Osmanlı imperiyası XIX əsr-XX əsrin əvvəllərində

xıx əsrin əvvəllərində Osmanlı imperiyasının iqtisadi və siyasi böhranı daha da dərinləşmişdi. Dövləti böhrandan çıxarmaq üçün Sultan III Səlimin (1789-1807) islahatları xıx əsrin əvvəllərində də davam etdirilirdi. Napoleonun apardığı işğalçılıq müharibələri nəticəsində Avropada olduqca mürəkkəb beynəlxalq vəziyyət yaranmışdı. Belə bir şəraitdə 1805-ci ildə Rusiya – Osmanlı müqaviləsi imzalandı. Bu müqavilə rus hərbi gəmilərinin Bosfor və Dardanel boğazlarından keçmək hüququ təsdiq edilirdi. 1806-1812-ci illərin Rusiya-Osmanlı müharibəsində Osmanlı dövləti məğlub oldu. Buxarestdə aparılan sülh danışıqları 1812-ci ilin mayında Buxarestdə sülh müqaviləsinin imzalanması ilə nəticələndi. Sülhün şərtlərinə görə Bessarabiya Rusiyaya keçdi. Moldaviya və Valaxiya Osmanlı imperiyasına qaytarıldı. 1821-ci ildə Moreyada yunanlar üsyan qaldırdılar. Rusiya, İngiltərə və Fransa Osmanlı dövlətindən Yunanıstana muxtariyyət verməyi tələb etdilər. Rədd cavabı aldıqdan sonra müttəfiqlərin donanması 1827-ci ilin oktyabrında Navarin dəniz döyüşündə Osmanlı donanmasını ağır məğlubiyyətə düçar etdi. 1828-ci ildə isə Rusiya ilə yeni müharibə başlandı.

Müharibəyə hazır olmayan Osmanlı dövləti yenə məğlub oldu.1829-cu ilin sentyabrında Ədirnə sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə görə Yunanıstan müstəqillik əldə etdi. Valaxiya, Moldaviya və Serbiyaya daxili müstəqillik verildi. Rus ticarət gəmilərinin boğazlardan sərbəst keçmələri təmin olundu. Ədirnə müqaviləsi osmanlıların Kiçik Qaynarca müqaviləsindən sonra imzaladıqları ən ağır şərtli müqavilə idi. 1830-cu ildə müttəfiqlər Yunanıstanın Osmanlı imperiyasından tamamilə ayrılması haqqında qərar qəbul etdilər. Ölkədə xarici kapitalın ağalığı Osmanlı ticarət və sənaye burjuaziyasını ağır vəziyyətə salmışdı. xıx əsrin 30-50-ci illərində Osmanlı imperiyasının həm siyasi, həm də iqtisadi cəhətdən Avropanın iri dövlətlərindən, başlıca olaraq İngiltərə və Fransadan asılı vəziyyətə düşməsi üçün zəmin yaranmışdı. Osmanlı imperiyasının beynəlxalq vəziyyətinin pisləşməsi və uğursuz daxili siyasəti ilə əlaqədar olaraq hakim dairələrin mütərəqqi nümayəndələri təcili islahatlar keçirilməsini zərurətini yaxşı dərk edirdilər. Mustafa Rəşid paşanın komissiyası tərəfindən Sultanın ali fərmanı (xətti-şərifi) 1839-cu ilin noyabrında Gülxana sarayında elan edildi. Buna görə də həmin fərman “Gülxana xətti-şərifi” adı ilə tarixə daxil olmuşdur. Fərmanda Osmanlı imperiyası əhalisinin bütün təbəqələrinin həyat, şərəf və əmlak təhlükəsizliyinin təmin edilməsi, vergilərin düzgün qoyulması və toplanması, iltizam sisteminin ləğv edilməsi, orduya çağırışın qaydaya salınması, hərbi xidmət müddətinin azaldılması vəd edilirdi.

Feodal-mütləqiyyət zülümü və xarici kapitaldan asılılığın güclənməsi Osmanlı burjuaziyasının formalaşmasına təkan verirdi. Ziyalılar və tələbələr öz fəaliyyətlərini vahid cəbhədə birləşdirmək məqsədilə 1865-ci ildə “Osmanlı maarif cəmiyyəti” adlı təşkilat yaratdılar. Görkəmli alim İbrahim Şinasi, yazıçı və dramaturq Namiq Kamalın yaratdıqları bu təşkilatın üzvləri özlərini “yeni osmanlılar” adlandırdılar. Həmin ildə İstanbulda  gizli “Yeni Osmanlılar Cəmiyyəti” təşkil edildi. xıx əsrin 70-ci illərinin əvvəlində Osmanlı imperiyası yenidən dərin iqtisadi və siyasi böhrana düçar oldu. 1876-cı ilin mayında baş vermiş izdihamlı mitinq qarşısında Sultan Əbdülləziz Güzəştə getməli oldu və “Yeni osmanlılar”ın liderlərindən biri Midhət paşa yeni yaradılmış hökümət kabinetinin tərkibinə daxil edildi.1876-cı ilin mayında II Əbdülhəmid hakimiyyətə gətirildi. Tezliklə Midhət paşa baş vəzir təyin edildi. Ölkənin müqəddəratı həll edildiyi belə bir vaxtda II Əbdülhəmid Midhət paşanın hazırladığı konstitusiyaya layihəsinin qəbul edilməsinə dair fərman imzaladı. Midhət konstitusiyası ilə Osmanlı imperiyası konstitusiyalı monarxiya elan edildi. İmperiya ərazisində yaşayan bütün əhali osmanlı adlanır və əhalinin hamısı, etnik və dini mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında bərabər elan edilirdi. 1877-ci ilin martında parlamentdə ilk seçkilər keçirildi. Deputatların böyük əksəriyyətini iri mülkədarlar və ruhanilər təşkil edirdilər. 1877-1878-ci illərədək Rusiya Osmanlı ölkənin iqtisadi vəziyyətini daha da ağırlaşdırıdı və onun beynəlxalq nüfuzuna ciddi zərbə endirirdi.

