Xərçəng bürcünün xarakteri

Hələ qədim dünyanın adamları qızmar Yay fəslinə təsadüf edən Xərçəng bürcünün gəlişindən ehtiyat edir, özlərini buna hazırlayırdılar. Belə ki, onlar Günəşlə Ayın bir-birinə daha yaxın məsafədə olduğu bu ərəfəni Xeyirlə Şərin bərabər gücə malik olması və haqqı nahaqdan ayırmağın çətin olması kimi qiymətləndirirdilər. Orta əsrlərdə isə «Xərçəng»in hakimiyyətdə olduğu dövrü daha çox qadınlar üçün təhlükəli hesab edirdilər. İnsanlar belə qənatə gəlmişdilər ki, mistik məxluqların himayədarı olan Ay qadınları xəstələndirir, onları ailədən təcrid edir, gücdən salır, hamilə olanları öldürür. Bədirlənən Ay zamanında isə qadınların daha zəif və əsəbi olduqları bildirilirdi. Bu səbəbdən də Xərçəng bürcündə daha çox zərif məxluqları qoruyurdular.
Məqalənin girişində qeyd etdiyim kimi, bu Zodiak işarəsinin gəlişi iqlimin daha da istiləşməsinə təsadüf edir. Bir qayda olaraq bu ərəfədə məzuniyyət götürülür və uzaq səfərlərə çıxırlar. Druidlərə görə, insanların ən «tənbəl» dövrü də məhz bu ərəfəyə düşür. Ən böyük bəla isə göstərilən müddətdə insanların bir-birinə qarşı yaranmış soyuqluğunun daha kəskin xarakter almasıdır. Hesablamalara görə, ən çox insan tələfatı da məhz adıçəkilən zodiakın əhatə etdiyi günlərə təsadüf edir. Bir tərəfdən siyasi olaylar, müharibələr, terror hadisələri, digər tərəfdənsə təbii fəlakətlər insanların sayını kəskin surətdə azaldır.

Ulduzlar sistemində 4-cü yeri tutan Xərçəng bürcü bir qayda olaraq iyunun 22-dən iyulun 22-nə qədər (31 gün) olan dövrü əhatə edir. Ünsürü su, planeti Ay, düşərli günü bazar ertəsi, cümə axşamı, ağır günü çərşənbə axşamı, şənbə, uğurlu rəngi ağ, açıq-mavi, göy, yaşıl, uğursuz rəngi boz, daşı rubin, zümrüd, Ay daşı, metalı gümüş, enerji verən çiçəyi jasmin, uğurlu rəqəmi 4, 5, 8, müxalif bürcü Oğlaq, talismanı ürək, şanslı ölkələri isə Türkiyə, Şotlandiya, Prussiya, Hollandiya, Suriya, Afrika, Avstraliya və Sakit okean adalarıdır.
Yeri gəlmişkən, Xərçəng bürcü Göy qübbəsində yerləşən ən kiçik Zodiak işarəsidir. O, səmanın cəmi 500 kvadrat dərəcəlik sahəsini tutur. Adi gözlə görünən 60 ulduza malik olsa da, heç bir parlaq ulduzu yoxdur.
Xərçəng bürcünün himayədarı olan Ay, bəzi mənbələrdə ən kiçik planet, bəzi mənbələrdə isə qeyri-planet sırasına şamil edilir. O, Yerin təbii peyki və gecə səmasının ən parlaq obyektidir. Hətta təzə doğan Ayın parlaqlığı Veneranın maksimal parlaqlığından 2500 dəfə çox olur. Antik dövrün münəccimləri hesab edirdilər ki, Ay insanlarda inam, ümid, xeyrxahlıq və digər emosional duyğular yaradır, gündəlik qayğılarla məşğulluğa və ev işlərinə müsbət təsir göstərir. Onun radiusu 1738 km, elementi su, tərkibi soyuqluq, xarakteri isə hakimlikdir.
xərçəng bürcü (cancer)
Yerə yapışan, kök fiqura, solğun, dəyirmi sifət, enli alın, açıq şabalıdı saçlar, böyük gözlər, iri döşlər, xırda pəncəli ayaqlar və uzun, qələməbənzər əllər… «Xərçəng»lərin zahiri görkəmindən söz düşəndə ilk növbədə bu amil qabardılır. Bütün dövrlərin münəccimləri bu bürc altında dünyaya gələn adamların ilk növbədə dinpərəst olduğunu vurğulayıblar. Qənaətlərə görə, bürclər arasında onlar qədər Axirət dünyasına, Tanrıya inanan yoxdur. Məhz bu inamdan irəli gələrək onlar nə qədər uğursuzluq və faciələrlə rastlaşsalar da, istənilən anda özlərində təmkin tapa bilirlər.
Bir qayda olaraq «Xərçəng»lər hündürboy, yaraşıqlı və ağıllı olurlar. Onlar nə qədər eqoist görünsələr də, insanlardan daima qayğı, mərhəmət, bir sözlə, ana doğmalığı umurlar. Belə adamların taleyini xoş təsadüflərlə bəxtlərinin gətirməsi təşkil edir. «Xərçəng»lər hədsiz dərəcədə hissiyyatlı və əyləncə həvəskarı olurlar. Kənardan baxana elə gələ bilər ki, bu bürcün sakinləri qapalı, səriştəsiz və kobuddurlar. Çünki görünən mənzərə məhz deyilənlərlə eynilik təşkil edir. Lakin dərindən bələd olduqda, onların xoş davranışlarının, mərhəmətinin şahidi olmaq da mümkündür.

