Kuba-azadlıq adası

“Ömrümdə belə bir gözəllik görməmişdim”
Xristofor Kolumb
Xristofor Kolumb bu sözləri Kuba torpağına ilk dəfə ayaq basanda deyib. Doğrudan da mavi dəniz, gümüşü sular və hüdudsuz sahillər bu təəssüratın təsdiqindən başqa bir şey deyil. Və bura, əlbəttə, Kubanın insanlarını əlavə etməmək insafsızlıq olar.
Sözsüz ki, Kolumbun əsrlərcə əvvəl dediyi sözlər bu gün də özünü doğruldur. Lakin Kuba torpağı haqqındakı təsəvvürlə bugünkü Kuba arasındakı fərqləri də nəzərdən qaçırmaq olmaz. Kubaya səfərimizin ilk anındaca təsəvvürümüz formalaşdı: möhtəşəm, amma kasıblamış bir ölkə. Havana aeroportuna enər-enməz bəlkə də insanın ağlına bundan başqa heç bir söz gələ bilməz. Buradakı ab-havanı duymaq, sözün bir çox mənalarında bizdən uzaqda olan bir ölkənin inkişafı ilə tanışlıq, əsasən də sovet adamı olmuş bizlərin sosializm əhval-ruhiyyəsinə yenidən və kənardan şahidlik etməsi olduqca maraqlıdır. Sözsüz ki, Kubanın xüsusilə müasir tarixində maraq doğuran çox dərin mətləblər var. 3-4 günlük səfər təəssüratımızı, kiçik müşahidələrimizi sizinlə bölüşürük.
Kuba ilə tanışlığımız paytaxt Havanadan başladı. Havana Atlantik okeanın sahilindədir. Xüsusilə gözəllik baxımından insana xoş gələn bu cəhət bəzən küləyin gətirdiyi qorxu və vahiməyə çevrilir. Şəhərə ayaq basan kimi ömründə görmədiyimiz və görə bilməyəcəyimiz bir mənzərə ilə üz-üzə qaldıq. Atlantik okean qonaqları sunami ilə qarşılayırdı. Ləpələr şaha qalxmışdı və şəhərin az qala yarısını okeanın duru, göz yaşı kimi təmiz suları yuyurdu. Həm vahiməliydi, həm də maraqlı.
Bir az əvvəlki və ilk təəssürata qayıdaraq deyə bilərəm ki, hesab edirdik ki, buraya gələrkən yolüstü əsrarəngiz Parisdə olmağımız ,onun gözəlliklərinə bir daha heyran qalmağımız bəlkə Havananı gözümüzdən salmışdı. Amma yox. Çox şey elə ilk baxışda göründüyü kimiydi. Kubanın özünəməxsusluğu, 1959-cu il inqilabından sonra başlanan iqtisadi blokada, bugünkü inkişaf və beynəlxalq əməkdaşlıq imkanları haqda bir qədər sonra danışacağıq.
Hələliksə yada salmağa ehtiyac var ki, Kuba hazırda qərb yarımkürəsində yeganə sosialist ölkəsidir. İdarəçilik üsuluna görə sosialist respublikasıdır. Tarixi mübarizələrlə zəngin olan bu nəhəng ölkənin bəzi sirləri onun bayrağının rənglərində gizlənib. Kubanın bayrağındakı üç mavi zolaq 19-cu əsrin ortalarında adanın üç hissəyə bölünməsini əks etdirir. İki ağ zolaq azadlıq uğrunda mübarizə aparanların saf niyyətinin simvoludur. Bərabərtərəfli üçbucaq isə inqilabçıların azadlıq, bərabərlik və qardaşlıq ideallarının rəmzidir. Üçbucağın qırmızı rəngi Kubanın azadlığı uğrunda tökülən qanı ifadə edir. Ağ ulduz isə tamamilə bərqərar olan azadlığın ifadəsidir. Azadlıq və müstəqillik uğrunda mübarizədən əhalinin sayına gəlsək, rəqəmlər Kubada 11 milyondan bir qədər çox insanın yaşadığını təsdiqləyir. 2 milyondan artıq insanın məskunlaşdığı Havana Kubanın ən böyük şəhəridir. Havana əvvəlcə nisbətən cənubda salınıb, daha sonra şimala — limana doğru köçürülüb. Ölkənin paytaxtı müqəddəs Kristofor Havanın adını daşıyır.
