Həyat yoldaşı seçimi

Ailənin müvəffəqiyyətində ən təsirli addım həyat yoldaşı seçimində yetərincə diqqət göstərilməsi və araşdırma aparılmasıdır. Təcrübə göstərir ki, ailədə baş verən bir çox acılıqların səbəbi həmin bu mərhələdəki məlumatsızlıq və qəflətdir. Bəziləri yetərincə araşdırma aparmadan ailə həyatı qurur. Belələri uyğun sahədə səhlənkarlıqlarının acı nəticələrini düşünmədən həyat yoldaşı seçirlər. Qısa bir müddətdən sonra anlayırlar ki, onlar arasında düşüncə və əxlaq baxımından ciddi ziddiyyət mövcuddur. Bəziləri isə həyat yoldaşı seçimində yanlış meyarları əsas götürür və nəticədə üzücü peşmançılığa düçar olurlar.
Ailənin müvəffəqiyyəti hər şeydən öncə həyat yoldaşının agahlıqla seçilməsi və bu seçimdə düzgün meyarlardan istifadə olunmasından asılıdır. Hələ ki, ailə həyatı qurmamış və ailə təcrübəsi olmayan bir kəs  bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu dərk edə bilmir. Ailə qurduqdan sonra isə insan  bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu anlayır.

Evlənmək istəyən şəxs hər şeydən öncə ailə həyatı qurmaqda məqsədin nə olduğunu və ailə həyatından nə istədiyini müəyyənləşdirməlidir. Müəyyənləşdirməlidir ki, məqsəd varlanmaq  və daha çox maddi ləzzət duymaqdır, yoxsa insani  və mənəvi dəyərləri qorumaqla sağlam ailə qurmaq?
İnsan  bu suala cavab verməklə öz həyat yolunu müəyyənləşdirir. Həyat yoldaşı seçimi də bu baxışdan asılıdır. Əgər yalnız maddi və zahiri məsələləri meyar götürsək  və bu əsasda seçim aparsaq  ailədən vəfa, səmimiyyət, fədakarlıq və məhəbbət intizarında olmamalıyıq.
Məlum məsələdir ki, uyğun dəyərlərə malik olmayan ailənin olmağındansa olmamağı yaxşıdır. Ciddi problemlərə rastlaşmış və qısa bir zamanda dağılan ailələrin əksəri  həmin bu növə aiddir. Yəni bu ailələrin dəyəri gerçək dəyərlər üzərində qurulmamışdır.

Təcrübədən məlum olur ki, bəzi gənclər ailə həyatı qurmağı ticarətlə səhv salırlar. Evlənməkdə məqsədi sərvət əldə etmək olanlar da var. Bəziləri də qarşı tərəfin yalnız zahiri gözəlliyini əsas götürür, düşüncə və şəxsiyyəti ilə maraqlanmırlar. Həyat yoldaşı seçimində qarşı tərəfin ictimai mövqeyini, peşəsini əsas götürənlər də var. Bu vaxt təbii ki, zəruri amillər nəzərdən qaçırılır. Bütün bu hallarda müştərək həyatın davamı problemə çevrilir. Ailələrə və ailə qurmaq fikrində olan gənclərə belə bir mühüm nöqtəni xatırlamaq lazım gəlir ki, həyat yoldaşı seçimində gözüyumulu addım atmaqla öz gələcəklərini puça çıxarmasınlar. Çünki bu səhv addımın ardınca bir ömür peşmanlıq gəlir.

Mənbə: «GƏNC AİLƏLƏR ÜÇÜN GÖSTƏRİŞLƏR» kitabı.

4 şərh

MaksiMuS
Əslində keçmişdə ,daha doğrusu baba-nənələrimizin vaxtında AİLƏ dəyərləri çox möhkəm idi.O dəyərlərə inam,hörmət var idi.Ailə hər şeydən, hətta ailə üzvünün öz şəxsi marağından da irəli idi. Ailə naminə öz şəxsi marağını,hətta rahatlığını qurban verərdilər.Əl əxsus qadınlar...Ama indi? Boşanma halları artıq adi hala çevrilib.Mənə çox maraqlıdı.Xanımın başqa kişinin qucağında olacağını düşünürmü heç onu boşamaqda qətiyyətli olan Kişi? Əşşi indi heç kişilik də qalmıyıbe. Namus, qeyrət,abır həya, şərəf artıq sözdə var.Əlbət mən bu fikri hər kəsə aid etmirəm.Ama gedişat onu göstərir ki bu dəyərlərdən məhrum olanların sayı getdikcə çoxalır.Əvvəllər Mənin ailəm, mənim arvadım,mənim namusum deyilən bir hiss,dəyər var idi.İndi demokratiya adı altında özbaşınalıq,mənəviyyatın demokratiyalaşması prosesi gedir.Hansı ki Mən bilərəm,Öz həyatımdı,necə istəyərəm elə də yaşayaram Şuarı altında…
Shabnam_Ilham
Çox aktual problemə toxunmusunuz. Ailə qurmaq məsələsinə qaldıqda indiki zəmanədə gənclərimiz, xüsusilə də qızlarımız çox erkən ailə həyatı qururlar, ailə məfhumunu tam mənasıla anlamayaraqdan təbii ki. Hamı özünə varlı kürəkən, varlı gəlin və s. axtarır. Amma əsl insaniyyətə sahib olan insanları axtarmırlar nədənsə..Avropadan bizə lazım olmayan ailə mədəniyyətini götürmək nəyə görə lazımdı axı? Bizim özümüzün çox gözəl ailə anlayışımız var və hələ də bu mədəniyyətimizi qoruyan ailələr var çox şükür ki…
bahar

Həqiqətən də ailə həyatı qurarkən diqqətli olmaq lazımdır.Çox təəssüf ki,indiki bəzi oğlanlar gözəllik,qızlar isə pul,var-dövlət,maşın axtarırlar.


Hətta elə qızlar var ki,özlərinin bəzi «paxırlarını» ört basdır etməkdən ötrü,özləri kimi səviyyəsizlərlə ailə qururlar,2 aydan sonra boşanıb öz «işlərinə » davam edirlər.

Responsible
İndi elə bir vaxtdır ki, düzgün insanı tapmaq və tanımaq üçün illər lazım olur və hər zaman nəticə müsbət olmaya da bilir.