Yazıçı və səyyah Jül Vern

Kimin ağlına gələrdi ki, 1828-ci il fevralın 8-də vəkil Pyer Vernin ailəsində anadan olan Jül adlı oğlan gələcəkdə milyonların pərəstiş etdiyi böyük yazıçı olacaq?

Fransız coğrafiyaşünası və yazıçısı, macəra ədəbiyyatının klassiki, elmi fantastika janrının banilərindən biri Jül Vern uşaqlıqda yaşıdlarından heç nə ilə fərqlənməyib. Sadəcə tez-tez limana qaçıb, dünyanın hər yerindən gələn yelkənli gəmilərə tamaşa etməyi çox sevərmiş. Doğrudur, yaşıdları da onun kimi limanda vaxt keçirirdi, amma balaca Jül kimi hərəkət edən az-az tapılardı. Bu hərəkətinə görə atası onu yaxşıca kötəkləmişdi.

O, 11 yaşında “Korale” gəmisində matros köməkçisi kimi Hindistana yola düşmək istəyir. Bunun üçün gəminin kapitanı ilə razılaşır. Bu fərasətli oğlan kapitanın elə xoşuna gəlir ki, onu özü ilə bərabər səfərə götürməyə razılıq verir. Gənc Jül özünü çox xoşbəxt hiss edir. Amma onun bu xoşbəxtliyi uzun sürmür. Atası özünü yetirib bəxtsiz səyahətçini evə qaytarır. Jül atasına söz verir ki, daha heç vaxt belə hərəkət etməyəcək, amma uzaq-uzaq ölkələrə səyahət etmək arzusu içində kök salır. Atası xəyalpərvər oğlunun dənizçi karyerasına qarşı idi. Jülü Sorbonna Universitetinin hüquq fakültəsinə hazırlaşdırırlar.

Bu peşəyə marağı olmasa da, Jül atasının dəlilləri ilə razılaşır və 1848-ci ildə Parisə yola düşür. Sonralar diplom alsa da, atası kimi vəkil olmağa tələsmir, ədəbi dairələrdə dolaşmağa başlayır, teatr üçün pyeslər yazır. Doğrudur, bu pyesləri heç kəs almır.

Səyahət etmək Jül Vernin uşaqlıq arzusu idi. Dəniz onu sanki ovsunlamışdı. 1859-cu ildə ilk dəfə həqiqi səyahət edir, dostu Aristit İnyar ilə İngiltərəyə və Şotlandiyaya yola düşür. Jül Vern heç vaxt kabinet işçisi olmağa çalışmır və real səyahətləri həmişə “kreslo” səyahətlərindən üstün tutur. O, gəminin göyərtəsində özünü daha sağlam və azad hiss edir.

Jül Vern 1866-ci ildə aldığı kiçik balıqçı barkasını oğlunun qoruyucu mələyi və Fransa dənizçilərinin himayədarı şərəfinə “Sen Mişel” adlandırır. İşə iki matros götürür və barkası yaxtaya çevirir. Həmin vaxtdan başlayaraq, ilin 12 ayından təqribən 6-nı dənizdə keçirir. “Sen Mişel”in göyərtəsində — bu, sözün əsl mənasında üzən kabinetində rahat işləyir. J.Vern daim səyahət edir. ABŞ, Aralıq dənizi boyunca, demək olar, bütün Avropanı qarış-qarış gəzib dolaşır.

1884-cü ildə Aralıq dənizi boyunca özünün ən uzun və ən yaddaqalan səyahətini həyata keçirir. Jül Vernin dünya şöhrətli romanlarının çoxu – “Sirli ada”, “On beş yaşlı kapitan”, “Kapitan Qrantın uşaqları”, “Yerin mərkəzinə səyahət”, “20 000 lyö su altında”, “80 gün dünya ətrafında” və s. əsərləri onun səyahətlərinin isti izləri ilə yazılıb.

Jül Vern 1884-cü ildə sonuncu dəfə böyük səyahətdə olur. O, “Sen Mişel III” gəmisində Əlcəzair, Malta, İtaliya və Aralıq dənizi sahillərində yerləşən digər ölkələrə səyahət edir. “Qeyri-adi səyahətlər” silsiləsindən “Üzən şəhər” (1870), “Qara Hindistan” (1877), “Yaşıl şüa” (1882), “9672 nömrəli lotereya bileti” (1886) və s. əsərləri beləcə ərsəyə gəlir.

1886-cı il martın 9-da psixi xəstə olan qardaşı oğlu Qaston Vern tapançadan atəş açaraq onu topuq nahiyəsindən yaralayır. Bununla da onun səyahətlərinə son qoyulur. 1892-ci ildə yazıçı Fəxri Legion ordeninin kavaleri olur. Ölümündən bir qədər əvvəl J.Vern görmə qabiliyyətini itirir. Amma həmişəki kimi kitablarını diktə edir.

Yazıçı 1905-ci martın 24-də 78 yaşında şəkərli diabetdən vəfat edib. Özündən sonra müxtəlif bilik sahələrini əhatə edən 20 mindən çox dəftərdən ibarət kartoteka qoyub. Jül Vernin məzarı üzərində “Ölümsüzlüyə və əbədi gəncliyə doğru” sözləri yazılmış abidə ucaldılıb.

Jül Vern elmi fantastika elementlərini macəra janrına gətirməyə çalışan ilk yazıçılardan biri olub. Maraqlıdır ki, Jül Vernin ən yaxşı kitablarında ağlagəlməz fantastik faktlar kimi təsvir olunanların çoxu indi həyatımızın adi atributuna çevrilib.



Bu əbədiyaşar romanları vərəqləyərkən müəllifin o vaxtlar mövcudluğu əsla mümkün olmayan hadisələri və ixtiraları necə parlaq təsvir etdiyinin şahidi olacaqsınız. Jül Vern çox məhsuldar yazıçı olub, özündən sonra 66 roman, çoxsaylı povest və pyes qoyub gedib. Onun romanlarından çoxu müvəffəqiyyətlə ekranlaşdırılıb.

azertag.az

0 şərh