Üç Aleksandr, yaxud “dekabrist” qışda çiçək açır

İnternetdə dekabrist yazıçı A.Bestujev-Marlinskinin «Molla Nur»unu axtarırdım. «Dekabrist» sözünün başqa mənalarına rast gəldim. Demə, «dekabrist» həm də bir kaktus növünün adıdır. Bu kaktus əsasən Brazilyanın rütubətli tropik meşələrində bitir. Ev şəraitində də saxlanılır. Suyu çox sevir, günəş işığından qorxur, tikanları yoxdur. Dekabrda çiçəkləyir.

Aleksandr Sergeyeviç Qribayedovun həyatı xəfiyyəçi həyatını xatırladır. O, sanki bilərəkdən mistifaksiya ilə məşğul olub. Tərcümeyi-halında, ömür salnaməsində hər şey elə dolaşıb-qarışıbdır ki, baş çıxartmaq olmur.

Doğum haqqında şəhadətnaməsi 1812-ci il Moskva yanğınlarında məhv olub.
Gündəlik yazmayıb. Müasirlərinin xatirələrində (məsələn, A.S.Puşkinin) o qədər ürəkaçan obrazı keçmir.

Yazılarını saxlamırdı. Bədii yaradıcılıq nümunələrini belə kağıza, yazıya etibar etmirdi. Sənədlərdə doğum tarixini beş il artmışdı ki, ehtiyata tez buraxıldı, ya rütbələri erkən qazandı.

«Ağıldan bəlan»ı yazan sənətkar özü də ağıldan bəlaya düşdü. (N.Həsənzadə. «Zümrüd quşu»).
Moskva universitetinin məzunu olub. İrkutsk qusar alayında xidmət edib. Qafqazda, İranda diplomatik fəaliyyətlə məşğul olub. Yüksək təbəqələrlə sıx əlaqəsi olubdur. «Ağıldan bəla» komediyası rus cəmiyyətində dillərdə dolaşıb, hər deyim bir zərbi-məsələ dönübdur. Tehranda necə və hansı şəraitdə, nədən səbəbə öldürüldü – hələ də sirrin üstü fçılmayıbdır. Amma məsələ gün kimi aydındır – bu cinayətdə, bu xəyanətdə mütləq erməni əli olubdur. Böyük şairimiz Nəriman Həsənzadə poemasında buna işarə edir:

Yaqub Markaryanın nəydi niyyəti? –
Şahin xəzinədarı qaçdı xəlvəti.

Qriboyevdovun meyidi araba ilə vətəninə yola salırlar. İran şahı bahalı almazla, qiymətli əşyalarla Peterburqa elçilərin göndərir. A.Puşkin Ərzruma gedərkən yolda Qriboyedovun tabutu ilə qarşılaşır. Puşkin onu nədənsə «yalnız tapança gülləsi ilə (vurulmuş) əlindən tanıyır».

Bu görüş səhnəsi A.S.Puşkin «Ərzruma səyahət»ində belə təsvir edir: «Bir neçə gürcü arabanı müşayət edirdi. Hardan gəlirsiniz?» — onlardan soruşdum. «Tehrandan» — «Siz nə aparırsınız?» — «Qriboyedi». Bu öldürülmüş Qriboyedevin meyidi idi, Tiflisə aparırdılar». Nəriman Həsənzadə də həmin görüşü poemada xatırlayır.

İnana bilmədi qulaqlarına,

Bir də xəbər aldı:
— Necə… nə dedin?!
Bir də – tabutudur, — dedilər – ona
Səfir Aleksandr Qriboyedin.

A.Puşkin daha sonra yazır: «Mən nə vaxtsa Qribayedovla görüşəcəyinə inanmırdım. Ondan keçən il Peterburqda, İrana səfər öncəsi ondan ayrılmışdım. O, kədərli idi və ürəyinə nəsə dammışdı. Mən onu sakitləşdirmək istədim. O mənə dedi: Vous ne soinaissez pas ceı gens-la: vous verrez quil fandra joner de couteaux» «Siz bu insanları hələ tanımırsınız: görəcəksiniz, iş gəlib bıçağa çıxacaq» (fransızca)

Qriboyedevin öncəgörənliyi çin olur. Onu tikə-tikə doğrayırlar. 1825-ci ilin dekabrında Moskvanın Senat meydanında qiyam qalxır. Tarixdə dekabrist adı ilə qalıblar. Bu hadisədə iştirak etmiş hər zabitin taleyi hamıya məlumdur: kiminin rütbəsi alınıb həbsə atılıb, kimisi Sibirə katorqaya göndərilir, bəziləri də edam edilir.

Onlardan biri də knyaz Aleksandr Bestunev – Marlinski idi. İgidliyi, qorxmazlığı ilə şöhrət qazanmış rus zabiti və yazıçısı. Bu qiyamda istirakına görə Yakutska sürgün edilir. Dostunun cəzasının yüngülləşməsi üçün Qriboyedov də əlaqələrindən istifadə etməyə çalışır...