Havanadakı İnqilab meydanı paytaxtın ən iri meydanlarındandır və insan buranı gəzməkdən xüsusi zövq alır. Meydandakı 130 metr hündürlüyündəki abidə milli qəhrəman Xose Martinin şərəfinə ucaldılıb. Buradakı heykəlin hündürlüyü 18 metrdir. Abidəni hazırlayarkən 20 min ton mərmərdən istifadə ediblər. Hündürlük onun şəhərin nisbətən uzaq yerlərindən də görünməsinə imkan verir. Kubada milli qəhrəmana, ümumiyyətlə tarixə və onu yaradanlara necə bir münasibət olduğunu anlamaq üçün bu möhtəşəmliyə tamaşa etmək kifayətdir.
İnqilab meydanında həm də Havananın ən böyük milli kitabxanası yerləşir. Bu kitabxanada bir çox mərasimlərin keçirilməsi və qonaqların qəbulu da adət halını alıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə Kubada Azərbaycan Mədəniyyəti Günləri keçirilərkən bu möhtəşəm mərasimin açılışı da məhz bu kitabxanada olmuşdu.
İnqilab meydanındakı binalar əsasən 20-ci əsrin 50-ci illərində tikilib. Meydandan bir qədər aşağı düşəndə insanı şıltaq Atlantik okeanı qarşılayır. Bayaq haqqında danışdığımız və tez-tez müşahidə olunan küləklə boğuşub şaha qalxan ləpələr, su basmış küçələr buraya müvəqqəti gələnlər üçün heyranedici bir mənzərədir. Kubalıların artıq buna öyrəşməsi də göz qabağındadır. Bu qorxulu mənzərə onların çoxunun necə deyərlər tükünü belə tərpətmirdi.
Sahil boyu gəzirik və öyrənirik ki, bura sadəcə okeanın sahili deyil, Havananın ən məşhur yerlərindən biri — Malikondur. Malikon həm tarixi abidələr və heykəllərlə, həm də çoxmərtəbəli binalarla diqqət çəkir. Tarixi abidələrdən danışmamışdan bəzi faktları yada salaq. Kubanın ərazisi 14 əyalətə və 1 bələdiyyəyə bölünür. Bura ilk dəfə gələnlərin diqqətini çəkən cəhətlərdən biri əhalinin tərkibidir. Ölkəni gəzərkən qaradərililərə də, ağdərililərə də, mulatlara da rast gələ bilərsən. Yəni küçələrdə qarşına, necə deyərlər, hər rəngdə insan çıxa bilər. Rəsmi statistikaya görə, əhalinin 65,05 faizini avropalılar, xüsusilə ispanlar təşkil edir. Qalan faizlərə gəlincə, əhalinin 10.8 faizi afrikalı, 23.84 faizi mulatlar, 1 faizdən bir az çoxu isə çinlilərdir. 19-cu əsrin sonlarında Afrikadan Kubaya 1 milyon zənci gətirildiyi də faktdır.
Maraqlı bir cəhət budur ki, Kubada vətəndaşlıq məsələsini özünəməxsus bir yolla həll ediblər. Kim Kubada doğulubsa və doğulursa, o, kubalıdır. Sözsüz ki, burada söhbətləşdiyin hər kəs kubalı olmağın şərəfindən danışır və danışacaq. Amma onların çoxu sosializmin və bir çox başqa amillərin gətirdiyi bəlalardan bəlkə də bizim qədər xəbərdar deyillər. Yeri gəlmişkən, burdakı bəzi qadağalar insanın canını əməlli-başlı sıxır. 21-ci əsrdə internetdən istifadə imkanlarının demək olar ki, sıfıra bərabər olması və bu imkanın yalnız dövlət orqanlarına verilməsi ürək ağrıdan faktdır. Gizli polisin nəzarəti, beynəlxalq telefon əlaqələrinin çətinliyi və s. bizə və dünyanın əksər xalqlarına artıq yad olan cəhətlərdir.
