Şimali Koreyanın rasional xarici siyasəti

Şimali Koreyanın xarici siyasəti analitiklər üçün həmişə bir az tapmaca olub. Xüsusən də, ABŞ rəhbərliyində belə bir yanaşma mövcud idi ki, Şimali Koreyanın xarici siyasəti tamamilə irrasionaldır və təsadüfi şəkildə fəaliyyət göstərən liderlərin “dəlilik” dərəcəsi ilə şərtlənir. Hərçənd politoloqlar bu məsələni sırf tibbi səviyyəyə qədər məhdudlaşdırmaq istəmirlər və “çıxdaş dövlət” (rogue state) konsepsiyasını təşviq edirlər.
Şimali Koreyanın rasional xarici siyasəti
Digər tərəfdən açıq diskurslarda “çıxdaş dövlət” termini müəyyən qədər klişeləşib və artıq bu və ya digər şəkildə “beynəlxalq ictimaiyyətin” şərti maraqlarına zidd fəaliyyət göstərən istənilən dövlətə qarşı istifadə olunur. Üstəlik bu zaman “beynəlxalq ictimaiyyətin” maraqları deyəndə, adətən, əsas oyunçuların maraqları nəzərdə tutulur. Maraqlıdır ki, “çıxdaş dövlət” statusuna, adətən, bölgə dövlətlər – yəni “beynəlxalq ictimaiyyətin maraqlarını” müstəqil şəkildə yönləndirəcək qədər qüdrətli olmayan, amma müəyyən narahatlıqlar yaradacaq qədər gücə sahib dövlətlər layiq görülür.
Şimali Koreyaya qayıdaq. Qeyd etmək lazımdır ki, onun xarici siyasətinin irrasionallığı barədə mülahizələr DQQ (dövlət qərarlarının qəbulu) prosesini – xüsusən, xarici siyasətdə və xüsusən, Şimali Koreya kimi qapalı ölkədə – anlamağın çətin olmasının nəticəsidir.
Həqiqətən də, çox şey siyasi liderin iradəsindən asılıdır. Lakin Qraham Allisonun da öz “Qərarın mahiyyəti” kitabında göstərdiyi kimi, hətta N.S.Xruşşov kimi uğurlu avtokratlar da xarici siyasətdə bir çox hallarda öz ətraflarına güvənirlər və “saray siyasəti”ndən (governmental politics) asılı olurlar.

Nəzəri baza
Bu araşdırmanın nəzəri bazası rasional seçim nəzəriyyəsi ilə məhdud rasionallıq və koqnitiv dissonans konsepsiyalarının sintezindən ibarətdir. Başqa sözlərlə, mən göstərmək istəyirəm ki, Şimali Koreyanın rəhbərliyi məhdud-rasional davranır və sub-optimal qərarlar qəbul edir. Bu zaman onların dünyaya baxışları çuçxe ideyası prizmasından müəyyən qədər kənara sapa bilər (hərçənd onların bu ideologiyaya nə qədər inandıqları müzakirə mövzusudur).
Rasional seçim nəzəriyyəsi (RCT) iddia edir ki, siyasətçilər öz faydalılıqlarını böyütməyə çalışırlar. Bu isə onlar üçün öz hakimiyyətlərinin maksimum genişləndirilməsi və möhkəmləndirilməsi, həmçinin siyasi kapital götürmək anlamına gəlir. Bu zaman onlar iqtisadiyyatdan kənar meyarları rəhbər tuturlar və öz hakimiyyətlərini həmişə hər şeydən yüksəyə qoyurlar.
Digər tərəfdən məhdud rasionallıq konsepsiyası iddia edir ki, qərar qəbul edən şəxsin (QQŞ) düşüncəsi “iqtisadi insan” obrazından xeyli fərqlənir. QQŞ koqnitiv təhriflərə məruz qalır və qərarları öz gördükləri dünya mənzərəsinə nəzərən qəbul edirlər. Üstəlik onlar bütün mümkün fəaliyyət variantlarını dəqiqliklə analiz edə bilmirlər, buna görə də, adətən, onların öz maraqlarına xidmət edən “qaneedici” variantı (yəni sub-optimal) seçirlər. Maraqları anlamaq – P.Sabatyenin “siyasi kursa nəzərən vacib inanclar” (policy core beliefs) adlandırdığı şeylə bağlıdır. Məsələn, belə vacib inanclara “dövlətin yürütdüyü resursların paylaşdırılması üzrə siyasətin mərkəzində hansı sosial qrup olmalıdır” məsələsini aid etmək olar.
Əlavə etmək lazımdır ki, QQŞ ilk növbədə qısamüddətli faydanı hədəf çesir – məsələn, onun üçün uzunmüddətli iqtisadi inkişafdan daha çox öz idarəetmə rejiminin indi və burda qorunması vacibdir.
Siyasi rejim (istənilən?) üçün ən vacib məsələ sağ qalmaqdır.
 
