Ölümün izahı

Uşaqlarımızın göz yaşı bizi nələrə vadar etmir ki?... Onlar ağlayanda bizim də ürəyimiz sızlayır. Təsəlli vermək üçün min bir yola əl atırıq. Onların kiçik qəlblərinin ağrımasına könlümüz razı olmur.

Bəs sevimli nənəsinin, babasının vəfatı qarşısında şoka düşən, onların hara getdiyini heç cür anlaya bilməyən övladımıza, sizcə, necə kömək edə bilərik? Onlara necə təsəlli verə, nə deyə bilərik? Əslində belə vəziyyətlərdə uşaqlara həqiqəti izah etməyə vaxt tapana qədər , necə deyərlər, iş işdən keçir. Çünki başı yasa qarışan böyüklər belə vəziyyətlərdə uşaqlara o qədər də vaxt ayıra bilmirlər. Nəticədə onlar da hər şeyi öz ruh dünyalarına görə ölçüb - biçirlər. Və öz suallarına özləri cavab tapırlar.

Bir də axı necə başa düşsün, hələ dünənə qədər onunla şirin - şirin danışan, onu gəzməyə aparan, onu sevgi ilə, səbirlə dinləyən babasının iki metrlik bir torpaq yığınının altına niyə girdiyini, onu ora qoyanların nə etməyə çalışdığını, ətrafda göz yaşı tökən insanları, gəlib - gedən izdihamları necə başa düşsün? Başa düşə bilməz. Hətta bəzən günahı özündə də axtara bilər...

Bir də görürsən ki, uşağımıza " Oğlum, qaçma, yoxsa xəstələnərəm! ", " Qızım, sakit dur, yoxsa əsəbimdən öləcəyəm" deyir, ancaq nəticəsi barədə heç nə düşünmürük. Elə buna görə də uşağımız " Nənəm ( Babam ) mənə görə xəstə oldu və öldü " deyə və heç bir məna verə bilmədiyi bu hadisələr qarşısında şoka düşə bilər.

Uşağınızın bu vəziyyətə düşməməsi üçün ona hərdən cənnət haqqında danışın. Cənnətin necə gözəl bir yer olduğunu, ağaclarını, çaylarını, ürəyimiz istəyən hər şeyi orada tapa biləcəyimizi, orada nə yayın qızmar istisinin, nə qışın dondurucu soyuğunun olduğunu... danışın. Hətta uşaq ruhuna uyğun uçan velosipedlərdən, şokolad ağaclarından, limanad çaylarından bəhs edərək uşağınızın beynində bir cənnət təsviri meydana gətirin. Və sözünüzün sonuna mütləq yaxşı insanların öləndən sonra cənnətə getdiklərini əlavə edin.

Onda həm uşağınızda " yaxşı insan olmaq " həvəsi oyanacaq, həm ölümün cənnətə gedə bilmək üçün bir keçid, bir qapı olduğunu qəbul edəcək, həm də ölən sevimli nənəsi və ya babasının yaxşı bir insan olduğunu düşündüyü üçün ölümündən o qədər də şoka düşməyəcək.

Uşaqlarımızın maddi rifahını təmin etməyə çalışdığımız kimi, onların mənəvi cəhətdən də varlı olmasına çalışmalıyıq. Çünki həyatın acı gerçəkləri qarşısında var - dövlət, şan - şöhrət, sağlamlıq, gözəllik heç biri dayana bilməz.

Uşaqlarımıza verdiyimiz heç bir hədiyyə, heç bir oyuncaq onların ölüm qarşısında yaşadıqları şokun qarşısını ala bilməz. Mənəvi dərdlərin çarəsi yenə mənəvi dərmanlardadır. Biz böyük insanlar belə ölüm qarşısında yenidən dirilməyə inandığımız üçün mətanətimizi qoruya bilirik. Çünki ölümü ancaq ölümdən sonrakı həyatla izah edə bilirik. Əks təqdirdə, ölüm insanın yox olması sayılardı ki, bu, məntiqlə də mümkün deyil. Hər ağacı qışda qurudub ölü sümüklərə bənzədən, sonra isə baharda min bir gözəlliklərlə bəzəyən Qüdrət, ağacları belə qoruduğu halda, ən şərəfli varlıq olan insanı yoxluğa məhkum edərmi?

4 - 6 yaş arasındakı uşaqlar cənnət mövzusunu heç bir mühakiməsiz - filansız qəbul edirlər. Bu mövzu çox xoşlarına gəldiyi üçün hətta sizdən tez - tez danışmağı da tələb edirlər. Ancaq sonrakı illərdə onlar cənnət haqqında daha təfərrüatlı məlumatlar istəyəcəklər. Ona görə də indidən əllərimizə kitab götürüb bu balaca dəcəllərin suallarına hazırlaşsaq, yaxşı olar. Çünki suallara cavab verə bilməsək, bizə heç də yaxşı qiymət verməzlər.

4 şərh

Aysel218
mence insanlar olumden yox bu dunyada etdikleri emellerden qorxmalidirlar.....topike gore tesekkurler...maraqli yazilib
umud600
Aysel, hamı cənnətə getmək istəyir, amma ölmək istəyən yoxdur. :)
Aysel218
Raziyam...hardasa men yazdigimin davami kimi seslenir…
MaksiMuS
Topikdə vurğulanlarla tamamilə raziyam. Uşaq əlbəttə ki valideynindən daha çox nümunə götürür.Onun dediklərini mənimsəyir.Necə deyərlər onların Boş başlarına (ifadə pis səslənsədə, siz məcazi mənada qəbul edin :)) nə qədər çox məlumat doldursaq, məlumatlandırsaq bir o qədər həyata, həyatlarında baş verənlərə hazırlıqlı olar, düzgün reaksiya göstərərlər. Məlum məsələdiki uşaq ən çox sual verməklə tanınır. O öz uşaq ağlıynan Umid qardaşımız demişkən sualına cavab tapana kimi, biz hazır cavabı uşağa deməliyik. Özüdə onun anlaya biləcəyi dildə...
Əməyə və paylaşıma görə tşk. +