Nəhayət, saldat kimi Qafqaza yatab edilir. Dərbənddə özünə ayrıca ev tutur. Qiymətli xalılar, əski əşyaları kolleksiya kimi toplayır. Ova da çıxır, döyüşə də gedir. Bahalı mahuddan əsgər şinelləri tikir. Eyş-işrətdən qalmır. Şahənşah həyat sürür. Burda da macəradan, avantüradan qalmır. Qaçaq-quldurlarla dil tapır, dostluq edir. Bir varlı dağlının hərəmxanasından gözəl bir qızı qaçırmağa cəhd edir. Amma plan pozulur. Dağlıların, xüsusən azərbaycanlıların yaşayışını, həyat tərzini müşahidə edir. Yerli camaatla ünsiyyət qurmağa, onların rəğbətini və hörmətini qazanmağa çalışır. Bu mərd, qonaqpərvər, igid insanlara ürəkdən bağlanır.

Yazı-pozu ilə məşğul olur. «Molla Nur»u, «Ammalat bəy»i yazır. Romançı kimi bütün Rusiyada şöhrət qazanır. Onu «nəsrin Puşkini» adlandırırlar. 



1837-ci ilin fevralında Tiflisə güzarı düşür. Puşkinin ölüm xəbərini də burda eşidir. Bu haqda qardaşına yazır: «Puşkinin faciəli ölümün məni dərindən sarsıtdı, əziz Pavel… Bütün gecəni gözlərimi yummadım, sübh tezdən isə sənin də tanıdığın müqəddəs David monastırına getdim. Gələn kimi, keşişi çağırdım və Qriboyedovun qəbri üzərində, kütlənin ayaqları altında tapdanmış daşsız, yazısız qəbri üstündə acı göz yaşları töküb ağladım. İnsan öz dostu, silahdaşı, özünə necə ağlayırsa, elə ağladım və keşiş dedi: «Za ubiennıx Aleksandra i Aleksandra».

Bu sözlər onu diksindirir və taleyini proqlamlaşdırır...

A.Bestujev – Marlinski baron Rozenin təklifi ilə 1837-ci ilin iyulunda M.F.Axundzadənin «Puşkinin ölümünə Şərq poeması»nı tərcümə edir. Mistik məqama baxın: bu tərcümədən bir neçə gün sonra Qara dəniz sahillərində, Adler yaxınlığında savaşda həlak olur. Döyüş meydanında həlak olmuş dörd zabitin meyidi arasında onun meyidi tapılmır.

7 iyun 1837-ci ildə Adler burnunda, döyüşdən öncə «Mənəvi vəsiyyət»ini yazır. Anasının ona dua etməsini istəyir. İnsan hünərə görə, yaxşı əməllərə görə xeyir-dua istəyər, amma özünü öldürməyə görə yox. 7 iyun həm də Bestujevin ölüm tarixi sayılır.

1837-ci ildə Qafqaza göndərilən sürgün partiyasında bir yazıçının adı keçir — Aleksandr İvanoviç Odoyevski. O da knyaz rütbəsindən mərhum edilmişdi. Burda «Şairin ölümü» şerinin müəllifi Lermontovla tanış olur. Dostluqları tutur.

A.Odoyevski iki il Çara və Vətənə sədaqətlə, namusla xidmət edir. Vuruşur, savaşır, qəhrəmanlıq göstərir.

1839-cu ilin avqustunda Psezuape çayı yaxınlığında bir yerdə qəfildən ölür.

Elə orda da torpağa tapşırırlar. Məzarı üstündə ruhuna dualar oxuyurlar. Ağacdan iri xaç qoyurlar. Dağlıların növbəti hücumlarınn birində xaç itib batır, sonra isə qəbir yerlə yeksan edilir. Qəbrin yerini bilənlərin hərəsini isə fələk bir yana salır.

A.Odoyevskinin qəbrinin yeri yaddaşlardan tamam silinir – ondan bir nişanə qalmayıbdır.

Beləliklə, A.Bestuyevin meyidi tapılmır ki, tapılmır. Şayiələr dolaşır ki, o sağdır. Onu meşələrdə görənlər də olub. Bəziləri də onun dağlıların tərəfinə, Şamilin dəstəsinə keçdiyini güman edir.

Tiflisdə, Mtasmindada basdırılan doğrudan da A.Qriboyedovun meyididir? Meyidi kim tanıdı ki? A.Puşkinə nə qədər inanmaq olar ki?

Qafqaz göylərində bu gün də dekabrist ruhları qərib-qərib dolaşır. Qəbirləri bilinməyən üç Aleksandır, üç yazıçı…

«Dekabrist» kaktusunun bir xasiyyəti də ondadır ki, onu yerindən tərpətsən də, ya küsür, ya da bir daha çiçəkləmir...

Rüstəm Kamal
"Ədəbiyyat qəzeti"

0 şərh