Tarixi baza
Şimali Koreya liderlərinin davranışlarının analizi üçün tez-tez “irrasional” adlandırılan iki hadisəni örnək götürək: 1994-cü ildə ABŞ-la bağlanmış Çərçivə razılaşmasının qüvvədə olduğu dövrdəki davranış və Cənubi Koreyanın Şimali Koreya ilə bağlı yürütdüyü “Günəş hərarəti” siyasəti dövründəki davranış.
Şimali Koreyanın rasional xarici siyasəti
Çərçivə razılaşması
KXDR ilə ABŞ arasında Çərçivə razılaşması 1994-cü il oktyabrın 21-də bağlanmışdı. Razılaşmaya əsasən, Şimali Koreya nüvə silahının istehsalını dayandırmağa, AEBA-nın (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) müfəttişlərini ölkəyə buraxmağa söz verirdi. Bunların qarşılığında isə ABŞ Şimali Koreyaya qoyulmuş iqtisadi sanksiyaları götürür və ona dinc atom (yüngül su nüvə reaktoru) üçün texnologiyalar təqdim edirdi.
Şimali Koreya 1994-cü ildən 1996-cı ilə qədər Çərçivə razılaşmasına uyğun davranırdı. Ancaq 1998-ci ildə ölkə nüvə sınaqlarını bərpa etdi və aydın oldu ki, rejim üzərinə götürdüyü öhdəliklərə əməl etməyi dayandırıb. Həmin vaxt çoxları Şimali Koreyanın bu davranışını tamamilə irrasional adlandırmışdı – Çərçivə razılaşması dünya ictimaiyyətinə və dünya iqtisadiyyatına inteqrasiya etmək fürsəti idi, amma KXDR bu fürsətdən imtina etmişdi.
Ancaq dərin analiz Şimali Koreya rəhbərliyinin davranışında rasionallıq toxumları tapmağa imkan verir.
Birinci, qeyd etmək lazımdır ki, sovet blokunun dağılması ucbatından KXDR mürəkkəb geosiyasi və iqtisadi vəziyyətə düşmüşdü. SSRİ ilə kənd təsərrüfatı məhsulları ticarəti dayanmışdı, üstəlik KXDR-in özündə ard-arda qıtlıq baş vermişdi. Bu da öz növbəsində 1995-1999-cu illərdə “Çətin yürüş”-lə – aclıqla nəticələnmişdi. Sovet bloku dağılandan sonra Şimali Koreyanın təhlükəsizliyi də sual altında qalmışdı – məsələn, Çinin bu təhlükəsizliyi təmin edib-etməyəcəyi məlum deyildi. Bu fakta əsasən də Şimali Koreya yeni yaranmış hegemonla əməkdaşlığı yoluna qoymaq variantını nəzərdən keçirirdi.
