Con Qolsuorsi

Bəzən ingilislər Qolsuorsini “bizim Lev Tolstoy” adlandırırlar. Onu bəyənməyənlər də, sadəcə “sağlam təfəkkürlü istedad” da adlandıranlar da var. Amma bütün bu dəyərləndirmələr dünya ədəbiyyatının klassiki titulunu almış yazıçının yaradıcılıq potensialını nə artırır, nə də azaldır. O, təkcə “Forsaytlar sülaləsi haqqında Saqa ” trilogiyası ilə ədəbiyyat tarixində əbədi qalmışdır.
Qolsuorsinin yazıçı dostu və tənqidçisi Cozef Konrad bir dəfə ona yazır: “...sizin bütöv yaradıçılığınızda bir şey çatışmır: skeptisizm . Skeptisizm ağlın, həyatın hərəkətverici qüvvəsidir; o, həqiqətə xidmət edir, sənətə gedən yoldur, nəhayət, qurtuluş deməkdir...” Buna baxmayaraq, Qolsuorsi öz yolu ilə getdi və prinsiplərinə sadiq qaldı. O, genişmiqyaslı yaradıcılığı ilə sübut etdi ki, “ağlın hərəkətverici qüvvəsi” və “incəsənətin yolu” böyük sevgi, bir də həyat eşqi ola bilər başqa heç nə! Böyük yazıçı ölümünə az qalmış çıxışlarının birində deyirdi: “...həyat – möhtəşəm və cazibədar macəradır. Biz bu macəranı görmək üçün yalnız bir dəfə Naməlum stansiyaya qədər bilet alırıq... O yolda nə işlə məşğul oluruq, necə məşğul oluruq, o yol uzun, ya qısa olacaqmı- bunlar bizim xarakterimizin meyllərindən asılıdır... Əgər biz Sirrin üzünə qorxmadan, çəkinmədən baxmağı öyrənsək və eyni zamanda Göyün altında olan dünyada Ruhun əbədi hərəkətdə olmasını öyrənə bilsək... onda ömrümüzün hədər getmədiyini anlayarıq...”
Con Qolsuorsi 14 avqust 1867-ci ildə İngiltərənin Surrey qraflığında Kinqston Hill şəhərində anadan olub. O, tanınmış və imkanlı bir ailənin - Con və Blanç Beyley Qolsuorsilərin oğlu idi. Məktəbi, kolleci, daha sonra isə Oksford Universitetini bitirir; o, vəkillik ixtisasına yiyələnir və vəkil kimi 1890-cı ildə işə düzəlir. Lakin hüquqşünaslıq onu cəlb etmir; bu sahədə çox qala bilmir və gəmi ilə səyahətə çıxıb Avstraliyanı, Amerikanı, Afrikanı, Rusiyanı... gəzir. Səyahətlərinin birində o, Cozef Konradla tanış olur. Bu dostluq onun ədəbi dünyagörüşündə böyük rol oynayır. Lakin yazıçının ədəbiyyata gəlməsində əsas rolu Con Reskin oynadı; Reskinin burjua əxlaq normalarına qarşı romantik etiraz ideyalarının təsiri altında Con ilk hekayələrini yazdı. İlk nəsr kitabı Con Sincon təxəllüsü ilə 1897-ci ildə çap olundu. Yaradıçılığının ilk təcrübə mərhələsi 1904-cü ildə bitdi və elə həmin il Con bir-birinin dalınca bir neçə roman və dram əsəri yazır ki, onlar da yazıçıya uğur gətirir.
Müasirləri Conu bəxti gətirən varlı yazıçı adlandırırdılar; çünki o, imkanlıydı, digər sənət adamları kimi pul və başqa şeylər sarıdan korluq çəkmirdi. O, azad və rahat şəkildə ürəyi istədiyi işlə məşğul ola bilirdi. Lakin bunu da qeyd edək ki, hər cür sosial rahatlığı Conu hər şeyə xor baxan adam, yaxud zəif yazıçı eləmədi. Əksinə, bu rahatlıq onu ədəbi aləmdə daha güclü yazıçı kimi tanıtdırdı; onun yaradıcılığının böyük bir mərhələsi naturalizm və tənqidi realizmlə bağlı idi; o, həyatın ən incə çalarlarını, ziddiyyətlərini, ailələrin, insanların ölməz xarakterlərini və həyat tərzlərini bədii sözün gücüylə ortaya qoydu və şöhrət qazandı.
