Stiven Kinqin ilk qazancı

Böyük qardaşım Deyvid dördüncü sinfə keçəndə məni məktəbdən çıxardılar. Dərs davamiyyətim pis olduğundan məktəb rəhbərliyi bu qərara gəlmişdi. Əgər sağlamlığım icazə versə növbəti payız dərslərimə yenidən başlaya biləcəkdim.

O ilin demək olar ki, bütün günlərini evdən çölə çıxmaz, yataqda keçirərdim. Tom Svift ilə Deyv Dausondan başlayıb Cek Londonun tükürpədici heyvan hekayələrinə keçdim.

Bir də baxdım ki, öz hekayələrimi yazmağa başlamışam. Yaradıcılıqdan əvvəl təqlidçilik vardı. Boloknotuma Kombat Keyseyin hekayələrini eynilə köçürər, bəzən uyğun gördüyüm yerlərə öz fikirlərimi əlavə edirdim.

Bir müddət sonra yazdıqlarımdan birini anama göstərdim və anam sevindi. Çaşqın halda gülümsəyişi hələ də gözümün önündədi. Sanki uşaqlarından birinin bu qədər ağıllı olduğuna inanmaqda çətinlik çəkirdi. Əvvəllər onda bu cür baxış heç görməmişdim, ən azından özümlə bağlı olaraq. Əlbəttə ki, bu hal mənim çox xoşuma gəlmişdi.

Hekayəni özümün yazıb yazmadığımı soruşdu. Mən də bunu bir jurnaldan köçürdüyümü etiraf etmək məcburiyyətində qaldım. Xəyal qırıqlığına uğramış halda bloknotumu özümə qaytardı: “Birini də özün yaz”-dedi. “O jurnallar cəfəngiyat şeylər yazır. Mərcə girərəm ki, sən bundan yaxşısını yazarsan. Birini də özün yaz.”

Bu fikir məndə “bacararam” deyə bir hiss yaratmışdı. Sanki bağlı qapılarla dolu bir binaya dəvət edilmişdim və bu qapılardan istədiyim birini aça bilərəm kimi bir hiss keçdi içimdən. Onda bir insanın bir ömrü boyu aça bilməyəcəyi o qədər çox qapı var deyə düşünmüşdüm (hələ də bu cür düşünürəm).

Bir müddət sonra köhnə bir arabayla ortalıqda fırlanıb kiçik uşaqlara kömək edən dörd füsunkar heyvan haqda hekayə yazdım. Başçıları cənab Trik adlı böyük bir ağ dovşan idi. Hekayə dörd səhifədən ibarət idi, böyük əmək sərf edərək əllə yazmışdım.

Hekayəni bitirən kimi qonaq otağında kitab oxuyan anama apardım. Cəld əlindəki kitabı kənara qoyub mənim hekayəmi oxumağa başladı. Bəyəndiyini deyə bilərdim; bütün lazımi yerlərdə gülmüşdü. Amma həqiqətən də hekayəni sevdiyindən belə edirdi, yoxsa mənim qəlbimi qırmamaq üçün bunu artıq bilmirəm.

“Bunu da hardansa köçürməmisən, hə?”- deyə oxuyub qurtaran kimi soruşdu. Köçürmədiyimi dedim. Hekayəmin bir kitaba salınacaq qədər yaxşı olduğunu dedi.* O gündən bəri eşitdiyim heç bir söz məni bundan daha çox xoşbəxt etmədi.

Cənab Trik və dostları haqqında daha dörd hekayə yazdım. Anam hər biri üçün mənə on beş dollar verirdi. Zənnimcə hekayələrimi ona yazığı gələn dörd bacısına yollamışdı. Onların dördü də hələ evli idilər, anam kimi onları da ərləri atıb getməmişdi.

Bacanağımız Freddə yumor hissi yox idi. O biri bacanaq Oren isə o ki, var içən idi və dünyanı yəhudilərin idarə etməsinə dair bəzi bədbin fikirləri olduğunu bilirdik. Buna baxmayaraq ikisi də yoldaşları ilə mehriban yaşayırdılar. Atam Don isə anamı qucağında körpəsi ilə atıb getmişdi Anam heç olmaya uşağının nə qədər istedadlı olduğunu onlara göstərmək istəyirdi.

Dörd hekayə. Hər hekayəyə on beş dollar. Bu işdən əldə etdiyim ilk gəlir idi.
 

0 şərh