Eyni zamanda həmin vaxt Şimali Koreyada “təxribatçı diplomatiya” ənənəsi formalaşmağa başlamışdı – yəni hədələr yağdırmaq və hansısa siyasi, ya da iqtisadi güzəştin qarşılığında onları icra etməmək. Buna görə də, 1993-cü ildə Şimali Koreya bəyan etmişdi ki, nüvə silahının yayılmaması haqqında Müqavilədən çıxmağa hazırlaşır. Rasional seçim modeli nöqteyi nəzərindən, koreyalılar ABŞ-ın diqqətini çəkmək üçün bilərəkdən nüvə böhranı yaradırdılar.
Qeyd etmək lazımdır ki, Şimali Koreyanın “təxribatçı diplomatiyası” nisbətən risksiz idi. Çünki KXDR, Çinin maraqlar dairəsində idi və bu, ABŞ tərəfindən hərbi zərbə ehtimalını azaldırdı. Həmçinin Cənubi Koreya da KXDR-ə qarşı aqressiv fəaliyyətlərə kəskin etiraz edirdi.
Bundan əlavə, 1995-ci ildə Şimali Koreyanın nümayəndəsi ABŞ-a eyham vurmuşdu ki, bölgədə güclərin tarazlığını qorumaqdan ötrü Çinin inkişafına müqabil KXDR-i dəstəkləmək ABŞ-a daha sərfəli olar.
Müvafiq olaraq, Çərçivə razılaşmasının bağlanmasını Şimali Koreyanın təhlükəsizliyinin artırılmasına və iqtsadi güzəştlər almasına yönəlmiş sırf strateji hesablama kimi interpretasiya etmək mümkündür. Kim İr Senin ölümünü və iqtsadi problemləri nəzərə alsaq, Şimali Koreya rejiminin sağ qalması üçün bu addım zəruri idi.
Bununla belə, bir sual yaranır: niyə həmin vaxt Şimali Koreya dünya ictimaiyyətinə inteqrasiya və kooperasiyadan vaz keçdi və nüvə proqramını bərpa etdi?
  • Birinci ehtimal o, ola bilər ki, əslində Şimali Koreyanın başçıları heç vaxt dünya ictimaiyyətinə inteqrasiya etmək barədə düşünməyiblər. Çünki başa düşürdülər ki, onlara ciddi demokratik və bazar iqtisadiyyatı islahatları şərt kimi qoyulacaq, nəticədə isə SSRİ-də olduğu kimi onlar da öz hakimiyyətlərini itirəcəklər.
  • İkincisi, Şimali Koreya hökuməti nüvə proqramına rejimin uzunmüddətli mövcudiyyətinin təminatı kimi (nüvəli dövlətlərə hücum etmək təhlükəlidir), həmçinin milli qürur və milli kimliyin bir elementi kimi baxır.
  • Üçüncüsü isə, ABŞ da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdi – Klinton ABŞ Konqressində müqavimətlə üzləşmişdi və Şimali Koreyaya vəd olunmuş resursları verə bilməmişdi. Çox güman ki, Koreya bunu amerikalı əkskəşfiyyatçıların nadürüstlüyü kimi qəbul etmişdi.

