Oğuz Atay

Həyatı
Oğuz Atay 1934-cü ildə Kastamonuda dünyaya göz açıb. Atası Cəmil Atay, Sinop və Kastamonunun millət vəkili olub. 5 yaşında ailəsi ilə birlikdə Ankaraya köçən Oğuz bugünkü adı Ankara Kolleci olan Ankara Maarif Kollecini, 1957-ci ildə İstanbul Texniki Universitetinin İnşaat fakültəsini bitirib. 3 il sonra o, İstanbul Dövlət Mühəndislik və Memarlıq Akademiyasının inşaat fakültəsində çalışmağa başlayıb. 1975-ci ildə dosent olan Oğuz Atay “Topoqrafiya” adlı ixtisas kitabı yazıb. Bundan əlavə, onun müxtəlif qəzet və jurnallarda yazıları da dərc olunub.

Karyerası
Oğuz Atay bir müddət solçu kütlələrlə yaxınlıq edib. İkinci Ankara dövründə isə özünə ədəbiyyatçı dostlar tapıb. Əsgərlik dostu Cevat Çapan onu Vüsat O.Benerlə tanış edib. Beləcə, bir müddət sonra Vüsat Benerin evi onun üçün kitablardan, yazıçılardan və ədəbiyyatdan rahat danışa bildiyi oylağa çevrilib. O, tez-tez Benerin evinə gedərək onunla uzun-uzun söhbətlər edir, mənəvi dünyasını ortaya qoyaraq sıxıntılarını bölüşürmüş. Bir müddət sonra yazacağı ilk romanı — “Tutunamayanlar”ın elə ilk oxucusu da Vüsat Bener olub.

Oğuz Atay tanınmış yazarların əsərlərini oxuyur, ədəbiyyatla yaxından maraqlanırdı. Ən çox sevdiyi yazıçı Fyodor Dostoyevski idi. Onun 1971-72-ci illərdə yayımlanan “Tutunamayanlar” romanı yazıçıya “TRT Roman mükafatını” qazandırıb. Bu əsərində Oğuz Atay sevimli yazıçıları Fyodor Dostoyevski və Frans Kafkanın adlarını xüsusi vurğulayıb.

Onun əsərlərində xəyallarla həqiqət bir-birinə qarışır. Xüsusən, “Tutunamayanlar” romanında müasir şəhər həyatı içində fərdin yaşadığı təklik, cəmiyyətdən qopmaq və ictimai əxlaqa, qəlibləşmiş düşüncələrə yad olan, tutuna bilməyən fərdlərin daxili dünyası izah edilir. Yazıçının əsərləri tənqid, yumor və ironiyanı özündə birləşdirir.

“Qorxunu gözləyərkən” başlığı altında toplanmış hekayələrini dərc edən Oğuz Atay 1911-1967-ci illərdə yaşamış professor Mustafa İnanın həyatından bəhs edən “Bir alimin həyatı” adlı romanını 1975-ci ildə yayımlayıb. Onun 1973-cü ildə yayımlanan “Oyunlarla yaşananlar” adlı tamaşası Dövlət Teatrında səhnəyə qoyulub.

Ailəsi
Oğuz Atay Texniki Universitetdə tanış olduğu Fikriye Gürbüz adlı xanımla ailə həyatı qurub. Bu evlilikdən cütlüyün Özgə adlı qızları olub. Onlar 6 il evli olsalar da, Oğuz Atay bu münasibətdən xoşbəxt olmayan adam kimi tanınırmış. Yenə kitablara sığınan yazıçının həmin illərdə 5 minə yaxın kitab aldığı məlumdur. 6 illik ailə həyatından sonra cütlük ayrılıb. Ayrılıqdan sonra Oğuz Atay yenidən özünü kitablara verib.

Ölümü
Oğuz Atay səhhətində yaranan problemlərə görə böyük layihəsini başa çatdıra bilməyib. O, “Türkiyənin ruhu”nu yaza bilmədən 1977-ci ilin 17 dekabrında İstanbulda dünyasını dəyişib. Yazıçı “Edinerkapı sakızağacı” qəbristanlığında dəfn edilib.

1987-ci ildə “Gündəlik”, 1988-ci ildə isə “Eylembilim” adlı kitabları yayımlanıb. Sağlığında heç bir kitabı ikinci dəfə nəşr edilməyən Oğuz Atayın kitabları ölümündən sonra böyük maraqla qarşılanıb və dəfələrlə çap edilib.

