İlk ailənin yaranması

      Ailə səmanın yer üzündəki kiçik hissəsi olmalıdır.

      İlk valideynlərimizin yaşadıqları Eden bağını ALLAH Özü onlar üçün hazırlamışdı. ALLAH insanın arzulaya biləcəyi hər şeyi o bağda yerləşdirərək dedi: "Öz surətimizə və bənzərimizə görə insanı yaradaq".

      ALLAH Özünün ən axrıncı və ən gözəl yaratdığından məmnun qalmışdı və istəyirdi ki, insan kamil dünyanın kamil sakini olsun. Lakin O, insanın tək yaşamasını istəmirdi. ALLAH dedi: "İnsanın tək olması yaxşı deyil: Mən ona münasib olan köməkçi yaradacağam".

      ALLAH Özü Adəmə onunla eyni hüquqlu həyat yoldaşı verdi: o, Adəm üçün dost ola, onun məhəbbətinə cavab verə və dərdinə şərik ola bilərdi. Həvva Adəmin qabırğasından yaradılmışdı: bu o demək idi ki, o, ailə başçısı kimi ərinin üzərində ağalıq edə bilməzdi, lakin aşağı səviyyəli birisi kimi Adəmə baş əyməli də deyildi, Həvva Adəmlə eyni səviyyədə yaradılmışdı ki, əri onu sevsin və qorusun. Kişinin bir hissəsi, əti ətindən, sümüyü sümüyündən olduğuna görə, o, Adəmlə sıx ittifaq yaradaraq, aralarındakı münasibətlərə xas olan incə bağlılıqla onun ikinci «mən»inə çevrilmişdi. «Buna görə kişi öz ata-anasını tərk edib, qadınına qovuşacaq və onlar bir bədən olacaqlar».

       İlk nigah. ALLAH ilk nigahı xeyir-dualadı. Beləliklə, bu ittifaqın müəllifi dünyanın Yaradıcısıdır. Nigah-ALLAHIN insana bəxş etdiyi ilk hədiyyələrdən biri və günaha batdıqdan sonra Adəm Cənnət bağını tərk edərkən özüylə götürə bildiyi iki imkandan biri idi.

       İnsanlar nigahla bağlı ilahi prinsipləri bilib, onlara əməl edən zaman, bu nigah onlar üçün xeyir-duaya çevrilir. O, əxlaq təmizliyini və bəşər nəslinin xoşbəxtliyini qorumağa kömək edir, ümumi qanunlara uyğun gəlir və insanı bütün münasibətlərdə ucaldır.

          Adəm ürəyinin istədiyi hər şeylə əhatə olunmuşdu. Onun bütün ehtiyacları ödənilirdi. Gözəl Edendə nə günah, nə də xəstəlikdən əsər-əlamət yox idi. Rəbbin mələkləri sərbəst şəkildə və böyük nəvazişlə müqəddəs cütlüklə ünsiyyət edirdilər. İnsan Yaradanın yaratdıqlarının ən gözəli idi. 

          Adəmə bağın qayğısına qalmaq tapşırılmışdı. Əgər insanın xoşbəxtliyi fəaliyyətsizlikdə olsaydı, onda o, öz müqəddəs günahsızlığında işsiz qalardı. Lakin insanı Yaradan bilirdi ki, onun xoşbəxtliyinin açarı əməkdədir.

          ALLAH  birinci yerdədir. Adəm və Həvvanın ALLAHLA ünsiyyətinə heç nə mane olmurdu. Onlar Onu mərhəmətli Ata kimi tanıyırdılar və onların iradələri ALLAHIN iradəsi ilə üst-üstə düşürdü. ALLAHIN xarakteri Adəmin xarakterində əks olunurdu. ALLAHIN izzəti təbiətdəki bütün yaradılmışlarda izhar olunurdu.

          Öz ailələrində birinci yeri ALLAHA verən və övladlarını Onu sevməyə öyrədənlər mələklər və insanlar qarşısında Rəbbi izzətləndirirlər və dünyaya yaxşı təşkil olunmuş, intizamlı ailə nümunəsi verirlər. Rəbbin rəhbərlik etdiyi və uşaqların dinə, Müqəddəs Kitaba və öz Yaradanlarına hörmət etməyə öyrədildiyi evdə mələklər şadlanırlar. Onda həmin ev cənnətə, ailə isə-səmavi ailənin gözəl simvoluna çevrilir.

 

3 şərh

Ramil
Növbəti mətn «Sizin nigahınız məhəbbət və çiçəklərlə doludurmu?» olacaq.
tarixci1919
Kaş ki bütün nigahlar bu cür bağlansa belə davam etsə. Yazı üçün təşəkkürlər. 
Ramil
Şərh üçün təşəkkür edirəm. Əlbəttə boşanma halları sıfıra  enər. Hər halda günah insanlardadır.