“Əli və Nino” müəllifi kimdir?

“Əli və Nino” romanının müəllifinin kim olması barədə mübahisələr gah sakitləşir, gah da yenidən qızışır. Lakin Əsəd bəy və Qurban Səid adları altında kimin gizləndiyini müəyyən etmək əvvəldə olduğu qədər çox çətindir. Bu haqda dörd versiya mövcuddur:
Birincisi – amerikalı jurnalist Tom Ris israr edir ki, Əsəd bəy və Qurban Səid adından nəşr olunmuş bütün kitabların müəllifi Lev Abramoviç Nussimbaumdur;
İkincisi – həmyerlimiz, Almaniyada yaşayan xanım Nuridə Atəşi hesab edir ki, əsərin əsl müəllifi azərbaycanlı Məhəmməd Əsəd bəydir;
Üçüncüsü – azərbaycanlı professor Həsən Quliyev belə nəticəyə gəlmişdir ki, Qurban Səid və Lev Nussimbaum əslində azərbaycanlı iş adamı İbrahim Arslan oğlunun oğlu, sonralar xalasının əri Bakıda yaşayan Abram Nussimbaumun oğulluğa götürdüyü Məhəmməd Əsəd bəyin təxəllüsləridir;
Dördüncüsü – ABŞ-da nəşr olunan “Azərbaycan İnterneşnl” jurnalının baş redaktoru xanım Betti Bleyer Əsəd bəyin başqa müəlliflərin, məsələn, Yusif Vəzir Çəmənzəminlinin “işləmələrindən” istifadə etməsi barədə azərbaycanlı siyasi mühacirlərin və Bakıdan olan bir sıra alimlərin fikirlərinə şərik çıxır. Betti Bleyer ciddi araşdırmalar aparmış və xarici arxivlərlə yanaşı Bakıda, Tbilisidə və Kiyevdə yeni sənədlər aşkara çıxarmışdır. Mənim fikrimcə, xanım Betti Bleyerin gəldiyi nəticələr daha inandırıcıdır.
Mənə gəlincə, mən bu mövzuda nəşr olunan materialları izləməyə çalışıram və maraqlı saydığım, indi sizinlə məmnuniyyətlə bölüşəcəyim faktları toplayıram.
1. Mənim kitabxanamda italyan dilinə “Əli Xan “ və “Asiyade” adları altında tərcümə olunmuş “Əli və Nino” və “ Qızıl Buynuzdan olan Qız” kitabları var. Onlar Mussolininin vaxtında mövcud olmuş Roma Şərq Ədəbiyyatı İnstitutu tərəfindən nəşrə hazırlanmışdır. Nəşrin təşəbbüskarı Əsəd bəyin dostu Cəmil Vakka-Mazara (əsl adı – Bello Vakka) olmuşdur.
Bu iki kitab üzərində onların orijinal adları göstərilmişdir – “Əli Xan” və “Sarı saçlı qız” və Əsəd bəyin bioqrafiyası haqqında məqaləsində Cəmil Vakka qeyd etmişdir ki, müəllif azərbaycanlı iş adamı İbranim Arslanın oğludur. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycan dilində əlyazmalar vardır və müəllif azərbaycanlıdır. Lakin Əsəd bəyin milliyyətini araşdıran zaman bəzi tədqiqatçılar Cəmil Vakkanın fikrinin birinci hissəsinin, yəni orijinalın olmasının üzərindən ötüb keçərək, bunun ikinci hissəsinə istinad edirlər.
Beləliklə, onlar özlərinə sərf edən variantı əsas götürür və guya kəşf etdiklərini bildirirlər. Əslində isə Əsəd bəyin Azərbaycan dilində heç bir əlyazması, Azərbaycan Dövlət Arxivində isə iş adamı İbrahim Arslan oğlu haqqında bir sətir belə yoxdur. Onun haqqında inqilaba qədərki Bakıda buraxılmış telefon soraq kitabçasında da məlumat yoxdur. Onun oğlu Məhəmməd Əsəd haqqında da heç bir məlumat yoxdur, onun Abram Nussimbaum tərəfindən oğulluğa götürülməsi barədə də heç bir sənəd yoxdur.
Lev Abramoviç Nussimbaumun özü haqqında isə Bakıda, Kiyevdə və Tbilisidə çoxlu maraqlı məlumatlar (valideynlərinin nikahı, atasının doğum tarixi, Levin Bakıda ibtidai məktəbdə oxuması və s. haqqında şəhadətnamələr) aşkar olunmuş. Bu materiallarla xanım Betti Bleyerin tədqiqatlarından tanış olmaq olar.Tapılan sənədlərdən birində-Əsəd bəyin öz əli ilə yazdığı vəsiyyətnaməni Əsəd bəy – (Leo Nussimbaum,Lev Nussembaum) kimi imzalamış. Əsəd bəy adının şifrəsinin açılmasına da diqqət yetirmək lazımdır. “Lev” ərəb dilinə “Əsəd” kimi tərcümə olunur. “Abram” isə “İbrahim” kimi. Beləliklə, “Lev Abramoviç” “Əsəd İbrahim oğluna” çevrilir.Atası Abram Livoviç isə İbrahim Arslan oğluna.
“Əli və Nino”nun alman dilində ilk və sonrakı nəşrlərində Cəmil Vakkanın çıxardığı nəticələrə istinad edilmir. Onda belə bir sual meydana çıxır: nə üçün o, italyan nəşrində belə yazmışdır? Bunun cavabını mən rus mühacirlərinin Parisdə nəşr olunan “Russkaya mısl” qəzetində tapdım. İtaliyanın Pozitano şəhərində yaşamış rus mühacirləri haqqında məqalədə yerli polis idarəsinə Əsəd Bəyin keçmiş arvadı Erika Lovendalın (nikahda – Erika Nussimbaum Əsəd bəy) şikayəti haqqında məlumat verilir. O, yazır ki, keçmiş əri Lev Nussimbaum özünü azərbaycanlı kimi qələmə verir. Iki kitabının Azərbaycan dilində orijinallarının olduğunu uyduraraq Cəmil Vakkanın dostunu italyan polisindən müdafiə etmək istəyi məhz bu halda bəlli olur.