2005-ci ildə “Mən burdayam — Oğuz Atayın bioqrafik və fantastik həyatı” adlı kitab yayımlanıb. Onun “Təhlükəli oyunlar” romanı 2009-cu ildə “Səyyar səhnə” tərəfindən səhnələşdirilib. “Biɾ alimin həyatı” adlı bioqrafik əsəri isə 2012-ci ildə “Bir alimin dramı: Mustafa İnan” adı ilə teatra uyğunlaşdırılaraq səhnələşdirilib.

Kastamonu Valiliyi tərəfindən 2007-ci ildən bəri ədəbiyyat sahəsində “Oğuz Atay Ədəbiyyat Mükafatı” verilir.

Müsahibəsi
1972-ci ilin 30 sentyabrında «Yeni Ortam” dərgisində Pakize Kutlunun Oğuz Atayla müsahibəsi dərc olunub. Həmin müsahibəni təqdim edirik:

— “1970 TRT Roman Mükafatı”nı qazanan ilk romanınız “Tutunamayanlar”a qarşı tənqidçilər susdular. Romanınızı mükafatlandıran TRT seçici qurum üzvü olan ədəbiyyatçılarımız da bu susqunluğa qoşuldular. Bu haqda nə deyə bilərsiniz?
— Düşünürəm ki, tənqidçilərimizin, daha doğrusu, uzun müddətdir yazmayanların beynində əvvəlcədən müəyyənləşdirilən, sərhədləri çəkilən roman qəlibi var. Buna görə kitabı bu ölçülərə uyğun gəlib-gəlməməsinə görə qiymətləndirirlər. Bəlkə də mənim yazdığım, kompleks və qeyri-adi səhifələr üçün hələ yeni qəlib tapılmayıb.

— Romanınızın quruluş, məzmun və rəngarənglik baxımından indiyə kimi yazılanlardan fərqli olması dərhal diqqət çəkir. Bu dəyişikliklər, mövzudan-mövzuya keçidlər və sürət oxucunun romana girməyini çətinləşdirmir ki? Bu, oxucu ilə aranızda qurmaq istədiyiniz bağa görə düşündürücü deyilmi?
— Ölkəmizdə oxucu sayı olduqca aşağıdır. Böyük izdihamlarla bağ qurduğumuzu sandığımız romanların belə ziyalılardan başqa oxucu kütləsi olduğunu düşünmürəm. Bundan əlavə, ziyalılar ancaq özləri haqqında yazılanları oxumaq məcburiyyətindədir. Bu baxımdan, mənim kimi yeni yazmağa başlayan birini axtarıb tapmaq və alıb oxumaq zəhmətinə qatlaşan oxucuların ilk baxışda yorucu görünən səhifələr arasında çətinlik çəkəcəyinə inanmıram. Oxucu sayı az olan ölkəmizdə belə oxucular bu cür kitabın yayımlandığını bilsələr, bir çox yazarımızın ağlından belə keçirə bilməyəcəyi istedadla kim bilir daha nələr oxuya bilərlər? Oxucunu savadsız hesab edərək yazmaq istədiklərini sadələşdirməyə çalışan yazıçıların nə üçün oturub yazdığını anlamıram.

— “Tutunamayanlar”la nə etmək, nəyi vermək istəmisiniz?
— “Tutunamayanlar”la çox sadə bir iş görmək istəmişəm — insanı izah etməyə çalışmışam. Bağlı dünyalar içində yaşayan yazarların belə bu cümləyə dərhal üsyan edəcəyini, „Guya biz nə edirik ki?“ deyə əsəbiləşəcəyini bildiyim halda bu sadə həqiqəti söyləməsəm, olmaz. Mən qəhrəmanlarının ipini istədiyi kimi oynadaraq insanlardan kuklalar yaradanların böyük romançılıq qabiliyyətindən uzağam. İnsanlara, xüsusilə, tutuna bilməyənlərə hörmətim böyük olduğu üçün yazığım gəlir onlara — belə böyük məsələlərin məqalə, araşdırma, esse kimi yazı növlərinin mövzusu olduğunu düşünürəm.