Bütün bunların fonunda kubalıların sakit, sadə və səmimi olması nəzərdən qaçmır. Xüsusilə bələdçilər ölkələrinin tarixini, abidələrini, məşhur siqarlarını bizə sevə-sevə mədh edirdilər. Amma insafən demək lazımdır ki, burada inkişaf etmiş və beynəlxalq əməkdaşlıq üçün sərfəli sahələr var. Məsələn səhiyyə sahəsi kimi. Kubanın səhiyyə sisteminin dünyada ən yaxşılar sırasına daxil olması çoxdan təsdiqini tapıb. Kuba Latın Amerikasında uşaq ölümü səviyyəsinin aşağı olmasına görə birinci yerdədir. Bu elə də kiçik fakt deyil.
Kubanın, xüsusilə Havananın özünəməxsusluğunu unutmadan başqa bir faktı deməliyik ki, 1959-cu il inqilabından sonra Amerikanın blokadaya saldığı ölkədəki iqtisadi vəziyyəti anlamaq üçün araşdırma aparmağa və ya rəqəmlər səsləndirməyə elə də ehtiyac yoxdur. Binalara, maşınlara, gecələr küçələrin işıqlandırılmasına və işıq dirəklərinə baxmaq kifayətdir.
Aldığımız məlumata görə, son on ildə Havanada bərpa işlərinə start verilib və bəzi binaların təmirinə başlanıb. Görünən odur ki, təkcə Havana kimi bir şəhərin gözəlliyinin özünə qaytarılması milyonlarla dollar vəsait tələb edir. İqtisadi əlaqələrin yavaş-yavaş genişlənməsi nəzərə alınarsa, bu işdə işıq ucunun göründüyündən danışmaq olar. Hazırda Kuba Çin və Venesuela ilə iqtisadi əlaqələrini xeyli genişləndirib. Bu sırada Rusiya və Azərbaycanın da adını çəkmək olar.
İnkişaf etmək və əlaqələri genişləndirmək öz yerində, bizə sovet dönəmindən yaxşı tanış olan Kubanın indiki vəziyyəti ilə tanışlıq da maraqsız deyil. Bu ölkənin tarixində diqqətçəkən məqamlar çoxdur. Kubaya yolunuz düşsə, Havanadakı Elmorro qalasını ziyarət etmədən geri dönməyin. Bu məşhur Havana sahili Malikondan başlayaraq Atlantik okeanın sahili boyunca uzanan tarixi abidə, daha doğrusu qaladır. Bu qalada Kubanın keşməkeşli tarixinin sirləri yatır və bu sirlər okeanın dəli dalğalarına hər gün sinə gərməli olur. Elmorro qalasının tikintisinə 1589-u ildə start verilib və tikinti 1630-cu ildə başa çatdırılıb. Qalanın memarı əslən italyan olan hərbi memar Antonelli olub. Əvvəllər bu qalanın yaxınlığında başqa bir qala da olub və onların arasında zəncir varmış. Hər axşam saat 8 tamamda zəncir bağlanar və Havananın təhlükəsizliyinə təminat verilərmiş. Elmorro qalasını ziyarət etmək istəyənlər 1 peso ,Azərbaycan pulu ilə təxminən 80 qəpik ödəməlidirlər. Qalanın qapısı yaxınlığında isə Amerika ilə müharibədə qəhrəmanlıqla vuruşan Venesuela generalı Mirandanın şərəfinə heykəl ucaldılıb. Heykəl 5 il əvvəl ucaldılıb. Qeyd etməliyik ki, Elmorro qalası kubalıların böyük mübarizə tarixinin yadigarıdır.
