Xəbərsiz qonaq

Zərifə axşamüstü evə qayıdanda olduqca yorğun idi. Çox gərgin bir gün keçirmişdi. Gündəlik dərsləri bir yana, üstəlik valideyn iclasında da olmuşdu. Hər valideynlə tək-tək söhbət etdiyi üçün bir tərəfdən başı, bir tərəfdən də çənəsi ağrıyırdı.
Tələsik üstünü dəyişdi. Əl-üzünü yudu. " Bəlkə bir az divanda uzanım?"- deyə ürəyindən keçirsə də, " Uzansam, yatıb qalacağam. Bir azdan Xalid də gələcək, gərək yemək hazırlayam ",-deyib fikrindən daşındı.
Mətbəxə getdi. Soyuducuda heç bir şey qalmamışdı. " Aman Allah, hələ mən marketə getməliyəm. Görəsən, nə hazırlayım?" - deyə düşünürdü ki, birdən qapı döyüldü:
- Vay, vay, deyəsən, Xalid gəldi.
Tez gedib qapını açdı. Xalid tələsik içəri girərək:
- Salam, - dedi.
Nədənsə çox şən görünürdü.
- Salam! Xeyir ola, bu gün tez gəlmisən?
- Hə, işdən tez çıxdım. Axşama dostlarım gələcək. Bir şey lazımdırsa, gedib ala bilərəm.
Zərifənin üzü bozardı:
- Dostların gələcək? Elə isə mənim niyə xəbərim yoxdur? Heç olmasa, cib telefonuma zəng vuraydın.
- Zərifə uzatma, nə var burda? Dostlarımı hər gün çağırmıram ki? Yaxşı, mənim gözəl xanımım, keç mətbəxə, bir şey hazırla!
- Yox, Xalid! Artıq bezmişəm. İşdən yorğun-arğın gəlmişəm. Heç özümə yemək bişirməyə evdə bir şey yoxdur. Üstəlik, məndən xəbərsiz qonaq çağırırsan.
Bu dəfə Xalidin üzü bozardı:
- Mənə bax, Zərifə! Yoxsa, dostlarımı çağırmaq üçün səndən icazə almalıyam? Çox yorulursansa, işləmə! Bura mənim evimdir. Yəni dostlarımı bir dəfə qonaq çağıra bilmərəm?..
Zərifə qapını çırpıb otaqdan çıxdı. Bu küsülülük, deyəsən, bir müddət davam edəcəkdi. Halbuki, Zərifə belə də davrana bilərdi...
- Aman Allah, qonaq çağırmısan? Ancaq evdə heç nə yoxdur. Nə edəcəyik?
- Mən tez gedib nə lazımdırsa, alaram. Sən siyahını hazırla.
- Mənə bax, Xalid! Təkcə alış-verişlə iş bitmir. Bilirsən ki, çox yorğunam. Dostlarının yanında xəcalət çəkməyəsən deyə, bu dəfə sənin üçün fədakarlıq edəcəyəm. Ancaq sən də mənə kömək edəcəksən.
Əslində Zərifə hirslənməkdə haqlı idi. Xaliddən istədiyi yeganə şey qonaqların gəlişini xəbər verməsi idi. Ancaq Xalid onun yorğun olduğunu bilmirdi. Üstəlik, ona kömək etmək üçün evə tez gəlmişdi. Bir də Zərifə qapənə çırpıb getməklə nəyə nail oldu? Bu əsəblə dincəlmək mümkün idimi? Əgər kiçik bir fədakarlıq göstərib mətbəxdə bir şey hazırlasa idi, həm yoldaşının gözündə ucalar, həm də bu qədər narahatlığa ehtiyac qalmazdı...
Hamımız səhvə yol veririk. Özümüzə qarşı necə qayğı gözləyiriksə, biz də lazım olanda başqalarına qarşı qayğı göstərməliyik. Ailə səadəti elə bir xəzinədir ki, onun qiymətini bilənlər adi bir qəzəbə qurban verməzlər onu. Əksinə, bu hədəf istiqamətində daim irəli getməyə çalışarlar.

5 şərh

Ferbara
Məqaləni oxuyarkən Xalidin "Bir şey lazımdırsa, gedib ala bilərəm." cümləsindən sonra elə bildim Zərifə sevinəcək. :)
umud600
Nə sevinməsi? Aralarında olan böhran pik həddə çatıb. Az sonra.:)
Responsible
Sən demə, Xalid xanımına kömək etmək üçün işdən tez gəlib.
SHATENKA407
bes  axiri nece oldu?? yemekleri kim bishiresi oldu?))
umud600
Yəqin ki, Xalid bişirdi.:)