Haruki Murakami

Haruki Murakami 12 yanvar 1949-cu ildə Kyoto şəhərində dünyaya gəlmişdir. Atası bütpərəst keşiş, anası isə ədəbiyyat müəlliməsi olan Haruki hələ gənc yaşlarından bəri ədəbiyyata meyl göstərmşdir. Uşaqlıq dövrünü öz əsərlərində tez-tez əks etdirən yazıçı bir çox müsahibələrində uşaqlıqda valideynlərindən öyrəndiyi faktların onun üçün əvəzsiz olduğunu bəyan etmişdir.
Gənc Haruki gəncliyinin böyük bir hissəsini Kobe şəhərində keçirmişdir. Tokiyonun Vaseda Universitetinin Ədəbiyyat fakültəsini bitirmiş yazıçı universitet illərində üslubiyyatın dərin sirlərini öyrənmiş, müxtəlif doğma və xarici əsərlərdən rəngarəng təəssüratlar almışdır. Yazıçı gənc yaşlarından kitablara, xüsusən də qərb ədəbiyyatına xüsusi meyl göstərmişdir. Bir çox əsərlərində bu marağı diqqət mərkəzinə çevirmiş yazıçı, tələbə olarkən Truman Kapote, Kurt Vonequt, Frans Kafka, Kenzaburo Oe, Yasunari Kavabata kimi dahilərin əsərlərinə daha çox meyl gostərmişdir. Taleyin yollarında nicat ümidi ilə yaşayan Murakami əsərlərinin qəhrəmanları sanki daimi axtarışdadırlar. İlk baxışdan müxtəlif kitablardakı qəhrəmanları sanki hər hansısa eyniyyət, ortaq məqsəd axtarışı birləşdirirmiş kimi təəssürat yaradırlar.
Fəlsəfə-psixologiya janrının banilərindən sayılan Haruki Murakami 20-ci əsr ədəbiyatında özünü doğrultmağı tam anlamında bacarmışdır. Azərbaycanda kütləvi olaraq o qədər də tanınmayan Haruki Murakami dünya miqyasında bir çox nailiyyətlərə imza ataraq müassir ədəbiyyata hazırda da öz töhfələrini verməkdədir. İlk mükafatını Qunzo jurnalından almış yazıçı sonradan dünya miqyasında bir çox mükafatlarla təltif olunub. İlk əsəri olan "Pinbol-1973" 1985-ci ildə işıq üzü görmüş və Murakaminin vizit kartı olaraq müasir ədəbiyyat mühitində yazıçının adını tarixə yazmışdır. Murakaminin elementar əşya və hadisələrdən dərin fəlsəfi məna çıxarması onun dünyada məşhur olmasının səbəblərindən biridir. Maraqlıdır ki, yazıçı "Pinbol-1973" əsərini 29 yaşında ikən beysbol matçını izləyərkən yazmağa qərar verib.
Kiçik həcmli əsərlərindən sayılan "Toni Takitani" əsərini isə yazıçı həyat yoldaşı ilə Havay adalarını səyahət edərkən bir dollara aldığı, üstündə böyük "Tony" yazısı olan sevimli köynəyi və İkinci Dünya müharibəsi dövründə yaşamış musiqiçi Şizaburo Takitaninin həyat yolundan ilhamlanmaraq ərsəyə gətirmişdir. İlk baxışdan uyğunsuzluq təşkil edən iki məfhum, digər tərəfdən isə ərsəyə gəlmiş gözəl əsər.

Haruki MurakamiHaruki Murakaminin bir çox əsərlərində sürrealist ideyaların hökm sürdüyü aydın görünür. Bir çox müsahibələrində yazıçı bildirir ki, hətta bəzən əsərlərinin nikbin və ya bədbin sonluqla bitmiş olmasına qərar verə bilmir. Yazıçının fikrinə görə hər kəs istədiyi, gordüyü formada reallığı onun əsərlərində tapmış ola bilər. Murakami qeyd edir ki, bir çox hallarda yazmağa başlayarkən, əsərin mövzusunu belə əvvəlcədən qərarlaşdırmır və ya bir mövzuda yazarkən qələmi onu tamamən başqa istiqamətə yönəldir.

Yazıçının "Norveç Meşəsi" əsərində, Murakaminin həyat yolu, xüsusilə də tələbəlik dönəmi qiyabi olaraq təsvir olunur. Bu dönəmdə yazıçının keçirdiyi hisslər, yaşadığı haqqsızlıqlar, cəmiyyətin əyri-əksiklikləri açıq-aydın göstərilir. Təsadüfi deyil ki, Murakamiyə ən böyük şöhrəti də elə məhz bu əsər gətirmişdir. Bundan başqa Murakaminin gozəl musiqi və kulinariya bilicisi olmasını da xüsusi qeyd etmək məqsədəuyğun olardı. Belə ki əsəsrlərində onun xüsusi yemək reseptləri qəhrəmanların dilindən bir çox hallarda təqdim olunur. Bu da öz növbəsində Murakaminin uzun müddət Jazz-Bar sahibi olaraq xanımı Yoko ilə birlikdə keçirdiyi dönəmin nəticəsi kimi özünü biruzə verir.