Elmorro qalasını ziyarət edərkən xırda ticarətlə məşğul olan kubalıların cibinə də bir balaca xeyir verə bilərsən. Burada əsasən əl işləri satılır. Onlar zinət əşyaları və xırda suvenirlərdir. Qiymətləri isə 1 peso ilə 25 peso arasında dəyişir. Amma turistlərin əsas marağının təminatı qalanın içərisində — məşhur Triada kafesindədir. O qədər də böyük olmayan Triada kafesində həm dincəlmək və əylənmək, həm də alver etmək imkanı var. Bizim diqqətimizi kofe və siqar çəkirdi. Bu da Kuba siqarları-rəngbərəng, çeşid-çeşid. Burada istənilən qiymətə siqar tapa bilərsən. Triada kafesində ən ucuz siqarın qiyməti 5 dollar 75 sent, ən baha siqarın qiyməti isə 203 dollardır. Daha maraqlı fakt odur ki, dünyanın ən uzun siqarı da məhz Triadada saxlanır. Həm də tavanda. Dünyanın ən uzun siqarını hazırlayan kubalı Ginnesin Rekordlar kitabına düşüb. Onun adı Xose Kastalardır və bu məşhur kubalı ilə də məhz burada — Triada kafesində görüşdük. Xose Kastaların uzun siqar düzəltmək sahəsində 4 dünya rekordu var. 1-ci siqarı 2001-ci ildə düzəldib və onun uzunluğu 11 metr olub. 2002-ci ildə 14 metr, 2005-ci ildə isə 20 metr 41 sm uzunluğunda siqar hazırlayıb. Sonuncu ən uzun siqar isə 2008-ci ildə 45 metr 35 sm uzunluğunda düzəldilib və onun müəllifi də məhz Xose Kastalardır. Kastalar deyir ki, bundan sonra da neçə-neçə rekordlara imza atmaq istəyir və düşünür ki, dünyanın ən uzun siqarının müəllifləri heç bir vaxt başqa millətin nümayəndəsi olmamalıdır.
Yada salaq ki, şəkər, kofe və tütün Kuba iqtisadiyyatının əsasını təşkil edir. Məşhur Kuba siqarı bu ölkə üçün gəlir mənbəyi və dünyada tanınmaq üçün bir vasitədir. Siqar həm də kimlər üçünsə zövqün bir parçasıdır.
Elmorro qalasından qayıdarkən keçdiyimiz tunel də insana bir parça da olsa zövq verir. Fransızların inşa etdiyi tunelin uzunluğu 700 metrdir.
Havananın görməli yerlərindən biri Kapitoli binasının yerləşdiyi küçədir. Qısa bir müddətdə tikilən bu bina memarlıq üslubu ilə diqqət çəkir. Bir əsrə yaxın yaşı olan Kapitolidə 1959-cu ilə qədər Senat və Parlament yerləşib. Daxili Vatikan üslubunda olan Kapitolinin içərisi ilə tanış olmaq istəyənlər 1 peso ödəməklə bu şərəfə nail ola bilərlər. Gözəlliyi və möhtəşəmliyi ilə yadda qalan Kapitoli binasının yerləşdiyi küçədə binaların qədimliyi deyil, köhnəliyi nəzərə çarpır.
Burada insanın fikrini köhnə binalar və köhnə maşınlardan yayındıran Qarsiya Lorka adına Opera və Balet teatrıdır. Teatrın binası 1834-cü ildə tikilib .
Kubanın adamları haqqında da danışmağa dəyər. Sadə, gülərüz, mehriban — bu kəlmələr onları müəyyən qədər ifadə edir. 21-ci əsrdə sosialist ölkəsinin vətəndaşları, onların bəziləri sadəcə taleyi ilə barışmış kimi görünürlər. Bəlkə də bu sakitliyin arxasında sahilində yaşadıqları ümmanın ləpələri kimi zamanını gözləyən çılğınlıq da var. Ola bilər. Amma əl boyda taksilərin sürücüsündən tutmuş məktəbliyə qədər görüşdüyümüz insanların demək olar ki, hamısı sadəliyi və mehribanlığı ilə yadımızda qaldı. Bir də ki, daxili rahatlıq və müstəqillik, ətrafdan asılı olmamaq xüsusiyyətləri də nəzərləri cəlb edirdi.
Bəzi kubalıların Azərbaycan haqqında təsəvvürləri və məlumatları da az deyil. Nəzərə alaq ki, sovet dövründə onların bir qismi Bakıda təhsil alıb, Bakıda evlənib, Bakıda doğulublar. Azərbaycanda təhsil alan kubalılar bizdən Qız qalasını soruşurdular. Onlar bu tarixi abidənin yerində qalıb-qalmaması ilə maraqlanırdılar. Yaddaşlarında qalan əsas söz isə “çox sağ ol” idi.