İngiltərə, Fransa və Avstriya Rusiyanı müharibə ilə hədələyərək San-Stefano müqaviləsinin şərtlərinə yenidən baxılmasını tələb etdilər. 1878-ci ilin iyulunda keçirilmiş Berlin konqresində sülh şərtlərinə yenidən baxıldı. Bolqarıstan müstəqillik əldə etdi. Cənubi Bolqarıstana isə sultanın hakimiyyəti altında muxtariyyət verildi. Serbiya, Çernoqoriya və Rumıniya tam müstəqil oldular. Qars, Ərdahan, Batum Rusiyaya keçdi. Makedoniya və Şərqi Bayazid osmanlılara qaytarıldı. Bosniya və Hertseqovinanın idarəsi Avsriyaya həvalə edildi. 1889-cu ildə İstanbulda “İstihad və tərəqqi” adlı gizli cəmiyyət yaradıldı. Bu, türk burjua-demokratik hərəkatının rəsmi şəkildə başlanması demək idi. Cəmiyyətin üzvlərini və onun tərəfdarlarını “gənc türklər” adlandırdılar. “Gənc türklər”in əsas tələbi 1876-cı il konstitusiyasının bərpa edilməsi idi.xx əsrin əvvəllərində Osmanlı imperiyasının iqtisadi vəziyyəti olduqca pisləşmişdi. Bu dövrdə Almaniyanın özlərinə ciddi rəqib sayan Rusiya ilə İngiltərə arasında şərqlə bağlı sövdələşmə başlanmışdı. 1908-ci ilin iyununda Reveldə (indiki Tallinn) keçirilmiş görüşdə onlar Osmanlı imperiyasının bölüşdürülməsi məsələsini müzakirə etmişdilər. Belə ağır vəziyyətlə barışmayan ölkənin vətənpərvər qüvvələri Sultan II Əbdülhəmid rejiminin mürtəce daxili və ətalətli xarici siyasətini tənqid edirdilər. 1907-ci ilin sonunda Parisdə “İttihad və tərəqqi” və digər təşkilatların birləşmiş qurultayı çağırıldı. Qurultayda 1876-cı il konstitusiyasının bərpası və Əbdülhəmid hakimiyyətinin silahlı üsyan yolu ilə devrilməsi barədə qəbul edildi.

Tarixdə “Gən türklər” adını almış inqilab “İttihad və tərəqqi” təşkilatının Makedoniya komitəsi üzvlərinin təşəbbüsü ilə 1908-ci ilin iyulunda başlandı. Sultan Əbdülhəmid 1908-ci ilin iyulunda 1876-cı il konstitusiyasının bərpa edilməsi və tezliklə parlament seçkiləri keçirəcəyi haqqında fərman imzalamağa məcbur oldu. Osmanlı dövləti konstitusiyalı monarxiya elan edildi. II Əbdülhəmidin 32 illik diktatura rejiminə son qoyulu.1908-ci ilin noyabrında parlamentin ilk iclası çağırıldı. “Gənc türklər” 1909-cu ilin aprelində Sultan II Əbdülhəmidi hakimiyyətdən kənarlaşdırdılar. Onun qardaşı V Mehmet Rəşad sultan elan edildi. Beləliklə, “Gənc türklər” inqilabı Osmanlı imperiyasının siyasi quruluşunu dəyişdirmədi. Bu inqilab yuxarı təbəqələrin inqilabı idi. 1912-ci ilin martında yaradılmış “Balkan ittifaqı”nın tərkibinə daxil olan Bolqarıstan, Serbiya, Yunanıstan və Çernoqoriya 1912-ci ilin oktyabr ayında Osmanlı imperiyasına müharibə elan etdilər. Beləliklə, tarixdə Birinci Balkan müharibəsi (1912-1913) adlandırılan müharibə başlandı. Müharibəyə hazır olmayan Osmanlı qoşunları elə ilk günlərdən geri çəkilmək məcburiyyətində qaldılar. Belə vəziyyəti gözləməyən Avropa dövlətləri təşvişə düşərək 1913-cü ilin mayın əvvəlində barışıq sazişi imzalatmağa nail oldular. Mayın 30-da isə Londonda sülh müqaviləsi bağlandı. Bu müqavilənin şərtlərinə görə Osmanlı imperiyası Balkanlarda və Egey dənizi ətrafında olan torpaqlarının çoxundan əl çəkmək məcburiyyətində qaldı. Almaniya müstəqil knyazlıq elan edildi.

Balkanlarda hökmranlığa çalışan Avstriya-Macarıstan və Almaniya tərəfindən təhrik edilən Bolqarıstan 1913-cü ildə Serbiyaya və Yunanıstana qarşı qoşun çıxartdı. Rumıniya və Çernoqoriya Yunanıstanın köməyinə gəldilər. Osmanlı dövləti də onların tərəfində çıxış etdi. 1913-cü ilin iyununda başlanan İkinci Balkan müharibəsi həmin ilin avqustunda başa çatdı. Bolqarıstan ağır məğlubiyyətə uğradıldı. Ədirnə və ətrafdakı yerlər Osmanlı imperiyasına qaytarıldı. Eyni zamanda Osmanlı dövləti Avropadakı torpaqlarının bir hissəsini itirmiş oldu.

 

0 şərh