Anatol Frans | Nobel nitqi

Anatol FransMən ömrümün bu ahıl çağında sizin gözəl ölkənizi, güclü kişilər və gözəl qadınlar diyarını görmək üçün bura gəlməyi özümə borc bildim. Mən buraya ədəbi karyeramın yekun tacı olan mükafatı minnətdarlıq hissi ilə qəbul etmək üçün gəlmişəm.

Alfred Nobel kimi nəcib bir insanın təsis etdiyi, bunca səriştəli, ədalətli münsiflərin məni layiq bildikləri bir mükafatı almaq mənim üçün böyük şərəfdir. Fransa Akademiyasının üzvü kimi mənə bir neçə dəfə sizin dəvətinizlə ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının seçilməsində məsləhətçi qismində iştirak etmək nəsib olub. Məsələn, parlaq üslubu, azad fikri ilə fərqlənən Moris Meterlinkin, sizin ədalət və sülh mücəssəməsi kimi qəbul etdiyiniz, vicdanlı insan olaraq qalmaq xatirinə şan-şöhrətdən imtina etmiş Romen Rollanın seçilməsində də belə olmuşdu.

Bəlkə də, mən öz səlahiyyətimdən kənara çıxıram, amma sülh mükafatı laureatının seçimi barədə fikrimi sizinlə bölüşmək istərdim. İcazə verin bildirim ki, məncə, İsveçin baş naziri Brantinqin şəxsində özünü ədalətə xidmət işinə həsr etmiş bir dövlət xadimini mükafatlandırmısınız. Kaş xalqların taleyini həmişə bu cür adamlar müəyyən edəydilər.

Tarixin ən qanlı müharibəsi sülh müqaviləsi ilə başa çatdı. Məncə, bu, hələlik ancaq müharibənin təxirə salınmasıdır. Əgər hökumətlərin iclas salonlarında sağlam düşüncə qalib gəlməsə, Avropanı iflas gözləyir. Hərçənd ki, vəziyyəti ayıq qiymətləndirsək, Avropa dövlətləri arasında razılıq və birliyin təntənəsinə ümid bəsləmək çox çətindir, amma, cənablar, mən inanmaq istəyirəm ki, bu cür mətin, vicdanlı, dəyanətli insanlar sayəsində yer üzündə xeyir zəfər çala biləcəkdir.

0 şərh