Ananın düşüncələri

Artıq oğlu böyümüşdü. Dörd yaşına az qalmışdı. İllərin necə sürətlə keçdiyinə məəttəl qalmışdı. Axı, necə belə ola bilər. Hələ dörd il bundan əvvəl bu uşaq bu dünyada yox idi. İndi isə artıq böyüyüb, öz istəkləri və arzular var. Artıq heç nə tək ondan asılı deyil. İndi dünyaya gəlişi ilə onu dünyanın ən xöşbəxt insanına çevirən bu kiçik varlıq məsum gözləri ilə ona baxır:" Ana, anaaa, yaxşı da gəl , öyrət mənə sürməyi"- deyə onu səsləyirdi. O, bu təmiz, bulaq gözü kimi saf gözlərə baxmaqdan doymazdı. Bu gözlərdə elə bir istilik və sevgi duyurdu ki, bunu heç bir söz ilə izhar etmək mümkün deyildi. Oğlunun səsi onu xəyallardan, nostalji hisslərindən ayırdı:

- Hə, bu saat , balam. Amma bil, iki təkər üstündə sürmək elə də asan deyil. Dörd təkər deyil. Gərək ürəkli və cəsarətlə davranasan.

ana ürəyi,ana sevgisi ayrı şeydirOğlu velosiped sürməyi gözəl bacarırdı. Hələ iki yaşı tamam olmamışdı ki, artıq özündən böyüklərdən də yaxşı sürməyi bilirdi. Bu bacarığına görə iki təkər üzərində sürməyi oğluna öyrətmək qərarına gələndə elə də tərəddüd etmədi. Oğlu da inadkar uşaq idi:

-Ana, mən qəşəng sürəcəm , hə, qorxmayacam hə? Cavab ver də, düz deyirəm?

Beləcə , ana- bala məşq etməyə başladılar. Əvvəl - əvvəl uşaq qorxurdu:

- Məni buraxma haa, velosipedi tut, buraxma , yıxılaram.

- Qorxutma özünü, özünə inan , axı demişdim sənə, qorxmamalısan.

-Aaaaaa, yıxılıraaam, tut məni.

- Olmadı ki. Özünü qorxutma, sən bacararsan.

- İndi mən yıxılsam, qan axar məndən hə? Sonra da mən ölərəm , bəs sənin oğlun kim olar?

Ana bu şantaja gülümsədi. Bu balaca indidən anasına təsir etmək istəyirdi. Həmişə birlikdə televizor izləyəndə, reklam çarxlarında göstərilən cürbəcür uşaq oyuncaq və konfetlərini gördükdə " Ana, ataya de, bundan alsın mənə" - deyərdi, ana da tezliklə reklamların bitdiyini arzulayardı. Çünki gördüyü hər bir şeyə " Ataya deyərsən alsın haa, yadından çıxmasın" - cümləsini eşitməli olurdu. Səhər yuxudan duran kimi " Dedin?" sualına cavab tapmaq lazım idi. "Ay bala, imkan ver bir səhər açılsın da, alar,mütləq alar"- deyirdi.

- Deməmisən. Yoxsa ata alardı.

Bir az fikirləşib:

- Ana, atanın pulu olsa alar həə? Ata işə pul qazanmağa gedib, düz deyirəm?

- Elədir-oğluna baxıb, onu bağrına basar , doya-doya öpərdi.

- Ana boğuldum. Məni az qala yedin.

- Şirinsən axı.

- Mən konfetəm?

- Konfetdən şirinsən- deyə ana cavab verərdi.

Beləcə günləri keçərdi. Bu gün isə daha məsuliyyətli gün idi. Daha doğrusu bu balaca üçün.

-Gəl sürək. Tut haa.

Bir neçə dövrə vurduqdan sonra oğlu sərbəst velosipedi idarə etməyi öyrənirdi. O, isə yorulmuşdu. Velosipedlə birgə qaçmaq, oğluna dəstək olmaq, onun bütün enerjisini əlindn almışdı.

-Əla  gözəl, çox yaxşı bacardın.

Oğlu bu sözlərdən daha çox fərəhlənib, daha sürətlə sürürdü. Anasının onunla fəxr etməsi ona daha çox cəsarət verirdi.Beləcə , axşam oldu, artıq evə getmək zamanı idi.

-Ana, mən qəşəng sürdüm, həə?

- Elədir , məstan.

Oğlu bu sözü bir də eşitmək üçün sualı təkrar etdi. Ana da oğluna xoş olsun deyə bir daha , xüsusi vurğuyla sözlərini təkrarladı. Oğlunu çimdirdi, yedirtdi və yatağına uzatdı. Balaca o qədər yorulmuşdu ki, o saat yatdı. Onun isə gözlərinə yuxu getmirdi. Balasına sevə -sevə baxırdı. Gün ərzində baş verənləri düşünürdü. Beləcə, onu yuxu apardı.Gecə yarı səsdən ayıldı. Balası yuxuda danışırdı:

- Bilirəm, mən qəşəng sürürəm, özdə iki təkər üstündə. Anam deyir.

O , güldü. Anladı ki, balası yuxu görür, deyəsən yuxuda dostlarının yanında qürurlanır. Ehmalca onu öpdü və yatağına qayıtdı. Düşündü, həyatın nə qəribə işləri var, bu günahsız, köməksiz körpə bütünlüklə ondan asılıdı. Həm maddi, həm mənəvi. Onun dəstəyi ilə bu gün balasının həyatında fövqaladə hadisə baş verib. Elə bir hadisə ki, balası bunu hətta yuxuda belə yaşayır. Bu gün o, " iki təkər üstündə sürməyi öyrəndi".

Kim bilir sabah onları nə gözləyir? Daha başqa sabahlar nələr baş verəcək. Gələcəkdə oğlunun öz ayaqları üstündə durmağı öyrətmək, yeni uğurlar əldə etməyə kömək etmək onun başlıca vəzifəsidir. Bütün bunlar onun dəstəyindən asılıdır. Bu gün ona velosiped sürməyi öyrətdi, bunun üçün az vaxt və enerji sərf olunmadı. Yetərincə çalışdılar. Bu hələ nədi ki? Bunun üçün o, belə yorulmuşdu. Sabah daha ağır, çətin sınaq və imtahanlar onu gözləməkdədir. Bunları düşünüb yuxuya daldı.

P.S  Hər bir uğur əldə etmiş kişinin arxasında bir qadın dayanır. Bu ya ana, ya həyat yoldaşı ola bilər.

Müəllif: Zeynalova V.M

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.

Həmçinin bax:

 

4 şərh

cahandar
Şəkər bala.Qoy Tanrı bu balanı valideyinlərinə və valideyinlərini ona çox görməsin.Amin!!!  :)
Old_Baku_
Həqiqətən çox maraqlı və təsirli məqalədi.İnanıram ki,o balaca nəinki iki təkərli velosiped sürməyi,qarşıdakı bütün problemləri bax belə üstəsindən gələcəkdir.
Dior
Allah heç bir övladı valideynsiz etməsin!