Çin XIX əsr–XX əsrin əvvəllərində

Hindistanı öz müstəmləkəsinə çevirəndən sonra İngiltərə Çini də əsarət altına almaq, onun xammal mənbələrini və satış bazarlarını ələ keçirmək uğrunda mübarizə aparırdı. Ost-Hind şirkəti Hindistanda geniş miqyasda tiryək istehsalını artırmağa və bunu Çinə gətirməyə başladıqdan sonra vəziyyət tamamilə dəyişdi. Tiryək ticarəti Ost-Hind şirkətinə son dərəcə böyük gəlir gətirməyə başlamışdı. Çinin tiryək ticarətinə qarşı mübarizəsi İngiltərə ilə Çin arasında müharibəyə səbəb oldu.

Tarixdə Birinci tiryək müharibəsi (1840-1842) adı ilə məlum olan müharibəyə başlandı. 1840-cı ildə ABŞ eskadrası Çin sularına daxil oldu. 1842-ci ilin avqustunda Nankində Çinlə İngiltərə arasında sülh müqaviləsi imzalandı. Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Buna əsasən İngiltərə Çinin beş şəhərində konsulluqlar açmaq və ticarət etmək hüququ qazandı. Beləliklə, “açıq qapılar” adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstəmləkəyə çevrilməsinin başlanğıcını qoydu. 1856-1860-cı illərdə yeni “tiryək müharibələri” baş verdi. İngiltərə Çinin daxili əyalətlərinə yol açmağa, onun çay limanlarını ələ keçirməyə çalışırdı. 1857-ci ilin dekabrında ingilis-fransız hərbi qüvvələri Kanton şəhərini mühasirəyə alaraq, ağır şərtlərlə müqavilə imzalamağı Çindən tələb etdilər. 1860-cı ilin oktyabrında İngiltərə və Fransa Çin ilə Pekində yeni müqavilələr imzaladılar. Pekin müqavilələrinə görə Çin İngiltərə və Fransaya təzminat verməli idi. Koulun yarımadası İngiltərənin himayəsinə keçdi. Tiryəkin açıq satışına icazə verildi. Xarici təcavüz və feodalların özbaşınalığı, vergilərin ağırlığı Çinin daxilində sosial-iqtisadi vəziyyəti daha da gərginləşdirdi. Xalq çıxışları mancur hakimiyyətinə qarşı çevrilmişdi.

1850-ci ildə Çinin müstəmləkə əsarətinə salınmasına və daxili irticaya qarşı güclü üsyan baş verdi. Üsyançılar ümumi bərabərlik ideyası təbliğ edir və “Səmavi ümumi rifah dövləti” (çin dilində “Taypin tyanqo”) yaratmağa çağırırdılar. Buna görə də, kəndli müharibəsinin iştirakçılarını taypinlər adlandırırdılar. 1852-ci ilin axırlarında taypinlər Nankin şəhərini tutaraq onu özlərinin yeni yaratdıqları dövlətin paytaxtı elan etdilər. Taypinlər kəndlilərdən alınan vergiləri və icarə haqqını azaltdılar, yoxsulların borc öhtəliklərini ləğv etdilər. Qadınlara hüquq bərabərliyi verilmişdi. 1864-cü ilin yazında Taypin dövləti süquta uğradıldı. Taypinlər hərəkatı Çində kapitalizmin meydana gəlməsi və inkişafı üçün yol açmışdı. Çinin bölüşdürülməsində ilk addımı İngiltərə ilə ABŞ-ın köməyi ilə Yaponiya atdı. Koreya uğrunda mübarizə 1894-1895-ci illərdə Çin – Yaponiya müharibəsinə səbəb oldu. 1895-ci ilin aprelində Çinlə Yaponiya arasında imzalanmış müqaviləyə görə Çin Koreyanın müstəqilliyini tanıdı, Tayvan və Lyaodun Yaponiyaya verildi. Çin böyük məbləğdə təzminat ödəməli oldu. Yaponiya ilə müharibədə məğlubiyyət  Çinin müstəmləkəçi dövlətlər arasında bölüşdürülməsi prosesini sürətləndirdi. ABŞ Çinin müstəmləkəçi dövlətlər tərəfindən nüfuz dairələrinə bölüşdürülməsi prosesindən kənarda qalmaq istəmirdi. ABŞ 1899-cu ildə “açıq qapı” adlandırılan doktrinanı elan etdi: burada tələb edilirdi ki, Çindəki dövlətlərin bütün “nüfuz dairələri” Şimali Amerika mallarının gətirilməsi üçün açıq olmalıdır. İqtisadi gücünə arxalanan ABŞ Çindən rəqiblərini sıxışdırıb çıxarmaq və Çini yarımmüstəmləkəyə çevirmək istəyirdi.