1932-ci ildə yazıçıya dünya şöhrəti gətirən “Forsaytlar Sülaləsi” (1922) trilogiyasına görə Nobel mükafatı verildi. Bu əsərdə o özünün də mənsub olduğu zümrənin - burjuaziyanın əxlaq və psixologiyasını qələmə almışdı. Yazıçı deyirdi ki, “bu əsər əsasən sahibkarlar dünyasında Gözəlliyə və Azadlığa necə qəsd olunmasından” bəhs edir.
Qolsuorsi həm də ədəbiyyatşünas və tənqidçi olmuşdur. Onun ədəbi məqalə və esselərində naturalizm və ondan doğan realizm rəğbətlə müdafiə olunurdu. O yazırdı ki, “sənətin əsl mənbəyi- həyatdır, bu da sənətkardan dərin realist dolğunluq və tənqid tələb edir.” Rus klassik yazıçıları Turgenev və Lev Tolstoy, fransız yazıçısı Mopassan onun sevimli müəllifləri idilər. O, Turgenevi hekayə və novella ustası adlandırır, onun “poetikliyini” və “harmonik bütövlüyü”nü yüksək dəyərləndirirdi. Tolstoyun “Anna Karenina” romanını oxuyandan sonra yazırdı ki, “bu yazıçı həyata sadiq, realizmə sədaqətli sənətkardır”. Conun yaradıcılığına Lev Tolstoyun böyük təsiri olmuşdur.
Con Qolsuorsi yaradıçılığının aparıcı mövzusu sevgidir. Onun tədqiqatçıları təsdiq edirlər ki, yazıçının məhəbbətlə bağlı əksər əsərləri real həyatdan götürülmüş faktlar əsasında yazılmışdır, hətta bəziləri bunu yazıçının şəxsi sevgi macəraları ilə də əlaqələndirirlər. Həqiqətdə isə Conun yeganə həyat yoldaşı Ada Nemesis olmuşdur. Con 1895-ci ildə əmisi oğlu Artur Qolsuorsinin arvadı Ada Nemesis ilə sevgi macərası yaşasa da, o dövrün sərt qanunlarına görə onlar uzun müddət (təxminən on il ) evlənə bilmirlər. Yalnız ailənin başçısı qoca Con (Qolsuorsinin atası) öldükdən sonra Ada öz ərindən ayrılıb Cona ərə gəlir. Onlar 1933-cü ilə -- Con Qolsuorsinin ölümünə qədər bir yerdə yaşayırlar. Ada ilə evlilik həyatı yaradıcılıq baxımından da uğurlu oldu. Ada gözəl musiqiçi idi, royalda çala bilirdi. Təsadüfi deyil ki, Conun əksər əsərlərində, o cümlədən, sizə təqdim etdiyim “Alma ağacı” (THE APPLE TREE, 1916) romanında musiqiylə bağlı səhnələr var. Ada görkəmli müsiqişünas kimi London səhnələrində Conun bir çox əsərlərinə musiqi yazmışdır. Qolsuorsi “Forsaytlar haqqında Saqa” («The Forsyte Saga») məşhur əsərini də sevimli arvadına həsr etmişdir.
Adətən səhərlər yazmağa üstünlük verən Qolsuorsi çox məhsuldar olmuşdur: o, 20 roman, 27 pyes, 3 şerlər toplusu, 173 novella, 5 esselər toplusu, 700 – dən çox məktub, çoxlu oçerk və resenziya müəllifidir.
“Alma ağacı” (THE APPLE TREE, 1916) romanı Azərbaycan dilinə ilk dəfədir tərcümə olunur. Əsəri povest də adlandırmaq olar. Həcmi az olsa da, bir sevgi tarixçəsi haqqında yazılan və roman-xatirə janrına daha yaxın olan bu əsəri həyəcansız oxumaq mümkün deyil.


Kamran NƏZİRLİ
loading...

0 şərh