Mənim pulum

Zərifə havaların qızdığını görən kimi, yay təmizliyinə başladı. Yorğan, döşək, nə varsa, tökdü eyvana. Təbii ki, bir o qədər də paltar çıxdı yumaq üçün. Bütün günü bu işlərlə məşğul oldu. Axırda elə yorulmuşdu ki, əlini qaldırmağa belə halı qalmamışdı. Xalid evə gələndə, həmişəki kimi, televizorun qarşısına keçdi. Zərifə bütün günü gördüyü işlərdən, necə yorulmağından danışdı. Xalid bir tərəfdən televizora baxır, bir tərəfdən də Zərifəni dinlədiyini göstərmək üçün dediklərini təsdiq edirdi. Nəhayət, Zərifə özündən çıxdı və gedib televizoru söndürdü...
- Xalid, paltaryuyan maşınını nə vaxt alacağıq? Bax, nə gözəl kredit imkanları var. Biz də birini alaq, sonra ödəyərik yavaş-yavaş...
- Zərifə, bilirsən ki, hələ toydan qalan borcumuzu qurtara bilməmişik. Az qaldı, bir az da səbr elə. Borcumuz qurtaran kimi, ilk işim sənə paltaryuyan maşın almaq olacaq, söz verirəm.
Zərifə daha bir şey demədi. Əslində o da Xalidə haqq qazandırırdı. Bu borc onları əməlli-başlı əldən salmışdı. Bir az da səbr edə bilərdi.

İki gündən sonra Xalidin maaş günü idi. O, pulu alan kimi, gətirib Zərifəyə verirdi. Ancaq bu dəfə evə heç bir şey gətirmədi...
- Xalid, maaşını almadınmı?
- Aldım, aldım, ancaq borcları ödədim. Anama da 100 dollar göndərdim. Əlimdə bir şey qalmadı.
- Anana göndərdin? Bu hardan çıxdı?
- Anam zəng edib istədi. Həkimə gedəcəkmiş...
- Onlar bizim borcumuz olduğunu bilə-bilə niyə səndən pul istəyirlər, Xalid? Bir də tək uşağı sən deyilsən ki?
- Nə edim, Zərifə, onlar bizim böyüklərimizdir. Bir də anam üçün nə etsəm, azdır.
- Demək belə? Mənə gələndə səbr et deyirsən, anana gələndə nə etsən azdır?

Bu mübahisə bir xeyli davam etdi. Və Zərifə ertəsi gün Xaliddən xəbərsiz gedib bir paltaryuyan maşın aldı. Xalid bunu görəndə özündən çıxdı...
- Zərifə, bunu necə aldın, hansı pulla?
- Öz pulumla, Xalid! Yəqin unutmusan ki, bu evdə mən də işləyirəm.
Xalidin səhvinə qarşı səhvlə cavab verirdi Zərifə...

Bir qadın evdə " mənim pulum " söhbəti edirsə, o evdə əmin-amanlıqdan danışmaq olmaz. Bir də kişilərin ən çox sevmədikləri, şəxsiyyət məsələsinə çevirdikləri məsələlərdən biri də qadının pulunu yoldaşının başına qaxmasıdır.
Sözsüz ki, bir qadın işləyib evə pul gətirməsə belə, zəhmətinin əvəzini ödəmək olmaz. Övlad dünyaya gətirmək, onların həm maddi, həm mənəvi qayğılarını çəkmək, evə baxmaq heç də asan iş deyil. Bütün bunlarla yanaşı, evə maddi yardımı da varsa, təbii ki, daha çox söz sahibi olacaq. Ancaq ağıllı qadın yerli-yersiz bu məsələni ortaya ataraq ailə səadətini təhlükə altına qoymaz. Elə buna görə dağılan ailələr və həyat yoldaşını işləməyə qoymayan kişilər var.

Xalidin səhvi isə bir tərəfdən borclarını bəhanə gətirərək həyat yoldaşını sakitləşdirməyə çalışması, bir tərəfdən də xanımına xəbər vermədən ailə büdcəsini təhlükəyə atmasıdır.
Əlbəttə ki, anası ondan bir şey istəmişsə, imkan daxilində " yox " deməməlidir. Ancaq həyat yoldaşını heçə sayması və subay kimi davranması onu çətin vəziyyətdə qoydu və heç nədən mübahisəyə səbəb oldu.