Nəhayət, B.Kaminqs bununla bağlı maraqlı bir fərziyyə irəli sürüb. O bildirir ki, Şimali Koreyada işçi qüvvəsinin səriştəlilik səviyyəsi həddindən artıq aşağıdır və nisbətən səriştəli yeganə işçilər əsgərlərdir. Buna görə də, nüvə proqramına, işçi qüvvəsini azad edərək infrastrukturun inkişafına yönəltməyin bir üsulu kimi baxıla bilərdi.

“Günəş hərarəti” siyasəti
1998-ci ildə Cənubi Koreyanın prezidenti Kim De Çjun Şimali Koreya ilə bağlı “günəş hərarəti” siyasətini elan etdi. Bu siyasət iki ölkə arasındakı münasibətlərin yoluna qoyulmasını və iqtisadi əməkdaşlığı nəzərdə tuturdu. Cənubi Koreya Şimala 1,6 milyon ton qida və 200 000 ton gübrə ayırmışdı.
2000-ci ildə iki ölkə liderlərinin tarixdə ilk görüşü baş tutdu. Lakin tezliklə Şimali Koreya Cənubla əməkdaşlıqdan yayınmağa başladı, “Günəş hərarəti” siyasətini isə “Günəş yanığı” adlandırdı, nəticədə Cənubla Şimalın qarşılıqlı münasibətləri yenidən pisləşdi. Cənubi Koreya şirkətləri Şimali Koreyada rezidentlərinə vergi statusu ala bilmədilər, sadəcə “əlverişli şərait” rejimində işləmək imkanı qazandılar.
Bu keys də tez-tez “dəlilik” əlaməti, ya da dünya ictimaiyyətinə inteqrasiya imkanını bir daha itirmiş Şimali Koreya rəhbərliyinin siyasi “irrasionallığına” nümunə kimi göstərilir.
Amma bəlkə də bu insidentə başqa bucaqdan baxmaq lazımdır – Şimali Koreya heç vaxt dünya ictimaiyyətinə inteqrasiya etmək fikrində olmayıb (çünki böyük ehtimalla bu, rejimin devrilməsinə aparıb çıxarardı). O, sadəcə ölkə daxilində öz idarəetməsinin legitimliyini artırmaq istəyib.
Artıq yuxarıda qeyd olunduğu kimi, buna qədər Şimali Koreya uzun bir aclıq dövründən keçmişdi, odur ki, Cənubun verdiyi resurslara həddindən artıq ehtiyacı vardı. Digər tərəfdən prezident Kim De Çjun Şimali Koreya ilə yaxınlaşmanı öz siyasi proqramının bir parçasına çevirmişdi. Buna görə də, KXDR-in rəhbərliyi başa düşürdü ki, rejim Cənubi Koreya şirkətlərinə “ən əlverişli şərait” statusunu (vəd olunmuş milli statusun əvəzinə) verməyə bilməz .
Cənub və şimal liderlərinin görüşünün necə keçdiyini və Şimali Koreya KİV-lərində necə işıqlandırıldığını da ayrıca qeyd etmək lazımdır.
Kim Çen İr Seula getməkdən imtina etmişdi və Cənubi Koreya prezidentini evində öz şərtləri altında qəbul etmişdi. Milli KİV-lər isə məlumat verirdi ki, cənublulara şimali koreyalıların həyat tərzinin üstünlükləri nümayiş etdiriləcək. Daha bir maraqlı məqam da ondan ibarətdir ki, Şimali Koreyada (beynəlxalq xəbərlərdən fərqli olaraq) Kim Çen İrin çıxışı televiziyada göstərilməmişdi. Beləcə, Şimali Koreyanın sakinləri onun əməkdaşlığa və Qərb qarşısında hansısa güzəştlərə hazır olduğunu görmürdü. Bu şəkildə Kim Çen İr resursları almağı və ölkə daxilində öz legitimliyini möhkəmləndirməyi bacarmışdı.
Kim Çen İrin qətiyyən uzunmüddətli əməkdaşlıq planı qurmadığı aydın görünür, zira o, çox yaxşı anlayırdı ki, vətəndaşlarının Cənubi Koreyanın həyat tərzi ilə tanışlığı onun rejimi üçün məhvedici olacaq.

Nəticə
Beləlik də, deyə bilərik ki, Şimali Koreyanın xarici siyasətini irrasional, ya da dəlilik kimi dəyərləndirmək lazım deyil. Əksinə, o, istisnasız hakim rejimin qorunmasına hesablanmış və bunu hədəfləyən siyasətdir. Zənnimizcə, Şimali Koreyanın xarici siyasət tərzinin ifadə etmək üçün hədə-qorxulardan və onlardan imtina müqabilində hansısa resurslar almaqdan ibarət olan təxribatçı diplomatiya” termini daha uyğundur.

 
Müəllif: Sergey Lebedev
 

0 şərh