Sonrakı günlərdə Kuba ilə tanışlığımız mərkəzdən uzaqlarda davam etdi. Yollar bizi əyalətə aparırdı. Matanzas yaşıllıqları ilə göz oxşasa da miskin idi ki miskin. Yolüstü əyləncə dolu kiçik bir məkanda Kubanın məşhur ananas şirəsinin hazırlanma prosesini müşahidə etdik.
Matanzas Kubanın əyalət şəhərlərindən biridir və okeanın sahilində yerləşir. Kubanın milli bayrağı ilk dəfə məhz Matanzasda dalğalanıb. 1850-ci ildə bir qrup kubalı ispan müstəmləkə hakimiyyətinə qarşı mübarizəyə qalxdığı dövrdə Matanzasın Kardenas şəhərində ilk dəfə Kubanın milli bayrağı ucaldılıb. Qalstukları ilə bizi keçmişimizə və xüsusilə uşaqlığımıza qaytaran məktəblilərlə də Matanzasda görüşdük. Onlar təhsillərindən ağızdolusu danışırdılar. Qalstukları isə həm qırmızı, həm də göy rəngdə idi. Deyirdilər ki qırmızı qalstuk bayrağımızın və azadlığımız rəngini əks etdirir. Onu adi dərs günlərində taxırlar. Göy rəngli qalstuk isə rəqs dərslərində taxmaq üçündür.
Kubada təhsil yüksək səviyyədədir və pulsuzdur. Məktəblilər 12 il oxuyurlar. Ölkədə ümumilikdə 50 ali təhsil mərkəzi var. Matanzasın lap yaxınlığında Kuba turizminin canı hesab olunan Varadero yerləşir. Varadero başqa bir aləmdir. Kubalılar Varaderodan danışanda “dünyanın ən gözəl çimərliyi buradadır” deyirlər. Bu həqiqətən də belədir. İnsana elə gəlir ki, bura sonsuzluğa qədər uzanır və xüsusi romantikası var.
Kubaya səfərimiz yazın əvvəllərinə düşmüşdü. Bəlkə də havanın mülayimliyindən çox bu gözəllik insanları cəlb etmişdi ki, sahildə belə qələbəlik idi.
Varadero kurort şəhəridir və ölkəyə kifayət qədər gəlir gətirir.
Varaderonun əhalisi 20 mindir və buranın 30 km-lik sahil zolağının olması da başqa bir gözəllik yaradır. Bu əsrarəngiz məkandan turistlərin əliboş qayıtmaması üçünsə bütün imkanlardan istifadə edilib. Qiymətlər elə də baha deyil. Burdan hətta 3-5 pesoya da gözəl bir hədiyyə almaq olar. Varaderoya və ümumiyyətlə, Kubaya yolunuz düşsə, özünüzlə dollar yox, avro aparmağınız məsləhətdir. Ona görə ki, dolları pesoya dəyişərkən sizə 100 dollar əvəzinə 80 dollara bərabər peso verəcəklər. Yəni sizi dolayısıyla deyil, elə birbaşa 20 dollar cərimə edəcəklər. Bu, kubalıların Amerikaya və onun pul vahidini istifadə edənlərə etirazıdır. Yeri gəlmişkən Varadero şəhəri Kubanın Amerika Birləşmiş Ştatlarına ən yaxın ərazisidir. Başqa bir maraqlı fakt budur ki, artıq neçə illərdir ki, bu turizm şəhərində neft yataqları tapılıb. Amma Kuba hökuməti ondan istifadə edib-etməməkdə hələ ki qərarsızdır. Ola bilər ki, Varadero neftdənsə turizmdən daha çox mənfəət əldə edir. Nə qədər ki bu hesablama aparılmayıb və ya hər hansı qərar verilməyib, hökumətin seçim qarşısında qalması davam edəcək.
Çox qəribədir, musiqiçiləri, şahmatçıları, siyasi xadimləri ilə dünyada tanınan Kubanı görmək, iqtisadi blokadanın bu ölkə üçün yaratdığı çətinliklərə, hətta mən deyərdim bəzən miskinliyə yaxından tamaşa etmək, ümumiyyətlə heç bir şey insanın yaddaşındakı ən böyük fikri dəyişdirməyə qadir deyil...
Müəllif: Vəsilə Vahidqızı
 
 

0 şərh