Bir fincan nəfis çay | Corc Oruell

1946-cı ildə, 12 yanvar tarixində Britaniyanın gündəlik "İvninq standart" («Evening Standard») qəzetində Corc Oruellin «Bir fincan nəfis çay» adlı bir məqaləsi dərc olunub. Bu məqalədə Oruell oxuculara çay dəmləmək üçün 11 məsləhət verir.

«Bir fincan nəfis çay»
Əgər əlinizə keçən hər hansı bir kulinariya kitabında çaya bölümünü axtarmısınızsa, çox güman, tapa bilməmisiniz. Ya da, tapsanız da bir neçə sətirlik səthi məlumatdan o üzə keçməyən bir neçə təlimata rast gəlmisiz. Bu təəccüblü haldır. Halbuki ölkəmizdə, həmçinin İrlandiya, Avstraliya və Yeni Zelandiyada ən çox içilən içki çaydır. Bunun, məncə, birinci səbəbi düzgün çay dəmləmə üstündə gedən qızğın mübahisələrdir. Mənim ideal çay dəmləmə üsulumda isə on bir vacib bənd var. İkisi ilə əksəriyyəti razılaşar, amma dörd bənd var ki, etiraz edənlər çox çıxacaq. Bu da mənim on bir qızıl qaydam:

Birinci
Mümkün qədər Hindistan və ya Seylon çayı götürün. Çin çayının danılmaz üstünlükləri var – o qənaətli və onu südsüz içmək mümkündür – amma, Hindistan və Seylon çaylarının ləzzəti başqadır. Məsələn, bir fincan Çin çayı içəndən sonra, çətin ki, özünüzü daha ağıllı, daha cəsarətli və daha optimist hiss edəsiniz. Odur ki, «Bir fincan nəfis çay» deyəndə hamı Hindistan çayını nəzərdə tutur.

İkinci
Çayı balaca çaydanda dəmləyin. İri qablarda dəmlənən çay dadsız olur. Qazanlarda hazırlanan hərbiçilərin çayından isə piy və əhəng iyi gəlir. Dəm qabı saxsıdan olmalıdır. Gümüş və Britaniya metalından hazırlanan çayniklərdə çay yaxşı dəmlənmir. Minalı çaydanlar daha yararszdır, amma təəccüb doğursa da, (hal-hazırda çətin tapılan) qalaylı çaydanlarda yaxşı çay dəmləmək olur.

Üçüncü
Çaydanı qabaqcadan qızdırmaq lazımdır. Qaynar suyla yaxalamaq əvəzinə yaxşı olardı ki, onu kaminin üstündə isidəsiniz.

Dördüncü
Çay tünd olmalıdır. Bir litrlik ağzınadək dolu çaydana, altı dolu çay qaşığı çay otu kifayətdir. Əlbəttə, gündəlik çay dəmləyənlər üçün bu çoxdur, amma mən israrla deyirəm ki, bir fincan tünd çay, iyirmi rəngsiz çaya bərabərdir. Bütün çaysevərlər çayı tünd içir və ildən-ilə tündlüyünü daha da artırır. Təqaüdçü qocaların menyusu buna dəlildir.

Beşinci
Çayı birbaşa çaydana əlavə edin. Süzgəc, paket, ya da başqa avadanlıqlardan qəti istifadə etməyin. Bəzi çaydanların ağzına teldən kiçik süzgəclər qoyulur ki, sağlamlıq üçün zərərli hesab edilən çay yarpaqlarını süzsün. Əslində, çayın heç bir ziyanı yoxdur, istədiyiniz qədər içə bilərsiniz. Yeri gəlmişkən, əgər çay yarpaqları suda üzürsə, demək, hələ yaxşı dəmlənməyib.

Altıncı
Qaynar suyu deyil, dəmi ona tökün. Su çox qaynar olsa, yaxşıdır. Bu, o deməkdir ki, çay süzəndə çaydan odun üstündə olmalıdır. Bəziləri deyir ki, su qaynar-qaynamaz süzmək lazımdır, amma mən aralarında bir fərq görmürəm.

Yeddinci
Dəm alandan sonra çayı qarışdırın, ya da çaydanı möhkəm silkələyin. Sonra isə yarpaqlar dibə çökənədək gözləyin.

Səkkizinci
Çayı yastı və xırda deyil, silindr formalı fincanlarda içmək məsləhətdir. Silindr formalı fincanlar istiliyi daha çox saxlayır. Digərlərində isə içməyə imkan tapmamış çay soyuyur.

Doqquzuncu
Südü çaya əlavə etmədən əvvəl qaymağını götürün. Süd çox yağlıdırsa, çaya pis dad verir.

Onuncu
Əvvəla, çayı fincana tökün. Bu, ən mübahisəli bəndir. Əslində, Britaniyada bu barədə iki görüş var. Çaydan əvvəl südü fincana tökmək barədə olan görüşün bir çox arqumenti olsa da, iddia edirəm ki, mənim arqumentlərim təkzibedilməzdir. Bütüb məsələ ondadır ki, çayı fincana süddən əvvəl tökərək biz südün lazım olan miqdarını müəyyən edə bilirik. Əks halda süd ya istənilən miqdardan çox, ya da az olur.

On birinci (təəssüf ki, sonuncudur)
Çay — əgər siz rus tərzində içmirsinizsə — şirin olmamalıdır. Bilirəm ki, bu fikrimlə razılaşanlar az olacaq. Özünü çaysevər hesab edən insan, axı necə ola bilər ki, çayın dadını şəkərlə korlaya? Ona qalsa çaya istiot, ya da duz da əlavə etmək də olar. Çayı şirin edərək, ondan həzz almaq olmaz. Bu cür çaydan ancaq şəkərin dadı gəlir. Madam şirin dad axtarısınız, şəkəri suda həll edib için.
"Çayı sevmirəm, yalnız isinmək, ya da sakitləşmək üçün içirəm, ona görə şirin edirəm ki, dadı gəlməsin", deyənlər də var. Belələrinə məsləhətim var: bir neçə həftə çayı şəkərsiz için. Görün ondan sonra bir də şirin çay içirsinizmi?


Tərcümə etdi: Mustafa Ruşan

0 şərh