Evlilikdən əvvəl qarşı tərəfi niyə mütləq tanımağa çalışmalısınız?

Ən təhlükəli evliliklər “Necə olsa sevirəm!” düşüncəsi ilə başlayan evliliklərdir. Əlbəttə ki, “Tanımadığım adamla necə evlənə bilərəm?” – deyə bilərsiniz. Ancaq burada söhbət ümumi tanımaqdan yox, ətraflı tanımaqdan gedir.

Hər şeydən əvvəl unutmayın ki, evlilikdə hisslər qədər məntiq də çox vacibdir. Təkcə hisslərinizin səsinə qulaq assanız, çox asan səhvə yol verə bilərsiniz. Buna görə də evlilik üçün qərar verməyə tələsməyin. Bir-birinizi kifayət qədər tanımaq üçün kifayət qədər vaxt ayırmağa çalışın. Təbii ki, burada illərdən söhbət getmir. Bəziləri üçün bu müddət 25 gün, bəziləri üçün isə 3 ay ola bilər.

Bir-birinizi tanımaq üçün ayırdığınız vaxtı eləcə əylənmək üçün də sərf etməyin. Qarşı tərəfi hansı cəhətləri ilə tanımaq istədiyinizi müəyyən etdikdən sonra vaxt itirmədən ortaq xüsusiyyətlərinizi müəyyən etməyə keçin. Və bu xüsusiyyətlərinizdən gələcək həyatınızda istifadə edib etməyəcəyinizi müəyyənləşdirin.

İlk növbədə sosial mənada bir-birinizə yaxın olmağa çalışın. Qarşı tərəfin sizin dəyərlərinizi qəbul etməsi və ya ən azı hörmət göstərməsi çox vacibdir. Evlilikdən nə gözlədiyinizi qarşı tərəfə əvvəlcədən bildirin və bu məsələ ilə bağlı qarşı tərəfin də münasibətini öyrənin. Sizinlə olan münasibətləri ilə yanaşı ümumi davranışlarını da müşahidə edin. Bu, sizdə onun haqqında konkret bir fikrin formalaşmasına da imkan verər. Təbii ki, bu maddələrin sayını artırmaq da olar.

Unutmayın ki, evliliyə qədər apardığınız bu müşahidələr sizə ilk növbədə gələcək həyatınızdakı ”qəzaların” sayını azaltmağa kömək edəcək.

gencaile.az

0 şərh