XX əsrin əvvəllərində  Çin yenə də yarımfeodal ölkə olaraq qalırdı. Əhalinin çoxu mülkədarlardan asılı olan torpaqsız və aztorpaqlı kəndlilər idi. Kəndlilər, sənətkarlar, fəhlələr və milli burjuaziyanın ən cəsarətli hissəsi olan qabaqcıl ziyalılar Çindəki mütləqiyyət quruluşu əleyhinə çıxış edirdilər. 1905-ci ildə “Birləşmiş ittifaq” adlı gizli təşkilat yarandı. Ona Sun Yatsen “Üç xalq prinsipi” adlanan müddəalarını irəli sürdü: millətçilik, demokratizm, xalq rifahı. Millətçilik prinsipi tezisində Mancur sülaləsinin təzyiqinə qarşı mübarizədə Çin xalqının birliyi ideyası öz əksini tapmışdı. Demokratizm prinsipinin məzmununu Çin demokratik respublikasının yaradılması təşkil edirdi. Sun Yatsen kəndlilərin istifadəsinə verilmək üçün torpaqların milliləşdirilməsinə çalışırdı. “Xalq rifahı” prinsipi də bunu ifadə edirdi. Sun Yatsenin prinsipləri xırda milli burjuaziya tərəfindən tamamilə qəbul edilirdi. Nəticədə 1906-cı ildən başlayaraq Çində kəndlilərin, qabaqcıl ziyalıların və milli burjuaziyanın çıxışlarının beni dalğası başlandı. 1911-ci ilin oktyabrında Uçan şəhərindəki qabiliyyətli üsyan inqilabın başlanğıcı oldu. Üsyançılar şəhəri tutdular. Bütün Xubey əyaləti respublika elan edildi. 1911-ci ilin axırına yaxın Çinin bütün cənubi və mərkəzi əyalətləri artıq məncur əsarətindən azad edilmiş və üsyançıların hakimiyyəti altına keçmişdi. Bu məqsədlə istefada olan Yuan Şikay hökumətə dəvət olundu. Antimonarxiya ruhlu bütün əyalətlərin nümayəndələrinin Nankində toplanmış konfransında Sun Yatsen respublikanın müvəqqəti prezidenti seçildi və 1912-ci il yanvarın 1-də öz vəzifəsinin icrasına başladı. Liberal-mülkədarlar irticaçı general Yuan Şikayla sövdələşirdilər. 1912-ci ilin fevralında xüsusi fərmanla Tsin monarxiyası ləğv edildi. Milli məclis tərəfindən respublika hökumətinin təşkili Yuan Şikaya tapşırıldı. 1912-ci il aprelin 1-də liberalların təzyiqi ilə üzləşən Sun Yatsen istefa verdi və Yuan Şikay respublikanın prezidenti seçildi. 1912-ci ilin avqustunda “Birləşmiş ittifaq” ilə bir sıra liberal təşkilatlar Homindan partiyasında (Milli partiyada) birləşdilər. Partiyanın sədrliyinə Sun Yatsen seçildi. 1913-cü ilin yayında ölkənin cənubunda mürtəce hökumətin siyasətinə qarşı “ikinci inqilab” adlandırılan üsyanlar baş verdi. Lakin xarici qoşunlar inqilabçıları darmadağın etməkdə Yuan Şikaya kömək etdilər. “İkinci inqilab” da məğlub oldu. 1911-1913-cü illərin Çin inqilabı qarşısında duran vəzifələrdən yalnız birini – monarxiyanı devirmək vəzifəsini yerinə yetirdi.

 

0 şərh