gün öp, oxşa körpəni, gülən gözlərinə aynaya baxan kimi bax, sevincinə sevginlə cavab ver, bağrına basıb qızılgül tək qoxula onu, astaca əyilib qulağına pıçılda: “Sən gülsən, gülüm...” 


Müəllif: Yeganə Məmmədova
Mənbə: Zaman qəzeti

1 şərh