Robert Luis Stivenson

Robert Luis StivensonDünyaca məşhur “Dəfinələr adası” romanının müəllifi, böyük ingilis yazıçısı Robert Luis Stivenson 1850-ci il noyabrın 13-də Edinburq şəhərində anadan olub.

O, hüquq təhsili alıb: 1875-ci ildə Edinburq universitetini bitirib. Yazıçılıq fəaliyyətinə çox erkən başlayıb. “Pentland üyanı” adlı ilk kitabını 1866-cı ildə — 16 yaşında ikən qələmə alınıb. Gənc yazıçı universiteti bitirdikdən sonra Fransaya köçüb, Avropa və Amerikanın bir sıra ölkələrinə səyahət edib.

Ən məşhur əsəri olan “Dəfinələr adası” romanını 1883-cü ildə yazıb. Kitabda kapitan Flint tərəfindən kimsəsiz adada gizlədilən dəfinə axtarışı ilə bağlı macəradan bəhs olunur. Stivensonun şahzadə Florizelin macəralarından bəhs edən kitabı, həmçinin “Doktor Cekil və mister Haydın qəribə əhvalatı” psixoloji povesti də məşhurdur.

Yazıçı 40 yaşında Samoa adalarına köçüb və dörd il sonra – 1894-cü il dekabrın 3-də burada vəfat edib.

Günlərin birində Stivensonun sağ əli tutulur. Ailənin firavanlığı onun yazmaq imkanından asılı idi və Robert sol əli ilə işləməyə başlayır. Ərinə kömək etmək üçün həyat yoldaşı stenoqrafiyanı öyrənir, onun ədəbiyyat katibəsi olur və romanları diktə ilə yazır.

Sonra Robertin səsi də batır, revmatizmə düçar olur, gözləri tutulur. Yəni o, nə yaza, nə oxuya, nə danışa, nə də müstəqil şəkildə hərəkət edə bilir. Lakin ailəsinə görə hər şeyə hazır olan yazıçı yalnız bir əlinin köməyi ilə karların dilində imla deməyi öyrənir. Bir müddət sonra yazıçının xəstəlikləri yüngülləşir, danışıq qabiliyyəti, gözlərinin nuru və hərəkət aktivliyi geri qayıdır, hətta uzun illər ona əziyyət verən vərəmə qalib gəlir.

Stivenson Samoada baş verən hadisələrə biganə qala bilmirdi. O, samoalıların dilini öyrənir, yerli əhali ilə dostlaşır, onların ənənələrini tədqiq edir, bütün bunlar barədə London qəzetlərində məqalələr yazır və diqqəti ada sakinlərinin problemlərinə yönəldir. Samoalılar Stivensonu milli qəhrəman hesab edir və həmin dövrdən etibarən Qərbi Samoada küçələrdən başlayaraq kafelərə qədər hər yerə onun adı verilir.

Stivensonun İngiltərədə macəra və tarixi roman janrlarını dirçəltməsi ədəbiyyata verdiyi əsas töhfələrdən biridir. Lakin bütün ustalığına baxmayaraq o, bu janrları sələflərinin dövrlərində olduğu yüksəkliyə qaldıra bilmir. Müəllifi əsasən macəra xətrinə macəra maraqlandırır. Macəra romanının Daniel Defonun əsərlərində olan dərin motivləri ona yad idi, tarixi əsərlərdə isə qəhrəmanların macəraları ilə kifayətlənərək böyük ictimai hadisələrin təsvirindən yan keçirdi.

0 şərh