Rus yazıçılarının əsl peşələri

Anton Çexov
Çexov hələ məktəb skamyasındaykən hekayələr yazmağa cəhd edib, lakin Taqanroq gimnaziyasını bitirəndən sonra Moskva Universitetinin tibb fakultəsinə daxil olub (hazırda Seçenov adına MDTU). A.Çexov tibb fakultəsində Nikolay Sklifosovskiy və Qriqori Zaxaryindən dərs alıb. Tələbə ikən Voskresenski xəstəxanasında həkimlərə yardım edib.

Mixail Bulqakov
Mixail Bulqakovun iki həkim dayısı çox yaxşı pul qazandıqlarından gələcək yazıçı da həkim olmaq, qaz vurub qazan doldurmaq qərarına gəlib. Amma həkimlik peşəsi ona pul yox, çoxlu problem gətirib. Həkimlik etdiyi müddətdə — I Dünya Müharibəsi zamanı cəbhəyanı bölgədə işləyib, morfiyə qurşanıb, Vətəndaş müharibəsi zamanı səfərbərliyə alınıb. Yalnız 1921-ci ildə Dobrovolçesk ordusu geri çəkiləndən və yatalaq xəstəliyi keçirəndən sonra Bulqakov dayısı oğluna məktubunda “mən çoxdan başlamalı olduğum işi dörd il gecikdirmişəm – yazmağa başlamalıydım” yazıb.

Aleksandr Ostrovski
Aleksandr Ostrovskinin hüquqşunas olmasını atası istəyib. Lakin elə Moskva Universitetinin hüquq fakultəsinə qəbul zamanı gələcək yazıçının problemləri başlayıb: Roma qanunları fənnindən imtahan verə bilməyən Aleksandr Nikolayeviç universiteti atıb, bir müddət Sovestnidə, sonra isə Kommersiya məhkəməsində dəftərxanaçı işləyib. Elə həmin vaxt da fəal şəkildə ədəbiyyatla məşğul olmağa başlayıb.

Mixail Lermontov
Mixail Lermontov Sankt-Peterburqa köçəndən sonra universitetə daxil olmağa cəhd edib. Ancaq təhsil müəssisəsinin rəhbərliyi onun, Moskva universitetində keçirdiyi iki ili nəzərə almaqdan imtina edib. Nəticədə Lermontov Kavaleriya yunkerlərinin məktəbinə qəbul olunub. Oranı Qusar polkunun qvardiya korneti rütbəsində bitirən M.Lermontov Qafqaza göndərilib. Sonralar şair istefa vermək istəsə də, nənəsinin etirazlarına görə qəti qərara gələ bilməyib.

Lev Tolstoy
Məşhur yazıçı həm də cəsur zabit olub. O, iki il yunker kimi Qafqazda xidmət edib, dağlılarla döyüşüb. Krım müharibəsi başlayandan sonra Draqun ordusuna keçib, Oltenitsa ətrafındakı döyüşlərdə, Silistriyanın mühasirəsində iştirak edib, 1854-cü ildə Sevastopola gəlib. Şəhərin müdafiəsindəki xidmətlərinə görə üzərində “İgidliyinə görə” yazılmış 4-cü dərəcəli “Müqəddəs Anna” ordeni, “1854-1855-ci illər Sevastopolun müdafiəsinə görə” və “1853-1856-cı illər müharibəsinin xatirəsinə” medalları ilə təltif olunub.

Aleksandr Kuprin
 Aleksandrovski hərbi məktəbinin kursantı Aleksandr Kuprin hərbi xidmətə 46-cı Dneprovski piyada polkunda podporuçik rütbəsində başlayıb. Üç ildən sonra rütbəsi artırılan yazıçı istefaya çıxıb, amma I Dünya Müharibəsi başlayanda yenidən xidmətə qayıdıb. 1914-cü ilin noyabrında Kuprin səfərbərliyə alınıb və piyada rotasının komandiri kimi Finlandiyaya göndərilib. 1915-ci ildə səhhətindəki problemlərə görə ordudan təxris edilib.

Nikolay Dobrolyubov
Pedaqoji İnstitutun tələbəsi Dobrolyubov təhsil sahəsində karyera qura bilərdi, lakin ədəbi yaradıcılığa aludə olub və tənqidçi işinə daha çox vaxt ayırıb. Bununla belə pedaqogikanın prinsiplərindən də çox danışıb və məhdud miqyaslı peşə problemini cəmiyyət üçün vacib məsələ səviyyəsinə qaldırıb.

İvan Krılov
Baxmayaraq ki, məşhur təmsilçi qırıq-qırıq və daha çox öz gücü, zəhməti hesabına təhsil alıb, o, hərtərəfli inkişaf etmiş bir insan idi. Geniş savadı sayəsində də knyaz Sergey Fyodoroviç Qolıtsının evində dil və ədəbiyyat müəllimi işləyib.

Nikolay Çernışevski
Fəlsəfə fakultəsinin tarix və filologiya bölməsindən məzun olan Çernışevski müəllimlik karyerasına Saratov gimnaziyasında başlayıb. Elə orda da öz vəzifəsindən inqilabi ideyalarının təbliği məqsədilə isifadə edib. Ailə qurandan sonra Sankt-Peterburqa köçüb və ikinci kadet korpusuna təyinat alıb. Lakin nə qədər istedadlı pedaqoq olsa da, orda çox az işləyə bilib. Zabitlərdən biri ilə münaqişə yaşayandan sonra istefa verib.

Aleksandr Qriboyedov
ABŞ-da Rusiya konsulluğunda məmur vəzifəsindən imtina edən Qriboyedov Iranda çarın səlahiyyəli nümayəndəsinin katibi təyin olunub, 1828-ci ildə Türkmənçay sülh müqaviləsinin bağlanmasında iştirak eib, müqavilənin mətnini Peterburqa şəxsən gətirib. Bundan sonra İranda Rusiya İmperiyasının səfiri təyin olunub və orda da dini fanatiklər tərfindən vəzifə başında qətlə yetirilib.



Fyodr Tyütçev
Bu gözəl rus şairi Rusiya səfirliyinin ştatdankənar attaşesi kimi bir müddət Münhendə yaşayıb. Diplomatik fəaliyyəti başa çatandan sonra vətəninə qayıdana qədər Avropa və Rusiya araındakı siyasi problemlər, qarşılıqlı münasibətlər haqqında məqalələr yazıb.

Fyodr Dostoyevski
Mühəndislik məktəbini bitirəndən sonra Dostoyevski mühəndis-podporuçik qismində Peterburq mühəndis komandasına təyinat alıb. Ancaq bir ildən sonra özünü tamamilə ədəbiyyata həsr etmək qərarına gəlib və istefa verib. 1844-cü il oktyabrın 19-da hərbi xidmətdən təxris olunub.

Yevgeni Zamyatin
Antiutopiya janrının əsasını qoymuş məşhur yazıçı, Sankt-Peterburq Politexnik Universitetini bitirəndən sonra Nyukasl, Qlazqo və Sanderlend tərsanələrində rus buzqıranlarının inşasında iştirak etmək üçün İngiltərəyə ezam olunub. “Müqəddəs Aleksandr Nevski” buzqıranının əsas memarlarından biri olub.

Mənbə: culture.ru
 

0 şərh