Müasir dünya astrologiyasının qənaətinə görə, bu işarə altında dünyaya gələn qadınlar uşaqları çox sevir, ailəcanlı-qohumcanlı olur, kişilərsə əksinə, çox vaxt ailədən təcrid olunur, «ayağısürüşkən»liyə meyl edirlər. Ümumiyyətlə, bu bürcün əksər kişiləri peşəni və pulu hamıdan çox sevirlər. Onları Ay idarə etdiyindən az da olsa, hipnoz etməyi də bacarırlar. Məhz bu faktor həmişə «Xərçəng»ləri diqqət mərkəzində saxlayır, onlara ehtiyac olduğunu büruzə verir. Konkret olaraq məhəbbətə gəlincə, bildirək ki, incəqəlbli «Xərçəng» üçün məhəbbətini itirmək çox ağır zərbədir. Belə üzücü hallarda bu romantiklər gözlərini yumur və sevgilisinin qayıtmasını arzulayır. O isə qayıtmaq haqqında heç fikirləşmir. Belə məqamlarda bir qədər daşürəkli olmaq lazımdır.
«Xərçəng»lərin cəmiyyətdə nüfuz qazanmalarına mane olan bəzən onların eqoistliyi, məsuliyyətsizliyi, xasiyyətinin tez-tez dəyişməsidir. 13-cü əsrdə yaşamış ingilis münəccimi Rocer Bekon bu bürcə aid olan kişilər haqqında belə deyirdi: «Onların əksəriyyəti qorxaq və namərddir». Kişi-«Xərçəng»lərin hiyləgərliyi və emosional dayanıqsızlığı, onların qadınlarla olan münasibətlərinə mənfi təsir göstərir. Adətən bu bürcdən olan qadınlarla ailə həyatı qurmaq üçün kişilər uzun müddət gözləməli olurlar. «Xərçəng» sürücülərsə çox şıltaq olur: qırmızı işığı keçmək, sürəti həddindən çox artırmaq onların adətidir.
Daima hakimiyyət iddiasında olan belələri öz istəklərinə yetişmək üçün daha çox başqalarının köməyinə arxalanırlar. Ümidlərini «ağ atlı oğlana» bağlayan «Xərçəng»lər nadir hallarda əzmkarlıq göstərə bilirlər. Onlarda bəzi hiyləgərlikləri də görmək mümkündür. Belə ki, haqqında yazdığımız adamlar riskli iş görərkən məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar. Hər hansı bir işə başlayarkən mütləq özlərinə təcrübəsiz bir fiqur tapan «Xərçəng»lər sonradan «paxır açılarsa» bütün səriştəsizliyi «müttəfiqlərinin» üstünə atmaq istəyirlər. Bu amili nəzərə alan oxucularımız sözügedən bürc altında dünyaya gələn adamlarla həddindən ziyadə ehtiyatlı olmalıdılar. Unutmayın ki, «Xərçəng»lərin hipnozlu baxışlarından yayınmaq hər adama nəsib olmur.

Ərəb münəccimlərinin təbirincə, Xərçəng bürcü altında doğulanlar təkbaşına heç bir müvəffəqiyyətə yetişə bilmirlər. Ona görə də belələrinə mütləq kənardan dəstək vermək lazımdır. Müasir nücum elmi də bu adamlar haqqında ərəblərin göstərdiyi fikirləri təsdiq edir. «Başqalarının dəstəyi olmasa, onlar heç vaxt xoşbəxt olmurlar», — bu fikirlərsə ötən əsrin fransız münəccimlərinə aiddir. Və bütün bunlardan da belə nəticəyə gəlmək olar ki, mühacirət, qürbətdə yaşamaq, tənha qalmaq, türməyə düşmək — haqqında yazdığımız adamların məhvinə səbəb olur.
Xərçəng bürcünün nümayəndələri romantik duyğularla yaşadığı üçün tez sevilirlər. Onları Ay idarə etdiyindən daha çox gecələr fəaliyyət göstərirlər. Ovqatları sabit olmasa da, qismətlərindən qaçsalar da, tez qızışsalar da, hər halda sevilməyi və yaxşılıq etməyi də bacarırlar.
Antik dövrün münəccimləri xərçəngin həm suda, həm də quruda yaşamasından çıxış edərək belə qənaətə gəlirdilər ki, bu bürcün himayəsində olan adamlardan yalnız balıqçı çıxır. Lakin sonrakı dövrlərdə bu siyahı xeyli artmağa başladı. Belə ki, bu bürc altında doğulan adamlar zaman-zaman sübut etdilər ki, onlar çox şeyə qadirdilər. Məsələn, bu adamlardan yazıçı, tarixçi, pedaqoq, rəssam və bu kimi digər peşə sahibləri də çıxır. Amma bir şey var ki, «Xərçəng»lər incəsənət sahəsinə o qədər də meylli olmurlar.

Məşhur «Xərçəng»lər: Ş.İ.Xətai, Mirzə Kazımbəy, S.Ə.Şirvani, M.F.Axundov, Abbasquluağa Bakıxanov, Cabbar Qaryağdı, Tağı Şahbazi, Sona Hacıyeva, Barat Şəkinskaya, Əbülfəz Elçibəy, Məlik Dadaşov, Türkan Şoray, Nigar Rəfibəyli, Mirzə Babayev, Məmməd Araz, Telman Adıgözəlov, Anar Məmmədxanov və başqaları.

Müəllif: Səbuhi Rəhimli
Həmçinin bax: Xərçəng bürcünün xüsusiyyətləri və psixologiyasıXərçəng bürcünün insanları
 

0 şərh