2.Mənim toplumdan daha bir sənəd. Rusiya Dövlət Hərbi-tarixi arxivindən 1924-cü ildə İstanbulda yaradılmış mühacirətdə olan “Azərbaycan Milli Mərkəzi”n hesabatlarını aşkar etdim. Onun tərkibinə birinci Azərbaycan Respublikasının keçmiş liderləri – Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Əkbər Ağa Şeyxülislamov, Mustafa Vəkilov, Miryaqub Mehdiyev və başqaları daxil idi.
21 mart 1933-cü il tarixli hesabatda Mərkəzin son nəşrləri kimi Hilal Münşinin “Azərbaycan Respublikası” adlı, 1000 nüsxə tirajla 5 çap vərəqi həcmində Berlində alman dilində nəşr olunmuş kitabı göstərilir. Bu bənddə bir qeyd var: “... Əsəd bəyin uydurmalarına cavab olaraq nəşr”. Beləliklə azərbaycanlı mühacirlər hesab edirdilər ki, Əsəd bəy özünün 1928-ci ildə “Der Döyçe Şpiqel” qəzetində nəşr olunmuş “Azərbaycan Respublikası” məqaləsində,”Şərqdə neft və qan” (1929) və “Qafqazın 12 sirri” (1930) kitablarında Azərbaycanın tarixini saxtalaşdırmışdır. Görünür, bu səbəbdən də mühacirət mətbuat və nəşrlərində Əsəd bəy adlı yazıçı haqqında məlumata rast gəlmirik.
Qeyd etmək lazımdır ki, əslində Əsəd bəyin bütün kitablarında nöqsanlara yol verilmişdir. Mən rus mühacirət tarixini pis bilmirəm və bu səbəbdən onun rus dilində Bakıda nəşr olunmuş “Belaya Rossiya” adlı mühacirlər haqqında kitabı məndə qəribə təsir yaratmışdı. Mənim qeyd aldığım səhvləri və qeyri-dəqiqlikləri əslində iki cür izah etmək olar: ya müəllif, ya da anonim tərcüməçi o illərin hadisələrini pis bilirmiş.
Yeri gəlmişkən, tərcüməçilər haqqında. İlk dəfə romanı alman dilindən Azərbaycan dilinə ötən əsrin 70-ci illərində “Azadlıq” radiostansiyasının Azərbaycan şöbəsinin əməkdaşı Məcid Musazadə Münhendə tərcümə etmişdir. Radio diktorları da bir il müddətində Bakıda dinləyiciləri bu romanla tanış edirdilər. Bu verilişlərin surətlərini mən mərhum Məcid Musazadədən almışdım, hal-hazırda onlar bizim Dövlət arxivindədir.
İkinci dəfə tərcüməni həmin radionun əməkdaşı Mirzə Xəzər etmişdir. Məhz onun tərcüməsi 1990-cı ildə “Xəzər” jurnalında çap olunmuşdu. “Əli və Nino”nun Azərbaycan dilində başqa nəşrlərinə baxdıqda naşirlərin mətni haradan götürdükləri, tərcüməni alman dilindən kimin etdiyi bilinmir. Bakıda rus dilindəki nəşrlərdə isə, tərcüməçinin adı göstərilib, amma hansı dildən edildiyi göstərilməyib. Moskvada isə “Əli və Nino”nun rus dili nəşrində alman dilindən tərcüməçi Mirzə Hüseynzadə göstərilir. Halbuki o, alman dilini bilmir. Bütün bunlar romanın ilk tərcüməçilərinə hörmətsizliyi, daha geniş mənada isə nəşriyyat məsələlərində mədəniyyətin olmamasını göstərir.

3. Daha bir neçə fakt:
a) bəzi tədqiqatçılar Əsəd bəyin guya “Əli və Nino”nun birinci nəşrindən götürdükləri fotoşəklini verirlər. Əslində orada onun heç bir fotoşəkli yoxdur.
b) arxivdə keçən əsrin əvvəllərində uşaqların Aşurbəyovlar ailəsində qonaqlıqda çəkilmiş şəkli var. Rəhmətlik Sara xanım Aşurbəyli şəkildəki şəlpəqulaq uşağı göstərib deyərdi: “Leva Nussimbaum budur”. Lakin bəzi alimlərə görə bu, altı yaşlı Əsəd bəydir.
Və, nəhayət.
Qərbdə Əsəd bəyi ədəbiyyat Qudinisi adlandırırlar. Gəlin apardığımız tədqiqatlarda dəqiq olaq və çalışaq ki, istər-istəməz görkəmli illüzionistin ədəbiyyatda davamçısına çevrilmiş bir kəsin mistifikasiyalarına deyil, arxiv materiallarına istinad edək.

Mənbə: 525-ci qəzet
Müəllif: Ramiz ABUTALIBOV

0 şərh