— “Tutunamayanlar”da Səlim İşıq kimdir?
— Səlim İşıq bir çox tutuna bilməyənlərin ümumiləşmiş obrazıdır. İntihar edən bir dostum var idi, Ural adında, amma Səlim İşıq o qədər deyil. Bəlkə də mən özüməm (Bu cümləni yazmayın). Adlarını yazmağın təhlükəli olduğu bir çox yoldaşlarım var. Hər kəsin „tutqun“ olmaq istədiyi bir ölkədə tutuna bilməməyi seçən Səlim İşıqla yaxınlığının olması bir çoxlarına toxunar deyə onların adlarını sadalamaq istəmirəm. Səlim öldü. Səlimlik də ölüb. Bir dəfə uğurun insanı maraqsızlaşdırdığını yazmışdım, ancaq „tutunmamağın” maraqlılığını da heç kimin buna can yandırmamasında görürəm. Niyə yandırsınlar ki? Bir dostum deyirdi, romanda hamını tutuna bilməməyə çağırıram. Hələ ki, çağırışa cavab ala bilmədim.

— Bəs Turqut Özbən necə?
— Turqut Özbənin vəziyyəti daha fərqlidir. Turqut bütün səylərinə baxmayaraq, tutuna bilmir. Bu baxımdan Səlim qədər ağıllı deyil. Bəlkə də Turqut bütün tutuna bilməyənlərin şahzadəsi kimi ortaya atılıb, onların uğrunda sona qədər dözmək üçün malikanələrdən, avtomobillərdən və kiçik burjua nemətlərindən könüllü imtina edərək tutuna bilməməyi seçir. Səlimlə birlikdə Səlim öldükdən sonra yola çıxır. Son olaraq bir qatarda görüblər onu. Bəlkə səfəri hələ də bitməyib.

— Bir hekayə də yayımlandı “Yeni dərgi”nin 1972-ci il sentyabr sayında. Roman və hekayə arasındakı yaxınlığı necə görürsünüz? Bu gün hələ də ayrı növ olaraq təyin oluna bilərmi?
— Bu günlərdə hekayə yazıram. Qısa yazmaqdan başqa əlacım yoxdur, çünki 60 səhifəlik bir hekayə yazmışdım, jurnallarda yayımlamaq çətin olur. Romanda şeir, pyeslər, məqalə (hamısı xəyaldır təbii ki) kimi bir çox növdən yararlanmışdım. Romanın bu baxımdan hekayədən fərqli imkanları var. İkinci romanım “Təhlükəli oyunlar”da xüsusilə pyes parçaları var. Bunun xaricində, bu iki növ arasında fərqlər varsa, onu tənqidçilər daha yaxşı bilirlər.

— Sevimli yazıçılarınız kimlədir? Niyə sevirsiniz?
— Sevdiyim yazıçıların başında Kafka və Dostoyevskini desəm, “Tutunamayanlar”ı oxuyanlar üçün qeyri-adi olmaz hər halda. İnsanı, əsasən də, Səlim İşığı tənha qoyanların dünyasında belə yazarlara tutuna bilməsək, sonumuz nə olar? Qonçarovun “Oblomov”u bir zamanlar hamımızı çox sarsıtmışdı. Stendal, Laklos, Corc Eliot, Henri Ceyms, Melvill, Nabokov kimi usta yazarlardan da təsirləndiyimi düşünürəm. İnsan roman yazmaq istəyəndə bir yazarın dediyi kimi, başqa romanlara həyəcanla qapılır. Həyatı roman olanlarda bu elə də görünmür.

Oğuz Atayın sözləri
— Sevimli insanlıq, uşaq səmimiyyəti ilə “alma” deyirəm, nə olar, çıx ortalığa...
— Bəzən sözlər şüşə qırıqları kimi insanın ağzına dolur. Sussan ağrıdar, danışsan qanadar.
— Gözlədiyimiz gec gəlir, gələndə isə insan başqa yerlərdə olur.
— Hardan başlayırdıq? Birinci sevirdik, yoxsa güvənirdik?
— “Zamana burax” — Necə də qorxulu sözdür!
— Yola getmək, iki insanın qüsursuz olması deyil, bir-birinin qüsurlarını xoş qarşılamasıdır.
— Kədər insanları yaxınlaşdırır, hansımız xoşbəxtik ki, bu qədər uzaq qaldıq bir-birimizə.
— Qəhvə içmək sözgəlişidir. Əslində, sizinlə uzun danışıb dərdlərimi izah etmək istəyirəm.
— Bu dünyada nə zaman bir ümid işığı tapsanız, onu söndürmək istəyən bir nəfər tapılır.



kulis.az 

0 şərh