Murakaminin əsərlərini oxuyarkən oxucu, muasir və klassik musiqi, tarix, fəlsəfə, coğrafiya, müassir incəsənət növləri və digər sahələrdə biliklərini, dünyagörüşünü genişləndirmiş olur. "Kafka sahildə" əsərində Murakaminin boyük musiqi vurğunu olması aydın görünür. Ümumiyyətlə qeyd etmək olar ki, yazıçının əksəriyyət təşkil edən əsərlərində, xüsusilə də "Kəsəyən" trilogiyasına daxil olan əsərlərinin qəhrəmanları musiqi və kitab aşiqidirlər. Bu da öz növbəsində yazıçnın qəhrəmanlarına verdiyi bəzi şəxsi xüsusiyyətlərindən xəbər verir. "Əsərlərimdə hər kəs istədiyini tapa bilər" deyə yazıçı çox vaxt oxucularına müraciət edir. Onun əsərlərinin məna dərinliyinə qərq olduqca bunun həqiqətən də belə olduğu aydın bəlli olur. Yazıçı bir çox hallarda İkinci Dünya müharibəsinin mahir bilicisi kimi də tanınır və bunu da öz əsərlərində məharətlə qeyd etməyi bacarır.

Murakami kitablarında bir neçə qəhrəmanın nəzər nöqtəsini oxucuya təqdim etməyi və bununla oxucunun diqqətini cəlb etməyi gözəl bacarır. Yazıçı əsərlərində psixologiya, fəlsəfə, detektiv, elmi-fantastika kimi janrların sintezini yaratmaqla kütləvi oxucunun rəğbətini qazanmışdır. Əsasən də sıravi insanların həyatından bəhs edən yazıçı xəyalla gerçəkliyin cizgisini əsərlərində dolğun əks etdirmədiyinə görə, bir çox hallarda şərhçilərin qınağına tuş gəlir. Bunu da yazıçı öz növbəsində insan təfəkkürünün rəngarəngliyinin, müxtəlifliyinin və fövqəladəliyinin əsərlərdə təzahürü kimi izah edir.

Yazıçının mürəkkəb ziddiyyətli düşüncələri, şərqli yazıçının qərb dünyagörüşü prizmasından baxıldığına görə bir çoxlarının marağına səbəb olur. Vətənində Murakami hər zaman qeyri-adiliyə aludə, fəlsəfi-psixoloji romanlarında da bunu bütövlüklə əks etdirən, həm qərb həm şərq oxucusunu ələ almağı bacaran, daimi həqiqət axtarışında olan, yüksək mənəvi və fəlsəfi dəyərlərlə zəngin ədib kimi tanınır.
Gözəllik vurğunu olan Murakami əsərlərində tarixi faktları, həyatda olmuş hadisələri, toponimləri və s. istifadə edərək oxucuda sanki deja-vu hissini oyatmaqla, romanlarını daha həyəcanlı, maraqlı etməyi bacarmışdır.

Hazırda Haruki Murakami ABŞ-ın bir çox mötəbər universitetlərində muhazirələrlə çıxış edir və dünya oxucularına öz töhfələrini verməkdə davam edir. Murakaminin əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub. Dünya miqyasında milyonlarla oxucunun qəlbinə yol salmış, daxili aləmi ilə daim barışıqda olan yazıçı heç vaxt şöhrət arzusunda olmadığını hər zaman bildirmişdir. Hətta müsahibələrinin birində, müxbirin "Ən böyük nəaliyyətiniz nədir?" sualına qısa olaraq "Mənim sevimli pişiyim, sadiq qadınım və gözəl əsərlər yaratmaq qabiliyyətim var" deyə cavab vermişdir.

1 şərh

Gülnar
Ədəbiyyatçı deyiləm, sadəcə oxucu kimi öz fikrimi yazmaq istəyirəm ki, Murakami belə ürəyim gedən yazıçı deyil. Ona görə ki, elə bil 1 əsərdə hər şeyi yazmağa çalışır. Məsələn, «Kafka sahildə»də ayrı-ayrı maraqlı hekayələr, bol informasiya var, yaxş mahnıların adı çəkilir, yunan tragediyaları hər şey var. Amma əsər ümumilikdə həftəbecərə oxşayır) Sonra, əsərin qəhrəmanları az yaşlarına baxmayaraq (15, 21) elə fəlsəfi, intellektual söhbətlər edirlər özündən utanırsan ki, mən nə gündəyəm bunlar gör nələr bilirlər:) Yəni, məncə rela deyil o yaşda o qədər müdrik olmaq.