Əslində qadınlar həyat yoldaşları tərəfindən qiymətləndirildiklərini hiss edəndə onlar üçün hər cür fədakarlığa sevə-sevə qatlanırlar. Əgər kişilər bu sirri bilsəydilər, bir cüt gözəl sözlə ömrü boyu xoşbəxt ola bilərdilər.

Kişi " öz pulumdur, göndərirəm " desə, təbii ki, qadın da " mənim pulumdur, alıram " deyə bilər. Nahaq yerə " bir qadını idarə edən bütün dünyanı idarə edə bilər " deməmişlər! Biz də bu sirləri xoşbəxtliyə nail olmaqda sizə kömək olsun , deyə veririk.

Həmçinin bax: Mən dərdimi kimə söyləyim?

12 şərh

puma
Günümüzlə səsləşən bir yazıdır. Çox ailələrdə belə mövzularda mübahisələr yaranır.Yazıq kişilər bilmirlər ki,hansı tərəfi yola versinlər.Vallah heç kəs deməsin ki,«ağıllı kişi hər nəyi idarə edər».Əgər desək ki, bu ailədə poblem pulsuzluqdan yaranıb,inanin ki, hətta imkanli olanların da  evində də bəzi söz-söhbətlər olur.
kentavr
Xetrinize deymesin,bu ceynenmis movzudur.Lutfen daha maraqli movzulara toxunun!Bir daha uzurlu hesab edin!
kentavr
Xetrinize deymesin,bu ceynenmis movzudur.Lutfen daha maraqli movzulara toxunun!Bir daha uzurlu hesab edin!Bilirsiniz,movzu ile oraya yerlesdirilmis sekil(yeni toy teze olub,usaq hardan cixdi)uyqun gelmir.Sonrasida ki,adamnan sorusarlar-telebatin bele boyukdurse niye masini ozun cehiz getimemisen?
Duz demirem?
umud600
Hörmətli Kentavr, nəzərinizə çatdırım ki, son illər Azərbaycanda boşanmaların sayı kəskin artıb. Hər il 5 min uşağın valideyni boşanır. Ona görə də bu mövzu çeynənmiş sayıla bilməz məncə. Bu mövzu bugünkü Azərbaycan reallığında hələ ki, aktuallığını itirməyib. Yazıdakı şəkil isə valideynlərə bir mesajdır. Çünki ailə münaqişələrində ən böyük zərbə övladlara dəyir. Mövzuya da bu konteksdən yanaşın.
kentavr
Siz duz qeyd edirsiniz,sizinle tam raziyam,ancaq bu yazi tam bismemis,yani ciy sekilde isiqlandirilib.Sizin yazilarla tanis olmusam,size derin hormet besleyirem,amma bu o demek deyil ki, men dusunduyumden dasinmaliyam.Bir de biz oxatanlar realligi cox sevirik!
umud600
Neynək, biz balıqlar da yazıları bundan sonra bişirərik. :)
kentavr
Varam sizin kimi hazircavab insanlara!Allah dusunen beyninizi,doyunen ureyinizi qorusun!Amin!
umud600
Allah razi olsun.
bahar

Maraqlı idi.Həqiqətən çox aktual mövzudu.Belə bir söz də var,qadının qazandığında da bərəkət yoxdu,ailə başçısının qazancı başqadı.


 

umud600
Əslində ailə münaqişələrinin yaranmasında təkcə qadınları qaralamaq insafsızlıqdır. " Və mən yetim qalmışam qadından yetim " hekayəsini oxuyarkən ( oxumayanlar oxusun ) bəzi " kişi «lərin də də ailədə rəftarını görürük. Mövlana buyurur:
— Allah qadını bəzəmişdir. Allahın bəzəyindən necə qaçmaq olar?
məryam
Kişilər özünü evin ağası kimi, aparanda. Qızlar da, blə edər. Evin böyüyü həm qadın, həm də kişidir.