Ailə və ailənin funksiyaları

Gec -tez oğlanlar evlənməli, qızlar ərə getməlidirlər. Bu çox mühüm həyati zərurətdir. Ona görədə onlar özlərini ailə həyatına hazırlamalıdırlar. Siz artıq bilirsiniz ki, nigaha daxil olmaq üçün yetkinlik yaşına çatmaq, müəyyən ümumtəhsil və peşə səviyyəsi, seçdiyiniz şəxslə özünüz arasında ər-arvadləq və ailə borcu kimi məsələlərdə yekdil fikrin mövcudluğu, etik-psixoloji mədəniyyətə yiyələnmə, evdarlıq qabliyyətinin, ailənin müstəqil maddi həyatını qurmaq üçün kifayət qədər hazırlığın olması, tərbiyə etməyi bacarmaq və s. lazımdır.
Ailə — nigah, yaxud qan qohumluğna əsaslanan kiçik qrupdur. Ailə üzvləri bir-birinə məişət birliyi, mənəvi cavabdehlik və qarşılıqlı köməklə bağlıdır.
Ailə yaxın qohumların (kişi və qadının, valideyinlərin  və uşaqların və s.) birlikdə yaşadıqlaı qrupdur. Lakin buna adi qrup kimi baxmaq doğru deyildir.O, kiçik sosial qrupdur və cəmiyyətin ilkin özəyidir.
Ailənin bir sra tarixi formaları (“Punaula” ailəsi, ikili ailə və monoqam ailə) mövcud olmuşdur. Ölkəmiz, o cümlədən dünyanın əksər ölkələri üçün monoqam (təknigahlıq) ailə forması səciyyəvidir. Cəmiyyətimizdə monoqam ailə ər-arvadın qarşılıqlı məhəbbətinə, hörmətinə, səmimiyyətinə onların bir-biri, eləcədə uşaqlar qarşısında borc daşımasına əsaslanır.
Ailənin özünəməxsus funksiyaları vardır. Funksiya (funtio-latın sözüdür) mənası icra, fəaliyyət deməkdir. Ailənin funksiyaları dedikdə onun həyat fəaliyyətinin başlıca istiqamətləri nəzərdə tutulur. Bu baxımdan onun aşağıdakı funksiyalarını fərqləndirmək olar: reproduktiv, təsərrüfat-iqtisadi, tərbiyə, bərpaedici və s.
Ailənin funksiyaları qarşılıqlı əlaqədədir. Onlar, hər şeydən əvvəl ailənin sosial mahiyyətini əks etdirir. Ailə cəmiyyətin sosial əsasıdır. O öz üzvlərinin müxtəlif tələbatı (şəxsi və ümumailə, yəni qrup) ilə yanaşı cəmiyyətin bir sıra mühüm tələbatını- əhali artımı tələbatını yerinə yetirir. Bu isə ictimai tələbatdır. Ailənin funksiyaları məhz buradan irəli gəlir. Ailənin funksiyaları ictimai-tarixi xarakter daşıyır.
Ailənin reproduktiv funksiyası onun həyatının mühüm bir sahəsini- uşaqların doğulması sahəsini əhatə edir. Valideynlər neçə uşaq istəyirlər? Onlar ailənin inkişafını necə planlaşdırırlar? Bu suallar ilk baxışda nə qədər sadə görünsə də, ailənin reproduktiv funksiyasının məzmununu əsasən aydın ifadə edir. Ailədə uşaqların sayı onun həyat tərzinin mühüm göstəricisidir. Ailənin inkişafı da uşaqların dünyaya gəlməsi ilə bilavasitə bağlıdır.
Ailənin digər funksiyası təsərrüfat-iqtisadi funksiyadır. Bu funksiya ailənin mövcud olması üçün maddi şəraitin təmin edilməsi, ailə üzvlərinin maddi və bir çox başqa tələbatlarının ödənilməsi, ev təsərrüfatı ilə məşğul olmaq, ailə büdcəsinin qaydaya salınması, ailənin idarə olunması, ailə üzvlərinin sağlam və gümrah olmalarına qarşılıqlı köməyin göstərilməsin kimi əsas cəhətləri özündə birləşdirir.
Ailənin tərbiyəvi funksiyası olduqca mühümdür. Ailədə həm yaşlılar, həm də uşaqlar tərbiyə olunurlar. Ailənin gənc nəslin tərbiyəsinə təsiri xüsusilə böyük rola malikdir. Ona görə də ailənin tərbiyəvi funksiyası üç cəhətlə bağlıdır: a) tərbiyənin ailənin yaşlı üzvlərinə verilməsi; b) ailə kollektivinin özünün ailənin hər bir üzvünə uzunmüddətli, məqsədyönlü, sistemli və müntəzəm tərbiyəvi təsiri; c) uşaqların öz valideynlərinə daimi təsiri. Bu, valideynlərin özünütərbiyə ilə fəal surətdə məşğul olmalarına şərait yaradır.
Ailə hər bir insan üçün sağlamlaşdırıcı, psixoterapevtik mühitdir. Ailənin bərpaedici funksiyası bu cəhəti nəzərə alır. Biz öz dərd-sərimizi ailədə yaddan çıxarırıq. İşdə, iclaslarda nə qədər yorulsaq belə, evə gələn kimi, uşaqlarımız üstümüzə qaçıb qucağımıza atılan kimi, yaxud qızımızın, oğlumuzun uğurlarını eşidən kimi könlümüz açılır, gözlərimizdə dünyanın mənası dəyişir, nikbin ruh bizi bürüyür. Həyat yoldaşımızın qulluğumuzda durması, sevinc və xoş sözlərlə bizi dindirməsi bizə xoş ovqat bəxş edir, istər-istəməz düşünürük: həyat, sən necə də gözəlsən!
Ailənin sadə və mürəkkəb olmaqla iki başlıca tipi vardır. Demoqrafların qənaətincə, hazırda ən geniş yayılmış ailə tipi nuklear ailə sayılır.
Nuklear ailə sadə ailədir. Nuklear latınca nus-leus nüvə deməkdir. O, iki nəsildən – ata-ana və uşaqlardan ibarət olur. Əgər uşaqlardan hər hansı biri evlənirsə (ərə gedirsə) və valideynləri ilə birlikdə yaşayırsa, bu vaxt ailənin tipi dəyişir, nuklear ailə mürəkkəb ailəyə çevrilir.
Mürəkkəb ailə üç və yaxud daha çox nəsildən — baba-nənə, ata-ana və uşaqlardan ibarətdir. 

Mənbə kimi universitet mühazirələrindən istifadə olunub.

0 şərh